Məhkəmə qərarları › İş №2(049)-2852/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2852/2023

04.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2852/2023 04.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə 04 oktyabr 2023-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1555.20 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və **********06870 saylı abonent kodu ilə qeydiyyatdadır. Evinin qaz sayğacı küçə ərazisində quraşdırıldığından onunla heç bir təması yoxdur. Lakin buna baxmayaraq cavabdeh “Azəriqaz” İB tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və həmin aktla ona 1555.20 manat məbləğində cərimə hesablanmışdir. Aktda, köhnə sayğaca baxış keçirilərkən guya “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var, sayğac istismara yarasızdır” qeyd edilmişdir. Həmin aktın ona münasibətdə heç bir hüquqi əsası yoxdur. Ona görədə həmin akt ləğv edilməli və ona hesablanmış cərimə məbləği silinməlidir. Belə ki, ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktdan məlum olur ki, növbəti dövlət yoxlaması zamanı ona məxsus ******* nömrəli sayğac dəyişdirilərək **********4 nömrəli təzə qaz sayğacı quraşdırılmışdır. Köhnə sayğac üzərində hər hansı bir müdaxilə halı olmadığından tərtib edilmiş aktda müdaxilə barədə hər hansı bir qeyd aparılmamışdır. Akt, onu imza etməyə hüququ olmayan arvadı tərəfindən imza edilmişdir. Aktda müdaxilə halı olsaydı belə, sayğac onların həyətindən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarının "Qazdan istifadə Qaydaları”nın 4.8 bəndinə və qaz Təchizatı haqqında digər qanunvericilik aktlarına görə fiziki şəxs olaraq o, yəni istehlakçı yox, paylayıcı "Azəriqaz" İstehsalat Biriliyi daşıyır. Sadalananları nəzərə alaraq hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edib, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 1555.20 manat məbləğində cərimənin silinməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərədən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması və sayğacın istismara yararsız olması” qeyd edilmiş və İtirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 12960 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçıya 2022-ci ilin aprel ayı üçün 1555.20 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, abonentin evinə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması və sayğacın istismara yarasız olduğu aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının sayğacındakı nasazlıqların onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində əmələ gəlməsi sübuta yetirtilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacındakı nasazlıqlarında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 1555.20 manat cərimə məbləği ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında tutulur. İddianın qiyməti 1555.20 manat olduğundan dövlət rüsumu 30 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 1555.20 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli ******* saylı aktı əsasında hesablanmış 1555.20 manat məbləğində borc silinsin. 30 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar