Məhkəmə qərarları › İş №2(049)-2756/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2756/2022

31.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2756/2022 31.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “21 aprel 2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Azəriqaz” X1 regional Qaz İstismarı İdarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 aprel 2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbini irəli sürmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda **********00000 saylı kodla qaz istehlakçısı atası X5 olmuşdur. xx.xx.2015-ci il tarixdə atası vəfat etdmişdir.Atasından sonra ailənin təsərrüfat başçısı kimi o, İddiaçı idarə etmişdir. Təxminən 3 (üç) ay bundan öncə qaz nəzarəti çilingəri ona bildirmişdir ki, 21 aprel 2020-ci ildə rəhmətlik atasına 216 manat məbləğində cərimə yazılmışdır, həmin cəriməni ödəməlisiniz, həm də qazın alqı-satqısı barədə müqavilə bağlamalısınız. Tələb olunan sənədləri X10 İstismar İdarəsi Lənkəran Xidmət Sahəsinə təqdim etdim. Həmin vaxtdan 2 aydan çox keçmişdir. Atasının adına olan **********00000 saylı abonent kodu onun, yəni İddiaçı adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə həmin kodla onun adına “bildirişxəbərdarlıq” göndərilmişdir Həm də atasına yazılan qanunsuz və əsassız cərimə isə mənim adıma keçirilmişdir. Ona təqdim edilən xx.xx.2019-cu il tarixli aktdan məlum olmuşdur ki, evimizin qaz təchizatı xətti üzərindən “Elster” tipli, G-4T markalı, ******* nömrəli köhnə qaz sayğacı çıxarılmış və yerinə “Zenner” tipli, G-4T markalı, **********5 nömrəli təzə qaz sayğacı quraşdırılmışdır. Aktın “sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs” qrafasında İddiaçı yazılmışdır. Akta, onu imza etməyə səlayiyyəti olmayan oğlu Azər Əzizova imza etdirilmişdir. Ona təqdim edilən Dövlət laboratoriya aktmm 87-ci sırasında evimizin qaz təchizatı xətti üzərindən çıxarılmış ******* nömrəli “qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması, qaz itkisi müdaxilə” rəyi yazılmışdır. Dövlət laboratoriya aktında yazılmış rəyə əsasən, qaz sayğacının çıxarılmasından 8(səkkiz) ay 5(beş) gündən sonra, yəni 21 aprel 2020-ci il tarixdə, atasının adına ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” cərimə aktı tərtib edilmiş və itirilmiş qazın bərpa edilməsi göstərilmişdir. Cərimə aktına əsasən 24 aprel 2020-ci il tarixdə “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” sənədi tərtib edilmişdir. "Tələbnamə” sənədinə əsasən rəhmətlik atama qaz sayğacının nominal qaz sərfi üzrə 4 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160 m3 həcmində itirilmiş qazm bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi hökmü verilmişdir. Həmin cərimə məbləği əvvəlcə atası Azad Əzizovun, sonradan onun, yəni İddiaçı adına rəsmiləşdirilərək, “Abonent Saldosu” sənədinin 2020-ci ilin aprel ayı qrafsında öz əksini tapmışdır. Azad Əzizovla qaz Paylayıcı arasında qazın alqı-satqısı barədə müqavilə olmuşdur. Lakin onun vəfatından sonra onunla bağlanılmış qazın alqı-satqısı barədə müqavilə məhkəməyə müraciət edəcəyini biləndən sonra digər sənədlərlə bərabər müqavilə ona verilməmişdir. Ona görə də qaz sayğacının kim tərəfindən yararsız hala salınması sübut olunmadığı halda ona 216 manat cərimə hesablanmışdır. Məhkəmədə iştirak edən İddiaçı izahatında göstərdi ki, iddianı müdafiə edir. Yaşadığı ev atasına məxsusdur və o, da həmin ünvanda yaşayır, atası 2015-ci il də vəfat etmişdir. Qazdan istifadəyə görə mütəmadi olaraq pulunu ödəmişdir. O, qaz sayğacına heç bir müdaxilə etməmiş, qaz sayğacı söküləndə heç bir foto, video çəkiliş olmamış, hal şahidi iştirak etməmişdir. Sayğac həyətyanı sahədən çöldə yerləşir. Sayğacda heç bir problem olmamışdır. X10 İstismarı idarəsinin əməkdaşlarının tərtib etdikləri akt qanunsuzdur və həmin akt ləğv edilməlidir. X10 İstismarı İdarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 aprel 2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmədə elan edilmiş X10 İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Lənkəran şəhəri, Mirsalayev küçəsi, dalan 3, ev 17 ünvanında yaşayan Azad Əzizovun istifadəsində olan sayğac yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan məhkəmdə elan edilmiş X10 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Lənkəran şəhəri, Mirsalayev küçəsi, dalan 3, ev 17 yaşayan Azad Əzizovun istifadəsində olan sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən itirilmiş qazın bərpası barədə hesablamalar aparılmış və istehlakçıya 2160 kubmetr borc hesablanmışdır. İş materiallarında olan məhkəmədə elan edilmiş Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 729487 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Lənkəran şəhərində ölmüşdür. İş materiallarında olan məhkəmədə elan edilmiş Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Əzizov X7 şəhəri, B.Mirsalayev küçəsi, 3/17 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Ailə üzvləri anası- X3, arvadı- X4, oğlu-X12 və qızı-X6r. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə Lənkəran şəhəri, Mirsalayev küçəsi, dalan 3, ev 17 yaşayan Azad Əzizovun istifadəsində olan sayğac yenisi ilə əvəz olunmuşdur. 21 aprel 2020-ci il tarixdə tərtib edilmiş aktla isə, sayğacda əzilmə müəyyən edildiyindən, itirilmiş qazın bərpasına dair hesabat aparılaraq abonentə 216 manat borc hesablanmışdır. İşin göstərilən halları işdə iştirak edən iddiaçının izahatı, bunu tamamlayan iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş cavabdeh «Azəriqaz» İB müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, qaz paylayıcısnın nümayəndələrinin tərtib etdikləri xx.xx.2020-ci il tarixli akta görə sözügedən qaz sayğacının yararsız vəziyyətə düşməsində, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olmas hallarının iddiaçının hər hansı bir müdaxiləsinin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının atasının, hazırda isə onun təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Azəriqaz“ İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılmaı və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydalar’ın 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İB-nin nümayəndəsinə (müvafiq X9) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, X10 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 aprel 2020-ci il tarixli ******* nömrəli akt ləğv edilməli, həmin akt əsasında hesablanmış 216 manat borc silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azəriqaz” X1 regional Qaz İstismarı İdarəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 aprel 2020-ci il tarixli ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 216 manat məbləğində borc silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar