Məhkəmə qərarları › İş №2(049)-2586/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2586/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2586/2023 20.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu, İddiaçı X2 qarşı «maddi ziyan» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı X2 qarşı təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 178-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, ona və ailəsinə dəymiş maddi və mənəvi zərərin ekspert qrupu tərəfindən qiymətləndirilərək təqsirləndirilən şəxs tərəfindən ödənilməsi, onun və ailə üzvlərinin təhlükəsizliyinin müvafiq dövlət qurumları tərəfindən təmin edilməsi, əks halda ona və ailəsinə qarşı təhdid, təhqir, şantaj olarsa məsuliyyətinin cavabdeh dövlət qurumlarının daşıyacağı barədə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İddiaçı tərəfindən ünvanlanmış ərizədən görünür ki, onun tələbi şəxsin cinayət məsliyyətinə cəlb edilməsi ilə bağlıdır ki, həmin məsələyə də mülki-məhkəmə icraatı qaydasında deyil, hüquq mühafizə orqanları tərəfindən cinayət-mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsində qeyd olunur ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Hazırki iddia ərizəsindən görünür ki, İddiaçı ərizəsində özünün yaşadığı ünvanı dəqiq göstərməmiş (yaşadığı küçə qeyd olunsa da, hansı şəhərdə yaşaması məlum deyil), özünün, habelə X1 şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları (şəxsiyyət vəsiqəsində qeyd olunan fin nöməsini) qeyd etməmiş, X3 isə cavabdeh kimi deyil, təqsirləndirilən şəxs kimi göstərmişdir. Halbuki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən həmin hallar iddia ərizəsində mütləq şəkildə qeyd olunmalıdır. MPM-nin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan prosessual hüquq normasının tələbi baxımından hesab edirəm ki, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 36 manat iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X2 qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 35 manat İddiaçı geri qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar