Məhkəmə qərarları › İş №2(049)-2644/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2644/2023

04.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2644/2023 04.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu, İddiaçı Cavabdeh xüsusi notariusuna qarşı “payın müəyyən edilməsi, payın ayrılması və vərəsəlik müddətinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Notariat Kontorunun xüsusi notariusuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Lənkəran şəhəri, Koroğlu küçəsi ev 16-da yerləşən 158 kv.m. sahəsi olan 3 otaqlı yaşayış evi və 545.9 ha torpaq sahəsinin ¼ hissəsi payının müəyyən edilməsi, payın ayrılması, və vərəsəlik müddətinin bərpa olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edimiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası, miras mülkdə payın müəyyən edilməsi və miras mülkdən payın ayrılması tələblərinə ayrı-ayrı icraatlarda baxılmalıdır. Həmçinin iddia ərizəsi nəzərdən keçirilərək müəyyən olunur ki, tələb və tələbin yönəldildiyi şəxslərin dairəsi də dəqiq deyildir. Beləliklə də, iddia ərizəsinin forması və məzmununa dair tələblər pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir və 149.2-ci maddəyə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunverciliyə görə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun icraatı mümkündür. Hazırkı iddia ərizəsinin qanunvericilik ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Buna görə də, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müarciət etməyə mane olmaması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152,263,264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh xüsusi notariusuna qarşı “payın müəyyən edilməsi, payın ayrılması və vərəsəlik müddətinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar