Məhkəmə qərarları › İş №2(049)-2844/2025

Lənkəran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(049)-2844/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2844/2025 17.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Asəf oğluna qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh Asəf oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olmuş “MAZDA CX9” markalı ** MD *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyəri olan 18000 manat, cavabdehə verdiyi 2000 ABŞ dollarının hazırki məzənnə ilə əvəzi olaraq 3400 manat və ödənilmiş 177 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırılmışdır ki, özünə məxsus “MAZDA CX9” markalı ** MD *** dövlət qeydiyyat nömrə nömrəli avtomobili sataraq onun əvəzində başqa avtomobil almaq istəmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh onun yanına gələrək lizing şirkəti ilə əlaqəli işlədiyini və lazım olarsa, avtomobilin dəyərini müəyyən edib onu ilkin ödəniş kimi qəbul edərək əvəzində daha yaxşı vəziyyətdə olan “Mercedes” markalı başqa avtomobil gətirəcəyini və çatışmayan pulu da aylara bölərək hissə-hissə ödəyə biləcəyini bildirmişdir. O, cavabdehə etibar edib onunla razılaşmışdır. Cavabdeh avtomobili 18000 manat dəyərində qiymətləndirmiş, o da etiraz etməmişdir. Bundan sonra o, notariusa gedib cavabdehə etibarnamə vermiş, eyni zamanda, 18000 manatın üzərinə qoyub ilkin ödəniş kimi ödəməsi üçün cavabdehə 2.000 ABŞ dolları məbləğində əlavə pul vermişdir. O, avtomobili apardıqdan sonra özü ilə “MERCEDES BENZ E-220” markalı 2018-ci il buraxışlı avtomobil gətirmişdir. O, bildirmişdir ki, gətirdiyi avtomobil hazırda “Caspian Auto-İmport” şirkətində lizinqdədir. O, həmin avtomobili lizinq müqaviləsi ilə oğlu Şükür Şükürzadənin adına almış və avtomobili götürmüşdür. 3 ay ödəniş etdikdən sonra məlum olmuşdur ki, cavabdeh lizinq şirkətinə heç bir ödəniş etməmişdir. O, “Caspian Auto-İmport” şirkətinə zəng edib soruşduqda da cavabdehin heç bir ilkin ödəniş etmədiyini ona bildirmişlər. O, cavabdehdən onun avtomobilini satıbsatmadığını soruşmuş, bu zaman cavabdeh ona heç bir borcu olmadığını və ona heç nə verməyəcəyini bildirmişdir. Bundan sonra başa düşmüşdür ki, cavabdeh onun etibarından suiistifadə edərək onu aldatmışdır. Cavabdeh ona məxsus avtomobili ondan aldıqdan sonra avtomobilin mülkiyyətçisi dəfələrlə dəyişmiş, hazırda qeyd olunan avtomobil X1 adına olmaqla, avtomobilin qeydiyyat nömrəsi də dəyişdirilərək ** DR *** olmuşdur. O, 2022-ci ildə həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmiş, lakin onun ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iş üzrə məhkəmə prosesində cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində ilkin ödəniş müqabilində ondan 18000 manat və 2000 ABŞ dolları aldığını etiraf etmişdir (ərizənin surəti hazırki işə əlavə olunmuşdur). Cavabdeh bunu onunla izah etmişdir ki, o, “MERCEDES BENZ E-220” markalı avtomobil lizinq şirkətindən götürmüş, şirkətə ilkin ödəniş kimi 12000 ABŞ dolları ödəmiş, “MAZDA CX9” markalı avtomobili də ondan ilkin ödənişin əvəzi kimi götürmüşdür. Halbuki, onunla cavabdeh arasında belə bir razılaşma olmamışdır. Eyni zamanda, lizinq şirkəti ilə aralarında olan müqavilədə ilkin ödənişin ödənilməsi, o cümlədən, cavabdehin iddia etdiyi kimi, guya əvvəllər ödənilmiş 12000 ABŞ dollarının onun ilkin ödənişi kimi əvəzləşdirilməsi barədə heç bir qeyd mövcud deyildir. Cavabdehin hərəkətlərində cinayət tərkibinin əlamətləri olması müəyyən edildiyindən onun barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, lakin cavabdehin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin hesab edir ki, cavabdeh onun əmlakını mənimsəyərək əsassız varlanmışdır. Cavabdeh onun əmlakını indiyədək də qaytarmamışdır. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə təqdim edərək cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, eyni zamanda, iddiaçı isə işə qiyabi icraat qaydasında baxılmasına razı olduğu barədə yazılı ərizə verdiyinə görə işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı eyni predmetli iddia tələbini 2022-ci ilin dekabr ayında da vermişdir. İddia əsassız olduğuna görə rədd olunma mərhələsində ikən iddiaçı iddasından imtina edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını tələb etmişdir. Bununla da qarşı tərəf cinayət əməli olduğunu əsas gətirirək Lənkəran şəhər-rayon Polis Şöbəsinə müraciət edib işin araşdırılmasını xahiş etmişdir. Şikayət araşdırılarkən şəxsin öz iradəsi ilə lizing müqaviləsi bağlama halı aşkarlanmışdır və cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı iddianın verilməsi üçün təyin olunmuş prossesual müddəti ötürmüşdür. Mübahisə predmeti olan “MERCEDES BENZ E220” markalı avtomobil onun lizing yolu ilə aldığı avtomobil olmuş, həmin avtomobil üçün o, ilkin ödəniş olaraq 12000 ABŞ dolları ödəmişdir. Qrafik üzrə ödənişlər də bir neçə ay onun tərəfindən ödənilmiş, lakin iddiaçının təkidi ilə ona məxsus “MAZDA CX9” markalı avtomobili 10000 ABŞ dolları qarşılığında və 2000 ABŞ dolları da əlavə nağd verməklə lizing şirkətinə ilkin ödəniş kimi ödənilmişdir. İddiaçı onun lizing şirkəti qarşısında olan digər öhdəliyimi satın almaqla öz üzərinə öhdəlik götürmüşdür. Həmin öhdəliyi icra edə bilmədiyinə görə lizing şirkəti iddiaçının oğlu ilə bağlanmış lizinng müqaviləsini məhkəmə qaydasında ləğv etmişdir. İddiaçı könüllü olaraq avtomobili təhvil vermişdir. Lizinq alan aylıq ödəniş öhdəliyini icra etmədiyinə görə lizinq şirkəti lizinq obyektini lizinq alan şəxsdən geri almışdır. “MERCEDES BENZ E220” markalı avtomobili (ümumi qiyməti 63.000 ABŞ dolları olmaqla) o, lizinq şirkətindən almışdır. O, lizinq şirkətinə 12.000 ABŞ dolları ödəniş etmiş, qalan 51.000 ABŞ dolları isə “Caspian Auto-İmport” lizinq şirkətinə lizinq edilmişdir. “MERCEDES BENZ E220” markalı avtomobil lizinq şirkətinin mülkiyyəti olmuş və onunla lizinq müqaviləsi çərçivəsində alqı-satqı olunmuşdur. İddiaçı ilə razılaşmasına görə o, avtomobili lizinqə götürərkən ödədiyi ilkin ödənişi iddiaçıdan istədikdə o, hal-hazırda həmin məbləği tam şəkildə ödəməyə imkanının omadığını deyərək qiyməti 18000 manat olan “MAZDA CX9” markalı avtomobili (10000 ABŞ dollarının qarşılığında) və əlavə olaraq 2000 ABŞ dolları nağd pul verməklə ilkin ödənişi əvəzləşdirmişdir. O, iddiaçının ona ilkin ödəniş əvəzinə verdiyi “MAZDA CX9” markalı avtomobili sataraq şəxsi borclarını ödəmişdir. Hazırda “MERCEDES BENZ E220” markalı avtomaşının internet saytlarında nağd satış qiyməti 50000-60000 ABŞ dolları arasında dəyişir. Bu da həmin avtomobilin üzərində heç bir şişirdilmiş rəqəmin olmamasının açıq göstəricisidir. Bundan əlavə, lizinq şirkətinin avtomobili məbləğindən daha artıq qiymətə kreditlə satmağa səlahiyyəti olmuşdur. İlkin ödəniş isə onun tərəfindən lizinq şirkətinə ödənildiyinə görə bu onun mülkiyyət haqqıdır və özündə saxlamaq onun hüququdur. Onun iddiaçıya heç bir borcu yoxdur və onun tərəfindən iddiaçıya heç bir ziyan vurulmamışdır. Hesab edir ki, iddiaçı tələb etdiyi pulu nəyin əsasında ondan tələb etdiyini iddia ərizəsində göstərmədiyinə görə onun iddiası əsassızdır. Qeyd edilənlər nəzərə alınarsa, iddiaçının iddia tələbinin tam şəkildə əsssız olduğu aydınlaşır. İddiaçı irəli sürdüyü tələblə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmədiyi səbəbindən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd etdiklərinə əsasən iddiaçının hazırki iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamənin surətindən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı özünün mülkiyyətində olan “MAZDA CX9” markalı ** MD *** dövlət qeydiyyat nömrəsi minik avtomobilinə dair cavabdehin adına 1 il müddətinə etibarnamə vermişdir. Həmin etibarnamədə cavabdehin sürücülük hüququ olduqda avtomobili idarə etmk, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi hüquqları nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə verilmiş BA201627 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “MAZDA CX9” markalı minik avtomobili hazırda X1 adına qeydiyyata alınmaqla, avtomobilin dövlət qeydiyyat nömrəsi ** DR ***-dir. İş materiallarına əlavə edilmiş Bank "xxxx" ASC və X3 (hazırki iş üzrə iddiaçının oğlu) arasında bağlanmış xx.xx.2022-ci il tarixli BH-7169-2022 saylı müqavilədən, həmin müqaviləyə 1 saylı əlavədən, Cavabdeh (hazırki iş üzrə cavabdeh) və X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli CL/M-126-2/22 saylı “Öhdəliklərin verilməsi” haqqında müqavilədən, həmin tarixli zaminlik müqaviləsindən və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022ci il tarixli 126/22 saylı “X5” müqaviləsi və xx.xx.2022-ci il tarixli “Öhdəliklərin verilməsi” haqqında müqavilənin şərtlərinə əsasən həmin müqavilələrin predmeti olan “MERCEDES BENZ E-220” markalı avtomobil Cavabdeh (hazırki iş üzrə cavabdeh) tərəfindən təslim edilmiş və X3 tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli CL/M-126-2/22 saylı “Öhdəliklərin verilməsi” haqqında müqaviləyə əlavə olunan ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli 126/22 saylı “X5” müqaviləsinin predmeti olan “MERCEDES BENZ E-220” markalı avtomobilin dəyərinin ödənilməsi ilə bağlı ödəniş cədvəlində kreditin məbləği 71825.52 manat (əsas borc) və 33086.87 manat (faizlər) - cəmi 104912.39 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən və ona aid qəbzdən görünür ki, iddiaçı cavabdehə bildiriş göndərməklə, ona məxsus olmuş “MAZDA CX9” markalı ** MD *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyəri olan 18000 manat, əlavə olaraq verdiyi 2000 ABŞ dollarının geri qaytarılması tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdehin adından tərtib edilmiş və hazırki işin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iş üzrə iddiaçı hazırki mübahisə ilə bağlı əvvəllər də cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qeyd olunan işin (İş № 2(049)-445/2023) məhkəmə icraatı dövründə cavabdeh iddia tələbinə etiraz olaraq məhkəməyə təqdim etdiyi ərizəsində ilkin ödəniş müqabilində iddiaçıdan dəyəri 18000 manat olan “MAZDA CX9” markalı avtomobili və 2000 ABŞ dolları aldığını etiraf etmişdir. Cavabdeh bunu lizinq şirkətinə ilkin ödəniş kimi ödədiyi 12000 ABŞ dollarının (avtomobilin dəyəri olan 18000 manat 10000 ABŞ dolları kimi və əlavə olaraq 2000 ABŞ dolları) əvəzi kimi götürdüyünü bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 177 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı ona məxsus olmuş “MAZDA CX9” markalı ** MD *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyəri olan 18000 manat, cavabdehə verdiyi 2000 ABŞ dollarının hazırki məzənnə ilə əvəzi olaraq 3400 manat və ödənilmiş 177 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi avtomobilin qeydiyyat şəhadətnaməsinə, etibarnaməyə və digər sənədlərə, habelə, cavabdehin özünün etirazında göstərdiyi xüsusatlara istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və iddia tələbinə etirazının əsasları olaraq iddiaçıdan dəyəri 18000 manat olan “MAZDA CX9” markalı avtomobilini və 2000 ABŞ dollarını ilkin ödəniş müqabilində aldığını bildirmiş, bunu lizinq şirkətinə ilkin ödəniş kimi ödədiyi 12000 ABŞ dollarının (avtomobilin dəyəri olan 18000 manat 10000 ABŞ dolları kimi və əlavə olaraq 2000 ABŞ dolları) əvəzi kimi götürdüyünü iddia etmişdir. Lakin cavabdeh etirazında qeyd etdikləri ilə bağlı məhkəməyə hər hansı sənəd və ya digər sübut vəsatət təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı özünün mülkiyyətində olan “MAZDA CX9” markalı minik avtomobilini cavabdehə vermişdir. Avtomobilin cavabdehə hansı məqsədlə verildiyi iş materiallarından dəqiq müəyyən edilməsə də, iddia tələbinin ümumi məzmunundan avtomobilin cavabdehə satış məqsədi ilə verildiyi və tərəflər arasında bununla bağlı sövdələşmə olduğu ehtimal edilir. İddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə olmasa da, iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin məzmunu avtomobilin bu məqsədlə verildiyinə dəlalət edir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə mülki qanunvericiliyin mülkiyyət hüququ, alqısatqı və əqdlərdə təmsilçiliklə bağlı ümumi müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh “MAZDA CX9” markalı avtomobili, yəni iddiaçının ona etibar etdiyi əmlakı həmin əmlakın mülkiyyətçisi olan iddiaçının mənafeyi naminə idarə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, müqavilə ilə satılması nəzərdə tutulan əşyanın alıcıya real olaraq təqdim edilməsi və həmin əşyanın dəyərinin alıcı tərəfindən satıcıya ödənilməsi alqı-satqı müqaviləsinin zəruri şərtləridir. Hazırki tələb üzrə isə işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallardan görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olmuş “MAZDA CX9” markalı avtomobil özgəninkiləşdirilərkən bunu avtomobilə dair etibarnaməni verən şəxsə, yəni iddiaçıya bildirməmiş, habelə əmlakın özgəninkiləşdirilməsindən əldə olunan gəliri iddiaçıya verməmişdir. İddiaçı “MAZDA CX9” markalı avtomobilin mülkiyyətçisi olaraq həmin avtomobili digər hər hansı şəxsin adına özgəninkiləşdirməyə tam hüquqlu şəxs olduğu halda, cavabdeh iddiaçının bunu arzu edib-etmədiyini müəyyən etmədən, yalnız onun verdiyi etibarnamədə nəzərdə tutulan hüquqlarından öz mənafeyi naminə sui-istifadə etməklə həmin avtomobillə bağlı iddiaçının razılığı alınmayan, onun iradəsinin ifadəsi olmayan bir əməliyyatı həyata keçirmişdir. Bununla da iddiaçının öz mülkiyyətində olmuş əmlaka dair tələb irəli sürmək imkanlarını məhdudlaşdırmış, nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Həmin xüsusatları cavabdeh özü də mübahisələndirməmiş, iddiaçının avtomobilini sataraq özünün maddi ehtiyaclarını ödədiyini bildirmiş, həmçinin, avtomobili iddiaçıdan 18000 manat vəsaitin əvəzi kimi aldığını qeyd etmişdir. Bununla da həmin avtomobilin real dəyərinin 18000 manat olduğunu hər iki tərəfin qəbul etməsi faktı da sübuta yetirilmişdir. Məhkəmə cavabdehin etirazında göstərdiyi, qiyməti 18000 manat olan “MAZDA CX9” markalı avtomobili iddiaçıdan 10000 ABŞ dollarının müqabilində və əlavə olaraq 2000 ABŞ dolları nağd pulu ilkin ödəniş kimi vermiş olduğu 12000 ABŞ dollarının əvəzi kimi aldığı, habelə “MERCEDES BENZ E-220” markalı avtomobilə görə 12000 ABŞ dolları ilkin ödənişdən başqa, qrafik üzrə ödənişlərin də bir neçə ay onun tərəfindən ödənildiyi barədə xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdeh həmin xüsusatlarla əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarında olan müqavilələrdən, ödəniş cədvəlindən və təhvil-təslim aktından da görünür ki, “MERCEDES BENZ E-220” markalı avtomobili aldıqdan qısa müddət sonra həmin lizinq müqaviləsi üzrə öhdəliklər digər şəxsə (iddiaçının oğlu X2) ötürülmüş, avtomobil də cavabdeh tərəfindən həmin şəxsə təhvil verilmişdir. Belə olan halda, cavabdehin həmin avtomobil digər şəxsə təhvil verilənədək bu qədər vəsait ödəmiş olduğu inandırıcı deyildir və iş materialları ilə ziddiyyət təşkil edir. Hətta, cavabdeh “MERCEDES BENZ E-220” markalı avtomobilə görə hər hansı miqdarda ilkin ödəniş və ya qrafik üzrə aylıq ödənişləri ödəmiş olsaydı və bu məhkəmə iclasında sübuta yetirilsəydi də, həmin xüsusat onun iddiaçıya məxsus olmuş avtomobilin satışından əldə olunmuş gəliri və iddianın nağd olaraq verdiyi 2000 ABŞ dollarını özünün maddi ehtiyaclarına sərf etməsinə, həmin vəsaitləri indiyədək də iddiaçıya qaytarmamasına əsas ola bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, “MERCEDES BENZ E-220” markalı avtomobilə dair xx.xx.2022-ci il tarixli “Öhdəliklərin verilməsi” haqqında müqavilə iddiaçı ilə cavabdeh arasında deyil, Cavabdeh (hazırki iş üzrə cavabdeh) ilə X3 (hazırki iş üzrə iddiaçının oğlu) arasında bağlanmışdır. İddiaçı həmin müqaviləyə görə hər hansı məsuliyyət daşımır və bu cavabdehin iddiaçıya məxsus əmlakı (avtomobil, pul və s.) özündə saxlamasına əsas vermir. Həmin əmlakların cavabdehdə qalmasını haqlı göstərə biləcək hər hansı hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehin etirazında göstərdiyi xüsusatlara tənqidi yanaşır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. İddiaçı hazırki iddia tələbi ilə bağlı mümkün sübutlarını məhkəməyə təqdim etdiyindən, cavabdeh isə məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi xüsusatları, həmçinin, iş materiallarında olan sənədləri sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya məxsus olmuş “MAZDA CX9” markalı ** MD *** dövlət qeydiyyat nömrəli avtomobil hazırda onun mülkiyyətində deyildir. Hazırki vəziyyətdə avtomobilin mülkiyyətçisi X4 adlı digər şəxs olmaqla, həmin avtomobilə dair dövlət qeydiyyat nömrəsi də dəyişmişdir. Cavabdeh qeyd olunan avtomobilə dair iddiaçının ona verdiyi etibarnaməli istifadə hüquqlarından faydalanaraq avtomobilin özgəninkiləşdirilməsinə səbəb olsa da, avtomobilin digər şəxs(lər)in mülkiyyətinə keçməsi nəticəsində əldə olunan gəliri (avtomobilin dəyəri) iddiaçıya ödəməmişdir. Avtomobilin digər şəxs(lər)in mülkiyyətinə keçməsinə görə cavabdeh tərəfindən avtomobilin əvvəki mülkiyyətçisi olan iddiaçıya hər hansı məbləğ ödənildiyi müəyyən olunmamış, cavabdeh özü də belə bir xüsusatın olduğunu iddia etməmiş, əksinə, “MAZDA CX9” markalı avtomobili, yəni onun dəyəri olan 18000 manat məbləği iddiaçıdan aldığını etiraf etmiş, sadəcə olaraq həmin məbləği ilkin ödəniş müqabilində aldığını bildirmişdir. Bununla da, “MAZDA CX9” markalı avtomobilin dəyərinin hazırki iş üzrə tərəflər arasında olan qarşılıqlı razılığa və hazırda da mübahisələndirilməyən hallara görə 18000 manat olması faktı öz təsdiqini tapmışdır. X4 adlı həmin şəxs avtomobili alqı-satqı müqaviləsi əsasında və vicdanlı əldə edən şəxs olaraq qanuni əsaslarla əldə etmişdir. Bu səbəbdən hazırki vəziyyətdə “MAZDA CX9” markalı avtomobilin faktiki olaraq iddiaçıya qaytarılması qanunvericiliyin tələbinə uyğun deyildir. Həmin əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin “MAZDA CX9” markalı avtomobilin tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilmiş dəyəri olaraq 18000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Eyni zamanda, cavabdeh iddiaçıdan 2000 ABŞ dolları pul aldığını da inkar etməmiş, ancaq həmin məbləği də ilkin ödəniş müqabilində aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, 2000 ABŞ dolları pulun hansı məqsədlə alınmasından asılı olmayaraq, cavabdehin iddiaçıdan həmin miqdarda nağd pul alması faktı da məhkəmə araşdırması zamanı tam sübuta yetirildiyinə görə iddia tələbinin 2000 ABŞ dolları pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 177 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırki qətnamədə iddia tələbinin xarici valyuta ilə ifadə edilən hissəsinin həmin məbləğin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olmuş “MAZDA CX9” markalı ** MD *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyəri olaraq 18000 manat, iddiaçı tərəfindən Cavabdeh Asəf oğluna nağd olaraq verilmiş 2000 ABŞ dolları və ödənilmiş 177 manat dövlət rüsumu Cavabdeh Asəf oğlundan tutularaq İddiaçı ödənilsin. Cavabdehdən tutulmalı olan məbləğlərin 2000 ABŞ dollarından ibarət hissəsi qətnamənin icra olunduğu günə ABŞ dollarının AR Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablansın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 177 manat dövlət rüsumu məbləği Cavabdeh Asəf oğlundan tutularaq iddiaçıya ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar