Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2724/2023 22.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC "KontaktHome" Lənkəran mağazası ilə 08 aprel 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, "Hoffmann NFB- 180 VW" markalı soyuducunun alınması üçün ödədiyi 749 (yeddi yüz qırx doqquz) manat 99 (doxsan doqquz) qəpik və təmiri üçün ödədyi 140 ( bir yüz qırx) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il aprel ayının 8-də Lənkəran şəhərində yerləşən "Kontakt Home" mağazasından 750 (yeddi yüz əlli) manat nağd ödəməklə "Hoffmann NFB-180 VW" markalı ağ rəngli soyuducu almışdır. Aldığı soyuducuya satıcı tərəfindən 3 illik zəmanət verilmişdir. Bir ay istifadə etdikdən sonra, 2023-cü il may ayının 09-da soyuducunun işləmədiyini müəyyən etmiş və bu barədə "KontaktHome" mağazasının əməkdaşlarına və rəhbərliyinə məlumat vermişdir. Bununla yanaşı eyni zamanda onların "6060" qaynar xəttinə dəfələrlə müraciət edib, bu barədə məlumat vermişdir. "KontaktHome" qaynar xəttinə vurduğu zənglərə cavab olaraq 3 illik qarantiya müddətini nəzərə almayaraq, soyuducunun xarab olma səbəblərini müəyyən etmədən servis xidmətinin pullu olduğu barədə bildirmişlər. Uzun danışıqlardan sonra mağazanın göndərdiyi usta 15,05.2023-cü il tarixdə gəlib çıxmış və soyuducunun bir detalını götürüb aparmışdır. Bundan sonra usta onun zənglərinə cavab verməmişdir. Qaynar xəttə zəng vurduğu hallarda usta xidmət haqqının və təmir xərcinin onun ödəməli olduğumu bildirmişdir. Havaların isti keçməsindən evdə başqa soyuducu olmadığı, soyuducuya ciddi ehtiyac olduğu üçün məcburiyyət qarşısında 140 (bir yüz qırx) manat xx.xx.2023-cü il tarixdə təmir xərci ödəçişdir. Pulu ödədikdən sonra da soyuducu təmir olunmamışdır. Telefon zəngləri bir nəticə vermədiyi üçün məktubla "KontaktHome" Lənkəran mağazasının rəhbərliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra da heç bir nəticə olmadığı üçün 11 iyun 2023-cü il tarixdə "Hoffmann NFB-180 VW" markalı soyuducunu Viravul kənd sakini X1 idarə etdiyi VAZ 2104 markalı avtomobillə gətirib "KontaktHome" Lənkəran mağazasına təhvil vermişdir. Soyuducunun mağazaya gətirilməsi tərəfimdən öz mobil telefonu ilə video çəkiliş aparılmaqla həyata keçirilmiş, eyni zamanda bu barədə mağaza rəhbərliyinin adına ərizə yazıb təqdim etmişdir. İyun ayının 12-də məcbur olub kreditlə başqa bir mağazadan soyuducu almışdır. Evində başqa məişət avadanlıqlarından - televizor, paltaryuyan maşın, modem və s.dən istifadə edir. Həmin avadanlıqlar normal işləyir, aprel ayından bu günə kimi həmin avadanlıqlarda hər hansı bir qüsur, sıradan çıxma halları olmayıb. "KontaktHome" Lənkəran mağazasının ona satdığı "Hoffmann NFB-180 VW” markalı soyuducu qüsurlu olub, standarta cavab verən məhsul olmayıb. Soyuducu xarab olandan sonrakı müddətdə xeyli gərginlik, mənəvi sarsıntı, narahatlıq keçirmişdir. Ona zay məhsul satmaları bir yana, zənglərə cavab verməmələri, 3 illik zəmanəti qulaqardına vurmaları, üstəlik, təmir xərcini ödədikdən sonra da heç nə etməmələri ona pis təsir etmiş, aldadılmış adam vəziyyətinə salınmışdır. Ödədiyi pulları cavabdehdən tələb edir. İddiaçı məhkəmə baxışında iştirak edərək, iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq cavabdehin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin Cavabdeh nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, qeyd etmişdir ki, müştərinin “mağaza və servis mərkəzi heç bir tədbir görmədiyindən xx.xx.2023-cü il tarixdə malı mağazaya qaytardığı” ilə bağlı qeyd etdikləri tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Çünki mal operativ şəkildə təmir edilmiş və müştəriyə məlumat verilmişdir. Müştəri isə hazır, təmirli malı təhvil almaqdan imtina etmişdir. Hazırki iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********* mədaxil sənəd nömrəli və 40389 çek nömrəli ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı həmin tarixdə “Kontakt-Home-54 (Lənkəran)” mağazasına 749.99 manat məbləğində ödəniş edərək, həmin mağazadan HOFFMANN markalı, NFB-180VV (Ağ) modeli olan soyuducu almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-yə məxsus olan “Kontakt Home - 54” mağazasından təqdim edilən zəmanət talonunun “zəmanət talonunun icrasının müddəti” bölməsində qeyd edilmişdir ki, “təmir işləri 14 gün müddətində həyata keçirilir. Bu müddətdə qeyri iş günü hesab edilən bayram günləri daxil deyil”. Həmin zəmanət talonunun qeyd hissəsinin 3-cü maddəsində qeyd edilmişdir ki, “malın zəmanət müddəti 3 ildir” İş materiallarına əlavə edilmiş “Servis Link” Texniki xidmət mərkəzi tərəfindən tərtib edilmiş “texniki rəy”dən görünür ki, HOFFMANN markalı, NFB-180VV (Ağ) modeli olan soyuducunun təmiri ilə əlaqadar xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Ödənişli xidmətin göstərildiyi müəyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********* mədaxil sənəd nömrəli və 44522 çek nömrəli ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı tərəfindən həmin tarixdə “Kontakt Home - 54” mağazasına 140 manat məbləğində təmir xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında baxış keçirilməklə tədqiq olunan CD diskdə olan videoçəkilişə baxış keçirilərkən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə aldığı soyuducunu xx.xx.2023-cü il tarixdə geri qaytarmaq üçün “Kontakt Home – 54 (Lənkəran)” mağazasına gətirmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan iddia ərizəsinə qarşı etiraz ərizəsində də bu fakt təkzib edilməmişdir. Yəni soyuducunun mağaza tərəfindən təhvil alınması halı mübahisələndirilməmişdir. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyən edilmişdir ki, İddiaçı 08 aprel 2023-cü il tarixdə “Kontakt-Home-54 (Lənkəran)” mağazasından aldığı HOFFMANN markalı NFB-180VV (Ağ) modeli olan soyuducunun təmiri ilə əlaqadar zəmanət müddətində, yəni xx.xx.2023-cü il tarixdə servis mərkəzinə müraciət etmişdir. xx.xx.2023cü il tarixdə İddiaçı tərəfindən soyuducunun xidmət xərci ödənilmiş, lakin həmin ödənişdən ən azı 16 gün müddətin keçməsinə baxmayaraq soyuducu təmir edilmədiyindən müştəri tərəfindən mağazaya qaytarılmış və mağaza tərəfindən qəbul edilmişdir. Halbuki satışı həyata keçirən mağaza tərəfindən təqdim edilmiş zəmanət şərtlərinə əsasən, təmir işi 14 gün müddətində həyata keçirilməli idi. Cavabdeh tərəfindən soyuducunun təmir edildiyi və bununla əlaqadar (malın təhvil alınması) müştərinin məlumatlandırılması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, satılan məhsula dair zəmanət şərtləri cavabdeh tərəfindən pozularaq zəmanət şərtlərinə uyğun müddətdə (14 gün) soyuducu təmir edilməmişdir. Cavabdeh tərəfindən “iddia ərizəsinə etiraz”da qeyd etdiyi “malın operativ şəkildə təmir edilərək, müştəriyə məlumat verilməsi və müştəri isə hazır, təmirli malı təhvil almaqdan imtina etmişdir” xüsusatı ilə əlaqadar məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 583.1 maddəsinə əsasən, qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Qanunun 21-ci maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Müki Məcəlləsinin 21-ci maddəsinə əsasən, xərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx"MMC-yə məxsus "Kontakt-Home" Lənkəran mağazası arasında bağlanmış HOFFMANN markalı NFB-180VV (Ağ) modeli olan soyuducuya dair 08 aprel 2023-cü il tarixli alqı-satqı müqviləsi ləğv edilməli, həmin soyuducunun alınması üçün ödənilmiş 749.99 manat və təmiri üçün ödənilmiş 140 manat, ümumilikdə 889.99 manat məbləğində pul vəsaiti "xxxx"MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə "xxxx"MMC-yə məxsus "Kontakt-Home" Lənkəran mağazası arasında bağlanmış HOFFMANN markalı NFB-180VV (Ağ) modeli olan soyuducuya dair 08 aprel 2023-cü il tarixli alqı-satqı müqviləsi ləğv edilsin, həmin soyuducunun alınması üçün ödənilmiş 749.99 manat və təmiri üçün ödənilmiş 140 manat, ümumilikdə 889.99 manat məbləğində pul vəsaiti "xxxx"MMC-dən alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2724/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2724/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver