Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2875/2025 09.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 10000 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsinin maddi gəlirini təmin etmək üçün mal-qara alveri ilə məşğuldur. 2023-cü ildən 2024-cü ilin noyabr ayınadək Lənkəran rayonunun Şilavar kənd sakinləri X5 və X6 qardaşları ilə Cəlilabad rayonunda yerləşən heyvan bazarında heyvan satarkən tanış olmuşdur. Həmin vaxt Xalid və Valid qardaşları onunla alver edib pul qazanacaqlarını bildirərək, ona özləri üçün xırdabuynuzlu heyvan alıb satmasını təklif etmiş, birlikdə alver edəcəklərini və aralarında heç bir yalan olmayacağını səmimi şəkildə inandıraraq onu şərik olmağa razı salmışdılar. O, cavabdehlərin səmimiyyətinə inanaraq Cəlilabad rayon ərazisindən bir neçə baş xırdabuynuzlu heyvan alıb Xalid və Valid qardaşlarına təhvil vermişdi. Cavabdehlər onun pulunu hissə-hissə ödəyərək tam etibarını qazanmışdılar. Lakin Cəlilabad rayonunun Astanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan 23 baş xırdabuynuzlu heyvanı 3900 (üç min doqquz yüz) manata satdığı heyvanların pulunu ona ödəməmişdilər. O, Xalid və Valid qardaşlarından 2024-cü ilin iyun ayınadək dəfələrlə Lənkəran rayonunun Şilavar kəndinə gedib pulunu tələb etsə də, onlar hər dəfə onunla səmimi rəftar edərək, özlərində alver üçün maya dəyəri olmadığından, onlarla yenidən alver etməyə başlamasını və həmin alverdən əldə etdikləri qazancdan ona olan 3900 manat borcu ödəyəcəklərini təklif etmişdilər. O, bu qardaşların borcunu ödəmələri üçün onlarla alver etməyə başlamışdı. İlk vaxtlar cavabdehlər ondan aldıqları malların pulunu geri qaytarsalar da, 2024-cü ilin noyabr ayında Cəlilabad rayonunun Astanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan 17 baş xırdabuynuzlu heyvanı 5400 (beş min dörd yüz) manata ondan alaraq, həmin heyvanların pulundan yalnız 2600 manat hissə-hissə ödəmişdilər. Axırıncı dəfə etdikləri alverdən cavabdehlər müştərək şəkildə olan borclarından 2800 manatı, əvvəlki borcdan qalan 3900 manatı və alver zamanı aldıqları 500 (beş yüz) manat borcu da geri qaytarmamışdılar. Cavabdehlərin ona cəmi borcu 7200 (yeddi min iki yüz) manat olmuşdur. Əlavə olaraq, o, Lənkəran şəhərinə hər dəfə cavabdehlərdən pulunu tələb etməyə gedərkən yol xərci və yemək xərci kimi xərclədiyi 300 (üç yüz) manatı və cavabdehlərdə qalmış 7200 manat pulundan gələn 2500 manat əldən çıxmış faydanı tələb etsə də, Lənkəran şəhər Şöbə Rayon Polis Şöbəsindən və Cəlilabad rayon Polis Şöbəsindən ona bu işin mülki məsələ olduğu bildirilərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilir ki, onun Valid və Xalidin qardaşlarının ona borclu olması barədə kifayət qədər şahid və sübutları vardır. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun çıxış edərək, sübut qismində yalnız Cəlilabad rayon polis şöbəsində qəbul edilmiş qərarın olduğunu, həmin qərarda hazırki cavabdehlərin borclarını etiraf etdiklərini, başqa şahidlərinin də olmasına baxmayaraq həmin şəxslərin məhkəməyə gəlib ifadə verməkdən imtina etdiklərini bildirib, təqdim edilmiş sübutlar əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı şikayəti üzrə Cəlilabad rayon polis şöbəsində araşdırma aparılmışdır. Həmin zaman da o və qardaşı hazırki iş üzrə Cavabdeh1 İddiaçı 2600 manat borclarının olduğunu bildirmişlər. Onların İddiaçı 7500 borcları yoxdur. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 vəkili Vəkil məhkəmə iclasında bildirmişdir ki, cavabdehlərin iddiaçıya cəmi 2600 manat borcları vardır. Bu Cəlilabad rayon polis şöbəsində xx.xx.2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla da öz təsdiqini tapır. İddianın qismən təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə göstərilmiş qaydada məlumat verilmiş Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir rəsmi məlumat bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh1 iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Cəlilabad RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubdan aydın olur ki, Cəlilabad Rayon Polis Şöbəsi, X1 ünvanlanan yazıda, onun müraciəti əsasında araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 08 mart 2025-ci il tarixli qərardan görünür ki, İnqılab Əliyev 2023-cü ildən 2024-cü ilin noyabr ayınadək X3 və X4 qardaşlarının onu aldadaraq, ümumilikdə 7200 manat pulunu ələ keçirdiyini iddia etmişdir. Pul, şikayətçinin qardaşlara satdığı mal-qaraların (xırdabuynuzlu heyvanlar) qiyməti kimi qalmışdır. İlk vaxtlar ödənişlər hissə-hissə edilsə də, sonradan qardaşlar qalan borcları ödəməmişdirlər. X2 izahatında qardaşların onun etibarından sui-istifadə edərək pullarını ələ keçirdiyini bildirmiş, Cavabdeh1 isə izahatında etiraf onun və qardaşının şikayətçiyə 2600 manat borcu olduğunu etiraf etmiş, borcu ödəmək imkanları olmadığından təqribən 5-6 ay ərzində ödəməyi planlaşdırırlar. Cavabdeh2 qardaşı Cavabdeh1 izahatını təsdiqləmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin hesabına iddia ərizəsi verilməsinə görə 120 azn ödənilmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə münasibətini nəzərə alıb, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, həm cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 08 mart 2025-ci il tarixli qərardan, həm də tərəflərin məhkəmədə vermiş olduğu izahatdan tərəflər arasında alqı-satqı müqaviləsi həyata keçirildiyi və bu müqavilədən ötrü cavabdehlərin iddiaçıya borcu olduğu müəyyən olunur. Ona görə də, iddiaçı İnqılab Əliyev hüquqlarının və maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlıdır. Alqı-satqıdan irəli gələn borcun mövcudluğunu hər iki tərəf qəbul etsə də, cavabdehlərin iddiaçıya olan faktiki borcun məbləğilə bağlı məhkəmə mərhələli şəkildə araşdırmış, həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual məcəlləsinin müddəlarını və 77-ci maddəsində göstərilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdehlər iddiaçıya 2600 manat borcludur. Belə ki, İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, 7200 manat tələb etsə də, tələbini tam olaraq təsdiq edəcək sübutları əlavə etməmiş, yaxud şahidlərin dindirilməsilə bağlı vəsatət verməmişdir. Məhkəmə həm cavabdeh tərəfin etirafından, həm də cinayət işinin rədd olunması haqqında qərardan cavabdehlərin 2600 manat borcu olduğunu müəyyən edə bilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə həmçinin iddia tələbi üzrə tələb olunan 2500 manat əldən çıxmış faydanın və 300 manat əlavə xərclə bağlı münasibət bildirərək qeyd edir ki, iddia tələbi üzrə iddiaçı nəyinki cavabdehdin ona 7200 manat borclu olmasını sübut edə bilməmiş, həmçinin əldən çıxmış fayda ilə bağlı da tutarlı, mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də, iddia tələbi iddia tələbi tələb olunan 2500 manat əldən çıxmış faydanın və 300 manat əlavə xərc hissəsində rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən, yəni 2600 manata münasibətdə təmin edildiyindən ödənilmiş 120 manat dövlət rüsumunun 46 manatı cavabdehdən tutulub iddiaçıya verilməli, qalan 74 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2600 (iki min altı yüz) manat məbləğində pul və ödənilmiş 120 manat dövlət rüsumunun 46 (qırx altı) manat hissəsi, cəmi 2646 (iki min altı yüz qırx altı) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-2875/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2875/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver