Məhkəmə qərarları › İş №2(049)-2901/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2901/2022

28.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2901/2022 28.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, iddiaçı: İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın ləğv edilməsi və akt üzrə hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 074041 və xx.xx.2020-ci il tarixli 168303 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında yazılmış cərimənin silinməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Lənkəran rayonu, Girdəni kəndində fərdi evimdə qanuni şəkildə elektrik enerjisindən istifadə etməklə hər ay işıq pulunu ödəmiş, 2018-ci ilin fevral ayında Lənkəran elektrik şəbəkəsinin əməkdaşları evdə olan sayğaca baxış keçirərək çıxıb getmişlər. Növbəti gün yenidən gələrək sayğacdan kənar enerji istifadə etdiyini bəhanə edərək 074041 nömrəli akt yazaraq 526 manat cərimə ediblər. Ailədə heç bir gəliri olmadığı üçün onların yazdığı məbləği ödəmək imkanı olmadığından evinə gələn elektrik xəttini də kəsmişlər. Məcbur qalıb ailəsi il birlikdə atasına məxsus evə köçmüşlər. Həmin vaxtdan da bu günə gədər sayğacı şəbəkədən açıldığı üçün atasının evində yaşayır. Bundan 2 il keçəndən sonra, yəni 2020-ci ilin mart ayında Lənkəran işıq idarəsindən 3 nəfər gələrək həmin evə quraşdırılan sayğacın dövriyyəsi olmadığı görüb, kənar xəttən istifadə etdiyimi ehtimal edərək təkrarən 168303 nömrəli akt tərtib edərək yenidən 390 manat cərimə yazıblar. O, heç vaxt sayğaca müdaxilə etməmiş, nə də ki heç bir kənar xətt çəkməmişdir. Birinci dəfə gəlib sayğaca baxıb çıxıb gedirlər, sabahısı gün isə kənar xətt bəhanəsi ilə akt yazırlar. Ondan sonra sayğacı şəbəkədən açırlar. O, həmin evdə yaşamaya-yaşamaya oraya təkrarən akt yazıb cərimə edirlər. Onlar onu aktla tanış etməmiş, nə də ki hal şahidlərinin iştirakı təmin edilməyib, əlavə olaraq heç onun kənar xəttən istifadə etdiyinə dair hər hansı bir sübutları, şahid və s. yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı həmin evdə 2018-ci ildən yaşayış olmadığını bildirib aktıarın qanunsuz olduğunu və borcun əsassız sayılaraq silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmədə elan olunmaqla araşdırılmış 08 fevral 2018-ci il tarixli, 074041 nömrəli aktdan görünür ki, İddiaçı Lənkəran rayonu, Girdəni kəndində yerləşən evindəki sayğacdan kənar xətdən istifadə müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə elan olunmaqla araşdırılmış 04 mart 2020-ci il tarixli, 168303 nömrəli aktdan görünür ki, İddiaçı Lənkəran rayonu, Girdəni kəndində yerləşən evindəki sayğacdan kənar xətdən istifadə müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə elan olunmaqla araşdırılmış 02 avqust 2022-ci il tarixli, 12/30/479 nömrəli arayışdan görünür ki, İddiaçı evinə gedən elektrik xətti Azərişiq MMC tərəfindən kəsildikdən sonra ailə üzvləri ilə birlikdə atası X4 məxsus fərdi yaşayış evində yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qərarln 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qərarın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Qeyd olunan qərarın 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iş materiallarında olan sənədləri və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan aktlar tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən aktlar tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq şəxsən abonent və hal şahidlərinin iştirakı təmin olunmamış, aktlar abonent və hal şahidləri tərəfindən imzalanmamış, həmçinin istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Bundan başqa aktlardan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir. Belə olan halda məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmış və əsassız olaraq borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPm-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018ci il tarixli, 074041 və xx.xx.2020-ci il tarixli 168303 nömrəli aktların ləğv edilsin və həmin aktlar əsasında yazılmış cərimə silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar