Məhkəmə qərarları › İş №2(049)-2616/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2616/2023

22.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2616/2023 22.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və qanunsuz hesablanmış 1902.40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır və həmin evin təbii qaz istehlakçısıdır. Evinin qaz sayğacı mərhum atası Müzəffər Əskərovun adınadır və atası xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda təsərrüfata o rəhbərlik edir, bütün kommunal ödənişləri özü ödəyir və qaz sayğacı da onun adınadır. Onunla Azəriqaz X1 RQİİ ilə arasında 56747 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi də bağlanmışdır. xx.xx.2018-ci il tarixdə "Azəriqaz" X1 X3 İdarəsinin əməkdaşları onun yaşadığı ünvanda olmuş və qaz sayğacına texniki baxış keçirdikdən sonra sayğaca yeni plomb vurub bu barədə akt tərtib etmişlər. Daha sonra xx.xx.2018-ci il tarixdə "Azəriqaz" X1 RQİİ işçiləri yaşadığı ünvana gəlib sayğaca baxış keçirmişlər, sonra sayğacın dəyişdirilməli olduğunu bildirmişlər. Bundan sonra sayğac yenisi ilə əvəz edilmiş və həmin akta mühəndis S.İsmayılov, çilingər N.Səfərov və abonent qismində Elşən Əsgərov adlı şəxs (Lerik rayonundan onların evinə qonaq gəlmiş və bu məsələ ilə bağlı məlumatı olmayan şəxs) imza etmişdir. Halbuki, sayğac dəyişdirilərkən onun vəziyyəti ilə bağlı akt tərtib edildiyi zaman hal şahidlərinin iştirakı mütləqdir. Çıxarılıb aparılan sayğacın texniki vəziyyəti, kənardan fiziki təsirə məruz qalması, ümumiyyətlə, bu sayğaca hər hansı bir müdaxilənin olub-olmaması barədə heç bir sübut yoxdur, həmçinin, onun tərəfindən və ya digər hal şahidləri tərəfindən imza olunan bir akt mövcud deyildir. Tərtib edilən aktda isə bunlarla bağlı hər hansı bir qeyd aparılmamışdır. Bundan sonra ona xx.xx.2018-ci il tarixli məktub təqdim edilmiş və həmin məktubda 3536 kub metr itirilmiş qaza görə borc hesablandığı göstərilmişdir. O, məktubu aldıqdan sonra Lənkəran RQİİ-nə getmiş, bunun səbəbini soruşmuşdur. Orada ona kənar təsir nəticəsində sayğaca müdaxilə olunduğundan həmin məbləğdə debitor borcun hesablandığını bildirmişlər. Bu barədə xx.xx.2018-ci il tarixdə yeni akt tərtib olunmuşdur. Aktın surətini aldıqdan sonra görmüşdür ki, onun barəsində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib etmişlər və həmin akta mühəndis Elvin Əzimov, texnik Aydın Babayev və mühəndis Sehman İsmayılov imza etmiş, istehlakçı tərəfindən isə guya Müzəffər Əsgərov adlı şəxs akta İmza etməkdən imtina etmişdir. Halbuki, atası Müzəffər Əsgərov xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan bu hal da özü-özlüyündə aktın əsassız və qanunsuz olmasını təsdiq edir. O, öz qaz sayğacına heç bir müdaxilə etməmiş, həmçinin, sayğac dəyişdirildiyi vaxt onun hər hansı bir qüsuru olmamış, aktda da qeyd olunduğu kimi sadəcə müdaxilə ehtimalı ilə dəyişdirilmişdir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Fiziki şəxs olan istehlakçı qaz sayğacına cavabdeh deyildir. Əgər onun təqsiri üzündən qaz sayğacı zədələnirsə onda bu təqsirin hüquqi əsası göstərilməli və ona sübut edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası qanunvericiliyinə, qazdan istifadə qaydalarına, digər normativ-hüquqi sənədlərə əsasən evinin qaz xətti üzərindən çıxarılmış qaz sayğacı ilə bağlı yazılmış aktlar və hesablanmış cərimə məbləği qanunsuz və əsassızdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbinin həcmini azaldaraq və tələbdə dəqiqləşmə apararaq “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında onun hesabına işlənmiş 9288 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1902.40 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, onunla “Azəriqaz” X1 X4 İdarəsi arasında qazın alqı-satqısı barədə müqavilə xx.xx.2020-ci ildə bağlanmışdır. O və həmçinin ailə üzvləri qaz sayğacına heç bir müdaxilə etməmiş, istifadə etdiyi təbii qazın dəyərini həm köhnə, həm də yeni sayğac göstəricilərinə uyğun olaraq mütəmadi olaraq ödəmişdir. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Lakin nəzarətçi belə bir qüsur aşkar etməmişdir. xx.xx.2018-ci il tarixli aktla heç bir qanuni əsas olmadan istehlakçı kimi Müzəffər Əskərovun adı qeyd edilməklə akt tərtib edilmiş, həmin akta əsasən 9288 kub metr itirilmiş təbii qaz onun hesabına yazılaraq 1902.40 manat miqdarında debitor borc hesablanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən onun hesabına işlənmiş 9288 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1902.40 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırılması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surəti, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli 56747 nömrəli müqavilənin, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2015-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktların, təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamənin surətləri, xx.xx.2018-ci il tarixli müraciət cavab məktubu, abonentin saldosundan xx.xx.2018-ci il və xx.xx.2023-cü il tarixə aid çıxarışlarla müəyyən edildi ki, “Azəriqaz” İB-nin Lənkəran X4 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair xx.xx.2018-ci il tarixli akt tərtib edilərək G-4T markalı ******* nömrəli sayğac çıxarılıb yeni sayğacla əvəz edilmiş və əvvəlki sayğac növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktda sayğacın hesablama mexanizminin qapağına vurulan plombun kəsildiyi, qaz itkisinin olduğu qeyd edilmişdir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt əsasında xx.xx.2018-ci il tarixli qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 9288 kub metr müəyyən edilmiş, həmin miqdarda təbii qazın dəyəri olaraq 1857.60 manat debitor borc hesablanaraq borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Hazırda iddiaçı “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2018-ci il tarixli qərar əsasında onun hesabına işlənmiş 9288 kub metr itirilmiş təbii qazın və onun dəyəri olaraq 1902.40 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlara, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2018-ci il tarixli ******* nömrəli akta, abonentin saldosuna, AZ-İ 854174 nömrəli ölüm haqqında şəhadətnaməyə istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını, sayğaca ən geci ayda bir dəfə nəzarətçi tərəfindən baxış keçirildiyini, lakin nəzarətçinin də belə bir qüsur aşkar etmədiyini bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilməklə həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İstehlak edilmiş təbii qazın dəyəri də istehlakçı tərəfindən vaxtaşırı olaraq ödənilmişdir. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmiş, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən xx.xx.2018-ci il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 9288 kub metr itirilmiş təbii qaz və onun dəyəri kimi hesablanmış debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iddiaçının hesabına işlənmiş 9288 kub metr itirilmiş təbii qazın dəyərini müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki iddiasında ondan tələb edilən itirilmiş təbii qazın dəyərinin 1902.40 manat olduğunu qeyd etsə də, iş materiallarında olan abonentin saldosu üzrə xx.xx.2018-ci il tarixə aid çıxarışdan və xx.xx.2018-ci il tarixli müraciətə cavab məktubundan müəyyən edilir ki, 1902.40 manat məbləğin 1857.60 manatdan ibarət hissəsi akt əsasında hesablanmış itirilmiş təbii qazın dəyəri kimi, qalan hissəsi isə təbii qazdan istifadəyə görə ödənilməmiş debitor borc kimi hesablanmışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, itirilmiş təbii qazın dəyəri kimi silinməli olan borcun miqdarı 1857.60 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 38.57 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2018-ci il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 9288 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1857.60 manat debitor borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 38.57 manat dövlət rüsumu məbləği cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar