Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2668/2024 01.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 291530 saylı aktın etibarsız hesab etməklə, hesablanmış 673.38 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, indiyə qədər evində istifadə etdiyi elektrik enerjisinin dəyərini həmişə ödəmişdir. Heç vaxtı da borcu olmamışdır. Lakin Lənkəran elektrik şəbəkəsinin əməkdaşları ona 673,38 manat cərimə yazıldığını bildirərək onu ödəməyini tələb etmişlər. Əks halda isə evinə gələn işıq xəttini kəsəcəklərini bildirmişlər. O, cərimənin nə vaxtı və hansı səbəbə görə yazıldığını aydınlaşdırmaq üçün Lənkəran elektrik şəbəkəsinə müraciət etmişdir. Oradan ona güya 2023-cü ildə evində kənar xətt olduğunu iddia edərək həmin vaxtı yazdıqları aktın surəti verilib. Onun evində sayğacdan kənar heç bir elektrik xətti olmadığı üçün o, həmin aktla razı olmadığından onlardan aktda qeyd etdikləri kənar xətti ona sübut etmələrini tələb etsə də ona kənar xətlə bağlı heçnə təqdim edə bilmədilər. Başqa hər hansı məlumat vermədikləri üçün də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinə nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin nümayəndəsinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin, tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna aid olan abonentlərə aid xx.xx.2023cü il tarixli № 291530 saylı aktın, abunə haqqında çıxarış ilə müəyyən edildi ki, iddiaçı Lənkəran rayonu, Separadi kəndində yaşayır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin elektrik xəttinə və sayğacına baxış keçirilərək “X1 Qaydaları”na uyğun olaraq elektirik sayğacına baxış keçirən zaman məlum oldu ki, abonent kənar X1 edir. Sayğacdan kənar çəkilən naqilin ölçüsü 2x4 km aliminium iki damarlı naqildir. Tələb: sayğacdan kənar çəkilən xətt ləğv edildi. Həmin aktı "xxxx" ASC-nin əməkdaşları Y.Ədilzadə, A.Minayev, R.Qasımov və C.Səlimov imzalamışlar. Məişət abonentinin həmin aktda imza etməli olduğu qrafa boş qalmış, eyni zamanda, akt hal şahidləri tərəfindən imzalanmamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt üzrə iddiaçının yaşadığı evdə itirilmiş elektrik enerjisinin olması qeyd edilmiş və həmin itirilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi iddiaçıdan tələb edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il tarixli № 291530 saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında onun hesabına işlənmiş 673.38 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi sayğacdan kənar elektrik xəttinə qoşulmadığını və belə bir xəttdən istifadə etmədiyini, yaşadığı evdə X1yə görə hər hansı miqdarda borcu olmadığını, habelə, həmin evdə daimi yaşamasa da, istifadə etdiyi elektrik enerjisinin dəyərini sərfiyyat göstəricilərinə uyğun olaraq mütəmadi olaraq vaxtında ödədiyini bildirir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirmiş və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən hazırki iddia tələbinə etirazların əsası olaraq məhkəməyə yalnız xx.xx.2023-cü il tarixli № 291530 akt təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “X1 Qaydaları”nın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin qaydaların 8.17-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-1-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 8.1-ci bəndində əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli № 291530 saylı akt istehlakçı, yəni hazırki iş üzrə iddiaçı tərəfindən imzalanmamış, onun aktı imzalamaqdan imtina etdiyi barədə aktda müvafiq qeyd aparılmışdır. Bununla belə, enerji təchizatı müəssisəsinin iddiaçı tərəfindən yol verildiyini iddia etdiyi pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmış olması ilə bağlı sübutlar həmin müəssisə, yəni hazırki iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, iddiaçının elektrik enerjisindən sayğacdan kənar, yəni sui-istifadə etmiş olması cavabdeh tərəfindən iddia edildiyindən hazırki işdə həmin halları sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəməyə hər hansı sübut, o cümlədən, iddiaçı tərəfindən yol verildiyi iddia edilən pozuntunun texniki vasitələrlə qeydə alınmış olmasına dair foto və ya videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin dəlillərini müqayisəli şəkildə araşdıraraq və qeyd olunan prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, xx.xx.2023-cü il tarixli № 291530 saylı Akt tərtib edilərkən “X1 Qaydaları”nın qeyd olunan müddəlarının tələbləri pozulmuşdur. İtirilmiş elektrik enerjisinin dəyəri olaraq 673.38 manat vəsait də xx.xx.2023-cü il tarixli № 291530 saylı akt əsasında tələb edildiyindən məhkəmə hesab edir ki, istehlakçıdan itirilmiş enerjinin dəyəri olaraq hər hansı məbləğdə vəsaitin tələb edilməsi əsassızdır. Həmin əsaslara və qeyd olunan qanunvericilik normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli № 291530 saylı akt qanunvericiliyin tələblərinə cavab vermədiyinə və itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 673.38 manat borc da həmin akt əsasında tələb edildiyinə görə iddiaçının iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli akt əsasında iddiaçının hesabına işlənmiş itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 673.38 manat borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. İddia tələbinin "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli № 291530 saylı aktın etibarsız hesab edilməsinə dair hissəsi üzrə icraata məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə xitam verildiyi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-ci il tarixli akt əsasında İddiaçının hesabına işlənmiş itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 673.38 manat borc məbləği silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2668/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2668/2024
01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver