Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-278/2023 24.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Xolmili kəndində yaşayır. Yaşadığı ev ona məxsus olmaqla evin qaz xətti və sayğacı vardır. Təxminən 1 il əvvəl Lənkəran RQİİ-nin əməkdaşları ona məxsus olan evin G-4 markalı, ******* saylı qaz sayğacına baxış keçirərək bununla bağlı ******* saylı akt tərtib edərək guya onun tərəfindən sayğaca müdaxilə olunmuş və nəticədə sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, həmçinin daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar olunduğunu bildirmişlər. Bundan sonra Lənkəran RQİİ tərəfindən xx.xx.2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə hazırlanmış və guya itirilmiş qazın həcminin 4320 kubmetr olması müəyyən edilmişdir. Lakin o, Lənkəran RQİİ-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2021-ci il tarixli, ******* saylı aktla və həmin akt əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə ilə razı deyildir. Beləki onun 90 yaşı var, güclə hərəkət edir və bu yaşda hec cürə sayğaca müdaxilə edib onu zədələmək iqtidarında olmadığını bildirir. Ümumiyyətlə sayğacın evin hansı hissəsində quraşdırıldığını bilmir və onun bütün işlərini yaxınları görür. Bu səbəbdən iddiaçı hesab edir ki, Lənkəran RQİİ-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2021-ci il tarixli, ******* saylı akt qanunsuzdur və həmin akt etibarsız hesab edilməlidir. Həmin aktla heç cür razılaşa bilməz. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın ləğv edilməsini xahiş etdi. Cavabdeh «X1» nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «X1» nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «X1» nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2021-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Xolmili kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı Zenner G-4 markalı **********8 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 dekabr 2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, həmçinin daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar edilməsinə əsasən itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçı İddiaçı 4320 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı 2021-ci ilin dekabr ayı üçün 450.24 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş 24 dekabr 2021-ci il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında sübuta yetirildi ki, iddiaçının sayğacı onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində deyil, sayğacın hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri nəticəsində sayğac sərfiyatı qeydə almamışdır. Məhkəmə hesab edir ki, iddiaçı qaz sayğacının hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar olunmasında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Belə ki, həmin sayğacın yararsız olma səbəbi sayğacda hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar edilməsi olmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt ləğv edilməli və əsassız hesablanmış 450.24 manat cərimə məbləği ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X1»nə qarşı aktın ləğv edilməsi və əsassız yazılmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin 24 dekabr 2021-ci il tarixli, ******* saylı aktı və həmin akt əsasında hesablanmış 450.24 manat məbləğ ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(049)-278/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-278/2023
24.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver