Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2763/2023 30.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Lənkəran rayon Vəkil bürosunun vəkili Vəkil və üçüncü şəxs Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.20324 ha olan torpaq sahəsinin Cavabdeh bağışlanmasına dair 25 iyul 2022-ci il tarixdə tərtib edilmiş " daşınmaz əmlakın bağışlanması müqaviləsinin və ünvan 2i ünvanında yerləşən 0.22 ha torpaq sahəsinin Cavabdeh qızma bağışlanmasına dair 25 iyul 2022-ci il tarixdə tərtib edilmiş" daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2021-ci ilin mart ayında evlənmişlər, nigahlarını isə 18 may 2021-ci il tarixində rəsmiləşdirmişlər. Cavabdeh ilə 15 avqust 2022-ci il tarixə kimi ər- arvad olaraq yaşamışlar. Birgə nigahdan uşaqları olmuşdur. Cavabdeh ilə ailə həyatı uğurlu alınmamışdır. Belə ki, evləndikdən sonra cavabdehin ona qarşı münasibətindən məlum olmuşdur ki, ailə qurmaq məqsədilə deyil, əmlakını ələ keçirmək məqsədilə onunla evlənmişdir. Cavabdeh ilə cəmi bir il 4 ay bir təsərrüfatda yaşamışlar. Ötən bu müddət ərzində sadəliyindən istifadə edərək mülkiyyətində olan ünvan 2ində yerləşən ümumi sahəsi 0,20324 ha torpaq sahəsinin 25 iyul 2022-ci il tarixdə və həmin kənd ərazisində yerləşən 0,22 ha torpaq 25 iyul 2022-ci il tarixdə tərəfindən ona bağışlanmasına nail olmuşdur. Bunları əldə etdikdən sonra cavabdehin ona qarşı münasibəti tamamilə dəyişmiş, bir ər kimi onu saymamışdır. Səbəbsiz mübahisə etməklə hörmətsizlik etməyə başlamışdır. Cavabdehin təqsiri üzündən onlar 2022- ci ilin avqust ayının 15-dən ayrılmışlar. Ailənin saxlanılması və münasibətlərin bərpa edilməsi mümkün olmadığından aralarında olan nikah məhkəmənin qətnaməsinə əsasən pozulmuşdur. Beləliklə saxta münasibətinə cavabdehə inanmış və əmlakını ona bağışlamışdır. Hesab edirəm ki, vacib yanılma nəticəsində o, torpaq sahələrini cavabdehə bağışlamışdır. Tərəfindən mülkiyyətində olan torpaq sahələri heç də azad şəkildə deyil, yanılma nəticəsində bağışlandığından bağlanmış əqd etibarsız hesab edilməlidir. Məhkəmə baxışında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qardaşı olan İddiaçı iddia tələbində qeyd edilən torpaq sahələrini Cavabdeh bağışlayarkən ürək xəstəliyindən əziyyət çəkmişdir. Bu səbəbdən də o, həmin vaxt hərəkətlərini dərk edə bilməmişdir. Cavabdeh də İddiaçı bu vəziyyətindən sui istifadə edərək torpaq sahələrini öz adına rəsmiləşdirmişdir. Dünyanın məqsədi qardaşı ilə ailə qurmaq deyil torpaqları ələ keçirmək olmuşdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Lənkəran rayon Vəkil bürosunun vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh İddiaçı ilə xx.xx.2021-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Həmin vaxt Cavabdeh iddiaçının Astara rayonunun Pensər kəndində yerləşən evinə köçmüşdür. Köçərkən də özünə məxsus cehiz əmlaklarını həmin evə aparmışdır. Cavabdehlə aralarında olan nikahı xx.xx.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Həmin nikahdan uşaqları olmamış və aralarındakı narazılıq səbəbindən rəsmi nikahları Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı 1969-cu il təvəllüdlü olmaqla Rusiya Federasiyası vətəndaşıdır. Cavabdeh əvvəllər onu tanımamış, anası və yaxın qohumlarının məsləhətilə ərə getməyə razılıq vermişəm. Əslində isə iddiaçının onunla rəsmi nikaha girməkdə məqsədi ailə qurmaq deyil, anasına məxsus pulları və əmlakları ələ keçirmək olmuşdur. Cavabdehlə xx.xx.2022-ci il tarixədək təsərrüfatı birgə idarə etməklə ər-arvad kimi birlikdə yaşamışlar, həmin vaxtdan etibarən faktiki olaraq ayrılmışlar və hazırda da ayrılıqda yaşayırlar. Cavabdehin iddia ərizəsində qeyd etdikləri qəbul edilməzdir və heç bir mötəbər sübuta söykənmir. Buna görə də iddia tələbi əsaslı deyildir. Qanunvericiliyin tələbinə görə iddiaçı, eləcə də hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Həmçinin iddia tələbində qeyd edilən torpaq sahələri İddiaçı tərəfindən könüllü olaraq, öz iradəsini sərbəst ifadə edərək Cavabdeh bağışlamışdır. Həmçinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilələrdə qeyd olunan 0.20324 və 0.22 ha torpaq sahələri cavabdehin anasının və yaxın qohumlarının pulu vasitəsilə alınmışdır. Buna baxmayaraq o, cavabdehi evin böyüyü kimi qəbul etdiyindən torpaq sahələrini onun adma sənədləşdirilməsini istəişdir. Qeyd olunan torpaq sahələri cavabdehin adına rəsmiləşdirildikdən bir müddət sonra cavabdeh Rusiya Federasiyasına getdiyindən həmin torpaq sahələrini könüllü olaraq, heç bir məcburiyyət qarşısında qalmadan cavabdehə bağışlamış, yəni əsl sahibinə qaytarmışdır. Bağışlama müqavilələri rəsmiləşdirilərkən heç bir vacib əhəmiyyətli yanılma halı olmamışdır. İddia tələbində bu hal əsaslandırılımamış və məhkəməyə buna dair heç bir sübut təqdim edilməmişdir. Hesab edir ki, iddiaçının tələbi tamamilə öz mülahizəsidir, heç bir mötəbər hüquqi əsasa söykənmir, həmçinin təqdim edilmiş sənədlərlə də iddiaçının tələbinin təmin olunması mümkün ola bilməz. Hesab edir ki, iddiaçı qanunvericiliyə uyğun olaraq öz tələbini sübut etməlidir. İddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən üçüncü şəxs Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, ünvan 2ində yerləşən ümumi sahələri 0,22 ha və 0,20324 ha olan torpaq sahələrinin İddiaçı tərəfindən Cavabdeh bağışlanmasına dair “daşınmaz əmlakın bağışlanması müqavilələr”i xx.xx.2022-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilərək təsdiqlənmişdir. Müqavilələr rəsmiləşdirilərkən notarius tərəfindən İddiaçı müəyyən suallar verilmiş və onun şəxsi psixoloji vəziyyətində heç bir qüsur olmadığı müəyyən edilmişdir. Torpaq sahələri İddiaçı tərəfindən bağışlanarkən heç bir vacib əhəmiyyətli yanılma halı mövcud olmamışdır. Həmçinin bağışlama müqavilələri qanunvericiliyin tələblərinə tam riayət edilməklə tərtib edilərək rəsmiləşdirilmişdir. İddia tələbi əsassız olduğyndan onun rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, 1S-7927 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, həmin müqavilə əsasında İddiaçı öz mülkiyyətində olan ünvan 2ində yerləşən, ümumi sahəsi 0,20324 ha olan torpaq sahəsini həyat yoldaşı Cavabdeh bağışlamışdır. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən, ümumi sahəsi 0,203240 ha olan **********74 reyestr nörəli torpaq sahəsi bağışlanan zaman İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, 1S-7928 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, həmin müqavilə əsasında İddiaçı öz mülkiyyətində olan ünvan 2ində yerləşən, ümumi sahəsi 0,22 ha olan torpaq sahəsini həyat yoldaşı Cavabdeh bağışlamışdır. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən, ümumi sahəsi 0,22 ha olan **********70 reyestr nörəli torpaq sahəsi bağışlanan zaman İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş AZ- İİ seriyalı, 440568 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 18 may 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada “Babayeva” soyadı verilmişdir. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş AZ-İ seriyalı, 440346 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah qeydiyyatı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur və bu barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə nikahın pozulması haqqında akt qeydiyyatı tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikasının Müki Məcəlləsinin 666.1 maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 668.1 maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Həmin məcəllənin 337.1 maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 347.1 maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmin məcəllənin 354.2 maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İşin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflər arasında olan rəsmi nikah qeydiyyatı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. İddiaçı iddia tələbində torpaq sahələrini vacib əhəmiyyətli yanılma nəticəsində bağışladığını qeyd edərək bu barədə müqavilələrin etibarsız hesab edilməsini tələb etsə də Mülki Məcəllənin 354.2 madəsində bu halı mübahisələndirmək üçün müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, həmçinin hazırki mübahisədə sübutetmə vəzifəsi İddiaçı üzərində olduğundan və onun tərəfindən ünvan 2ində yerləşən ümumi sahələri 0,22 ha və 0,20324 ha olan torpaq sahələrinin həyat yoldaşı Cavabdeh bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə “daşınmaz əmlakın bağışlanması müqavilələr”i Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilərkən vacib əhəmiyyətli yanılma halının mövcud olmasına dair məhkəməyə heç bir sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iş üzrə iddiaçının ödədiyi məhkəmə xərci onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2763/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2763/2023
30.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver