Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2635/2023 17.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında abonentin saldosu üzrə hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu Tükəvilə kəndində yaşayır. Yaşadıqları evə qaz sayğacı uzun müddət əvvəl çəkilmiş, həmin vaxt qaz sayğacı əvvəlcə həyətin içərisində, daha sonra isə çıxarılaraq küçədə quraşdırılmışdır. O, xəstə olduğu üçün bir müddət əvvəl Bakı şəhərinə getmiş və uzun müddətdir ki, orada yaşayır. Lənkəran rayonundakı evdə yaşadığı vaxtlarda istifadə etdiyi təbii qazın dəyərini həmişə mütəmadi olaraq vaxtlı-vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə, o özü evdə olmadığı vaxtda Qaz istismar İdarəsinin işçiləri gəlib köhnə sayğacı sökərək yenisi ilə əvəz etmişlər və bu barədə həmin tarixdə ******* nömrəli akt tərtib etməklə həmin akta onun qohumu Asəf Kəlbiyevə imza etdirmişlər. Qeyd olunan aktın sonunda qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələrin təzyiq altında sabun köpüyü ilə yoxlanıldığı, heç bir sızmanın aşkar edilmədiyi, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi göstərilmişdir. Həmin vaxt qaz sayğacına baxış keçirilmiş və onda heç bir qüsur aşkar edilməmiş, eyni zamanda, aktda sayğacın toxunulmazlığına cavabdeh şəxs kimi heç kimin adı yazılmamışdır. Həmin vaxtdan sonra keçən müddət ərzində Qaz istismar İdarəsinin əməkdaşları mütəmadi olaraq gəlib sayğacı yoxlamış və sayğacla əlaqədar heç vaxt heç bir problem olmamışdır. Daha sonra məlum olmuşdur ki, həmin sayğac “Azəriqaz” İstehsalat Birliyinin laboratoriyasında yoxlanılarkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmiş, bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında onun hesabına 1036,80 manat debitor borc yazılmışdır. Halbuki, qaz sayğacı Qaz istismar İdarəsinin işçiləri tərəfindən küçədə quraşdırılmış, onun və ailə üzvlərinin tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Sayğacın xx.xx.2022-ci il tarixdə küçədə quraşdırılmasından sonra həmin müdaxilənin olduğu qeyd edilən aktın tərtib edildiyi xx.xx.2022-ci il tarixədək keçən 8 gün müddət ərzində o və ailə üzvləri, ümumiyyətlə, evdə olmamışar. Qeyd edilən aktda sayğaca baxış keçirilərkən guya onun da aktın tərtib edilməsində iştirak etdiyi göstərilsə də, qeyd etdiyi kimi, həmin akt tərtib edilərkən o, ümumiyyətlə, Lənkəran rayonunda olmamışdır. Hesab edir ki, X1 İstismar İdarəsinin onun barəsində tərtib etdikləri aktı əsassız və qanunsuzdur. Ona görə də xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsini və həmin akt əsasında abonentin saldosu üzrə hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə gəlməmiş, onun nümayəndəsi Nümayəndə məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının məhkəməyə gəlməməsinin səbəblərini üzürlü hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbinin həcmini azaldaraq və tələbdə dəqiqləşmə apararaq “Azəriqaz” İB tərəfindən onun barəsində verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İddiaçı qardaşıdır. Bacısı uzun illərdir ailəsi ilə birlikdə Lənkəran rayonundan kənarda yaşayır və o, bacısının Lənkəran rayonu Tükəvilə kəndində yerləşən evinə mütəmadi olaraq nəzarət edir. Bacısı hərdənbir evinə gəlir, ancaq, demək olar ki, evdə yaşayış yoxdur. Evin qaz sayğacı küçə ərazisində yerləşir. Sayğaca heç bir müdaxilə edilməmiş, istifadə olunmuş təbii qazın dəyəri sayğac göstəricilərinə uyğun olaraq mütəmadi olaraq ödənilmişdir. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Lakin nəzarətçi belə bir qüsur aşkar etməmişdir. xx.xx.2022-ci il tarixli aktla heç bir qanuni əsas olmadan 8640 kub metr təbii qaz sərfiyyatı hesablanmış və həmin sərfiyyata görə 1036.80 manat miqdarında debitor borc daxil edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırılması zamanı iddiaçının nümayəndəsinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli aktın, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətləri, abonentin saldosundan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixə aid çıxarışlar, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Separadi İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 12-3/53 nömrəli arayışı ilə müəyyən edildi ki, “Azəriqaz” İB-nin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Tükəvilə kəndində iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli akt tərtib edilərək G-4T markalı 10057860 nömrəli sayğac çıxarılıb yeni sayğacla əvəz edilmiş və əvvəlki sayğac növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyi, sayğacın istismara yararsız olduğu, itirilmiş qazın bərpa edilməsi qeyd edilmişdir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt əsasında xx.xx.2022-ci il tarixli qərara əsasən iddiaçının evinin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 8640 kub metr müəyyən edilmişdir. Hazırda iddiaçı “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta, təbii qazdan istifadə qaydalarının pozulması barədə akta, abonentin saldosuna və qeydiyyat ünvanına dair arayışa istinad edərək Lənkəran rayonu Tükəvilə kəndində qeydiyyatda olsa da, həmin ünvanda daimi olaraq yaşamadığını, bununla belə, Lənkəran rayonu Tükəvilə kəndində yerləşən evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını, sayğaca ən geci ayda bir dəfə nəzarətçi tərəfindən baxış keçirildiyini, lakin nəzarətçinin də belə bir qüsur aşkar etmədiyini bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının evinin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı 10057860 nömrəli sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilməklə həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı 10057860 nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən 1036,80 manat debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmiş, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının evinin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı 10057860 nömrəli sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 30.36 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 30.36 manat dövlət rüsumu məbləği cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-2635/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2635/2023
17.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver