Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-273/2023 07.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «qanunsuz aktın ləğv edilməsi və cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran RET MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli 237368 saylı aktın etibarsız hesab edilməsi, həmin aktın əsasında hesablanmış 763 manat elektrik borcun silinməsi və sayğacın həyətdən açılaraq küçədə quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ailəsiylə yaşadığı fərdi yaşayış evi anasının mülkiyyətindədir. Həmin evin işıq sayğacı çoxdan quraşdırılmışdır və sayğac isə onun adınadır. Həmin sayğac həmişə normal vəziyyətdə işləyib və heç bir problemi olmayıbdır. 2022-ci ilin fevral ayında o sayğacın işləmədiyini görüb işıq idarəsinə zəng edib onlara bu barədə məlumat verib. Onlar 25 fevral 2022-ci il tarixdə o evdə olmadığı vaxt sayğacın olduğu yerə gələrək sayğacı yenisi ilə əvəz edərək köhnə sayğacı özləri ilə aparmışlar. Sayğacı yenisi ilə əvəz edəndə o orada olmayıb və eyni zamanda ailə üzvləri də sayğacı yenisi ilə əvəz edəndə orada olmayıblar. Onlar sayğacı yenisi ilə əvəz edəndə akt tərib ediblər və onlar aktı tərtib edərkən onu və ya onun hər hansı bir ailə üzvlərinin iştirakını akta salmamışlar. Onlar tərtib etdikləri aktda abonentin nümayəndəsi qrafasını boş saxlamışlar və nə səbəbdən tərəfindən həmin akta imza edib etməməyi qeyd edilməmişdir. Sonradan həmin aktın sürətini əldə edib və həmin aktda qeyd olunubdur ki, guya sayğacın gövdəsində sağ tərəfində zədə var, sayğacın daxilinə baxış zamanı hesab mexanizminin üzərində cızıqlar aşkar olunmuş, sayğac istismara yararsızdır. Həmin akt əsasında da onun üçün 787.49 manat cərimə hesablayıblar. Bu barədə onun xəbərdarlıq göndəriblər. Hesab edir ki, həmin akt əsassızdır. Belə ki, qnaunvericiliyə əsasən işıq idarəsinin əməkdaşı bu barədə 2 nəfər hal şahidinin və onun iştirakı ilə akt tərtib etməli idi və aktın bir nüsxəsini də ona verməli idilər. Lakin onlar bunu etməyib, sadəcə olaraq onun xəbəri olmadan sayğacı yenidən yenisi ilə əvəz edərək bu barədə özlərinə sərf etdikləri formada akt tərtib ediblər. Sonradan bütün bunlar meydana çıxmışdır. Hesab edir ki, həmin akt ləğv edilməlidir. Çünki o özü polis əməkdaşıdır və uzun illərdir ki, polis orqanlarında işləyir. Onun və ya onun ailə üzvlərinin tərəfindən həmin sayğaca müdaxilə etməkləri absurd bir fikirdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında İddiaçı bildirmişdir ki, onun əvvəllər soyadı Rzayev olsa da, sonradan soyadını dəyişdirmiş və Adlzadə olaraq qeyd etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında xidməti işi ilə əlaqədar iştirak edə bilməyəcəkdir. İşə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, qeyd olunan akt qanuni və əsaslı tərib edilmişdir. Buna görə də iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə İddiaçı müraciətini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cənub RETS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 237368 №-li Aktdan görünür ki, X1 Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 06090964 №-li elektrik sayğacı sərf olunan enerjinin dəyərini qeyd etmir. Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 237368 №-li aktdan görünür ki, sayğacın dövlət möhürü normaldır. Sayğacın gövdəsinin sağ tərəfində zədə var. Sayğacın daxilinə baxış zamanı hesab mexanizmin üzərində cızıqlar aşkar olunmuşdur. İddiaçı adına qeydə alınmış abonə haqqı Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli Akta əsasən elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə İddiaçı xx.xx.2022ci il tarixdə 763,62 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cənub RETS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Akta əsasən X1 Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 06090964 №-li elektrik sayğacı sərf olunan enerjinin dəyərini qeyd etmir. Həmin akta əsasən xx.xx.2022-ci il tarixli Akta əsasən elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə xx.xx.2022-ci il tarixdə 763,62 manat borc hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən akt tərtib edilərkən, yəni xx.xx.2022-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 oktyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.33cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 №-li qərarı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişiklik edilərək, «Elektrik enerjisindən istifadə» Qaydalarının 8.33-cü bəndi ləğv olunmuş və həmin qərar 17 aprel 2022-ci il tarixdə dərc olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbi baxımından hazırki mübahisəyə "xxxx" ASC-nin əməkdaşları tərəfindən mübahisəli akt tərtib edildiyi zaman (xx.xx.2022-ci il) qüvvədə olan “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndi tətbiq edilməlidir. Həmin bəndin yuxarıda qeyd olunan tələbinə əsasən akt tərtib olunarkən iki nəfər hal şahidinin iştirakı zəruridir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 237368 №-li aktdan isə görünür ki, akt tərtib edilərkən qeyd olunan qaydaların tələbləri pozularaq hal şahidlərinin iştirakı təmin edilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 237368 №-li Akt əsasında 763 manat hesablanmış cərimənin silinməli olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işüzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 237368 №-li aktı ləğv edilsin və həmin akta əsasən hesablanmış 763 manat cərimə silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-273/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-273/2023
07.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver