Məhkəmə qərarları › İş №2(049)-2561/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2561/2024

01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2561/2024 01.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “NDM 034973 nömrəli akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, NDM 034973 nömrəli akt əsasında hesablanmış 839 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və **********00834 nömrəli kod üzrə elektrik istehlakçısıyam. Yaşadığı evin öz elektrik xətti və sayğacı vardır. O, həmişə də mütəmadi olaraq elektrik pulunu vaxtı-vaxtında ödəmişdir. Elektrik sayğacı evinə çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. "xxxx" ASC-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar və heç bir problem də olmamışdır. 2024-cü ilin mart ayında ona 839 manat borcunun olması barədə bildiriş verilmişdir. O, bir ay ərzində bu qədər elektrik enerjisi borcu yaranmasının yanlış olduğunu düşünüb bunu aradan qaldırmaq üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 Təchizatı və Satışı İdarəsinə getmişdir. Həmin təşkilatda ona xx.xx.2024-cü il tarixdə akt yazıldığını və 839 manat cərimə borcunun olunduğunu bildirmişlər. Cərimə borcunun hansı səbəbdən yarandığını soruşanda guya onun istifadə etdiyi hesabat sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın giriş, faza və sıfır sıxaclarına əlavə naqil qoşmaqla sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Kənar naqilin en kəsiyinin ölçüsü 2x6 mm, aliminium naqil P-7,9 kvt təşkil edir. Halbuki, onun yaşadığı evdə heç vaxt sayğacdan kənar elektrik xətti olmamış, sayğaca hər hansı müdaxilə edilməmiş və sayğac zədələnməmişdir. Bundan başqa "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onu həmin aktla tanış etməmişlər və onun belə bir aktın olmasından məlumatı olmamışdır. Yanlız böyük çətinliklə həmin aktın surətini onlardan ala bilmişdir. Hesab edir ki, həmin akt qanunsuzdur. Ona görə də cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli NDM 034973 nömrəli akt əsasında hesablanmış 839 manat cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini, onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclaslarında tədqiq edilmiş: 18 yanvar 2024-cü il tarixli, NDM 034973 №-li aktdan görünür ki, Lənkəran rayonu, Girdəni kəndində yaşayan abonent kodu **********00834 olan İddiaçı məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacın giriş faza və (0) sıfır sıxaclarına əlavə naqil qoşmaqla sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Kənar naqilin en kəsiyinin ölçüsü 2x6 mm alüminium naqildir. Kənar xətt ləğv olunsun. 18 yanvar 2024-cü il tarixli, NDM 034973 №-li akta əsasən aparılmış hesabatdan görünür ki, 1.32 kvt x (0,7) x 24 saat x 365 gün) = 8094 kvts zərər hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, Lənkəran rayonu, Girdəni kəndində yaşayan İddiaçı 18 yanvar 2024-cü il tarixli, NDM 034973 №-li akta əsasən 908,69 manat borc hesablanmış, mübahisələndirilən akt yazılmamışdan əvvəl axırıncı dəfə abonentə verilən elektrik enerjisinin qeydə alan sayğacın göstəriciləri xx.xx.2024-cü il tarixdə götürülmüşdür. Məhkəmə iclası zamanı CD-yə baxış keçirilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin nümayəndələrini izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, mübahisənin həlli baxımından aşağıdakı iki halın araşdırılması əhəmiyyət kəsb edir. 1) iddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edib-etməyib, 2) həmin hal təsdiqini tapdıqdan sonra digər məsələ - bunun müddətinin 365 gün olması. Hansı ki, həmin hallar iddiaçının tələbinin əsaslarını təşkil edir. Göstərilən birinci hal, yəni sayğacdan kənar elektrik enrjisindən istifadə edilməsi iş materiallarında olan 18 yanvar 2024-cü il tarixli, NDM 034973 №-li akt, məhkəmə iclasında CD-yə baxış keçirilməklə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə tərəfindən birinci hal, yəni sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Tərəflər arasında mühabisənin ikinici halı, yəni iddiaçının elektrik enerjisindən qeyriqanuni istifadə edilməsi müddətinin 365 gün olması barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından cavabdeh sübut etməlidir ki, iddiaçının elektrik enerjisindən qeyriqanuni istifadə edilməsi müddəti 365 gün olmuşdur. Əksinə, iş materiallarında olan mübahisələndirilən akt yazılmamışdan əvvəl sonuncu dəfə abonentə verilən elektrik enerjisinin qeydə alan sayğac oxunmuş və göstəriciləri xx.xx.2024-cü il tarixdə götürülmüşdür. Həmin vaxt hər hansı bir nöqsan aşkarlanmamışdır. Əgər bunun əksi baş vermiş olsaydı, hazırki vəziyyətdə olduğu kimi elə həmin vaxt bununla bağlı akt yazılardı. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi müddəti kimi 6 gün (sayğaca sonuncu baxışdan akt yazılan tarixədək olan dövr) üçün hesabat aparılmalı (365 gün üçün = 908,69 manat; 908.69 : 365 gün = 1 gün üçün 2,48 manat; 6 gün üçün x 2.48 = 14.88 manat), qalan müddət üçün hesablanmış borc silinməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 18 yanvar 2024-cü il tarixli, NDM 034973 №-li akt əsasında hesablanmış 839 manat borcdan 824,12 manat hissəsi silinsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar