Məhkəmə qərarları › İş №2(049)-2643/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2643/2023

06.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2643/2023 06.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi etibarnamə üzrə nümayəndəsi vasitəsilə məhkəməyə müraciət edərək xx.xx.1981-ci il tarixdə doldurulmaqla, X1 adına yazılmış ИТ-İ ******* (İT-İ 0282655) nömrəli əmək kitabçasının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbulundan imtina olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi Rusiya Federasiyasının vətəndaşı olmaqla, Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Bolşevikov prospekti ev 8, korpus 2, mənzil 84 ünvanında yaşayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmasını və Lənkəran rayonu ərazisində qeydiyyatda olmasınıı təsdiq edən şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim etməmiş, iş materialları ilə isə onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı və Lənkəran rayonu ərazisində qeydiyyatda olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, ərizəçi hazırki tələb üzrə məhkəməyə xüsusi icraat qaydasında (ərizə ilə) müraciət etmiş, lakin hansı orqanın maraqlı tərəf kimi işə cəlb edildiyi ərizədə göstərilməmiş, bununla da iddia ərizəsinin (ərizənin) qanunvericilikdə nəzərdə tutulmuş formasına riayət edilməmişdir. Ərizədə qeyd olunan tələb əmək fəaliyyətinə dair hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı olduğundan, həmin tələb üzrə qeyd olunan sənədi vermiş orqan (və ya həmin orqan hazırda mövcud olmadığı təqdirdə, onun bazası əsasında sonradan yaradılmış qurum) maraqlı tərəf qismində çıxış edir. Buna baxmayaraq hazırki iş üzrə hər hansı orqan maraqlı tərəf qismində işə cəlb edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizəçi isə lazımi sənədləri məhkəmədənkənar ala bilməsinin mümkünsüzlüyünü təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Qeyd olunan əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, ərizəçiyə və onun nümayəndəsinə izah edilir ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki tələblə bağlı ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət etməklə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 37, 152, 263, 264, 266-268, 307, 309-cu maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar