Məhkəmə qərarları › İş №2(049)-2975/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2975/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2975/2024 06.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd 583 əyyarlı ümumi çəkiləri 19.2 qram olan kişi saatını qiyməti 1600(bir min altı yüz) manata; 585 əyyarlı ümumi çəkisi 18.6 qram olan boyunbağı (5.6 qram)- qolbağı (2.1 qram)-sırqa (5.3 qram)- üzük (2.5 qram)- klon (1.5 qram)- sancaq 1 qram) və göz muncuğu (0.6 qram) dəsti, qiyməti 1600 (bir min altı yüz) manata əgər yuxarıda qeyd olunan qızıl-zinət əşyaları olmadıqda, həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 3200 (üç min iki yüz) manat məbləğində pulun, həmin məbləğin 200 (iki yüz) manatını ödədiyinə görə yaranmış 3000 (üç min) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, iddiaçı Qazax şəhəri H.Əliyev prospektində yerləşən “Mərkəzi Kolxoz” bazarının ətrafında, özünə məxsus mağazasında “Qiymətli metalların və qiymətli daşların alğı-satqısı, dövriyyəsi ilə məşğul olur. Onun adına Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında dövlət əyyar palatasının (035694) nömrəli lisenziyası var. Onun Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisi kimi uçota alınmağı haqqında (VÖEN **********) şəhadətnaməsi var. O, Cavabdeh iki ildən artıqdır ki, tanıyır . O, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qazax rayonunda yerləşən ƏSD-nin N saylı hərbi hissəsində "Baş çavuş" vəzifəsində işləyirdi. Cavabdeh əvvəllərdə ondan bir neçə dəfə nisyə olaraq qızıl-zinət əşyalar alıb və borcunu vaxtı-vaxtında ödəmişdir. Ona görədə Cavabdeh onun yanında öz etibarını qazanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində onun mağazasına gəlmiş və ondan 5 ay müddətinə nisyə olaraq qızıl-zinət əşyaları almaq istədiyini bildirmişdir. Onun Cavabdeh etibarı olduğuna görə ona nisyə olaraq qızıl-zinət əşyalar satmağa razılaşdır. İddiaçı cavabdehə 1) 583 əyyarlı ümumi çəkiləri 19.2 qram olan kişi saatı, qiyməti 1600(bir min altı yüz) manata ; 2) 585 əyyarlı ümumi çəkisi 18.6 qram olan boyunbağı (5.6 qram)- qolbağı (2.1 qram)- sırqa (5.3 qram)- üzük (2.5 qram)- klon(1.5 qram)- sancaq (l qram) və göz muncuğu (0.6 qram) dəstini 1600 (bir min altı yüz) manata satmışdır. Beləliklə o, ümumu dəyəri 3200 (üç min iki yüz) manatlıq qızıl-zinət əşyalarını Cavabdeh 5 (beş) ay müddətinə nisyə olaraq satmışdır. Həmin vaxt onlar öz aralarında borc müqaviləsi yazmışlar və müqavilənin doğruluğunu iddiaçı, Cavabdeh və onlara şahidlik edən X2 öz imzaları ilə təsdiqləmişlər. Həmin tarixdən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh ona olan 3200 (üç min iki yüz) manat məbləğində pul borcundan ümumilikdə 200 (iki yüz) manat məbləğində pul vermişdir. O, dəfələrlə ondan xahiş etmiş ki, ona olan pul borcunu versin. Amma Cavabdeh onu aldadaraq ona olan pul borcunu verməkdən yayınır. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə teleqram göndərərək iddianı müdafiə edərək iddianın təmin edilməsini, sübut kimi təqdim etdiyi müqavilənin əsas götürülməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, İddiaçı tanımır və onun heç vaxt görməmişdir. O, Nümayəndə tanıyır və ondan da 1500 manat borca pul almışdır. Həmin pulun da 800 manatını ödəmiş 700 manat borcu qalmışdır. O, heç vaxt Sədrəddindən və ya Pərvanə adlı şəxsdən qızıl almamış və qızılla bağlı hər hansı sənədə imza etməmişdir. Nümayəndə sələmə pul verən şəxsdir və onun kimi bir neçə gizir və zabit yoldaşına da sələmə pul vermişdir. Ümumiyyətlə 26 fevral günü Xocalı faciəsi günü olduğu üçün və həmin gün hərbi hissədə tədbir olduğu üçün onun hərbi hissəni tərk etməsi mümkün deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Lənkəran rayonunda yerləşən hərbi hissəsində xidmət edir. Əvvəllər isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qazax rayonunda yerləşən hərbi hissəsində xidmət etmişdir. Qazax rayonunda xidmətdə olarkən Sədrəddin adlı şəxsdən faizə pul almış, həmin pula görə də sənədlərə imza etmişdir. Sonradan pulu qaytara bilmədiyinə görə Qazax Rayon Məhkəməsinə işi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, 3200 manat dəyərində olan qızıl zinət əşyalarını Cavabdeh Qazax şəhər, H.Əliyev prospektində yerləşən Mərkəzi Kolxoz bazarının ətrafında qiymətli metalların və qiymətli daşların dövriyyəsi mağazasının müdiri İddiaçı 5 aya yəni xx.xx.2021-ci il tarixədək X1 şahidliyi və imzası ilə borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2014-cü il tarixli 075268 nömrəli Lisenziyadan görünür ki, İddiaçı qiymətli metalların və qiymətli daşların dövriyyəsini həyata keçirməyə icazə verilmişdir. Lisenziyanın qüvvədə olma müddəti 5 ildir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 058389 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/475 saylı rəyindən görünür ki, mülki işin 7-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli borc müqaviləsinin üz tərəfində “1) S.A.A.Cavabdeh” və “ 1.Cavabdeh” qrafalarındakı imzalar-Cavabdeh tərəfindən icra olnmuşdur. Həmin müqavilənin arxa tərəfində “1.CavabdehN” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş yeganə sübut xx.xx.2021-ci il tarixli müqavilə mötəbərlilik kriteriyasına cavab vermir. Həmin sübutun iş üzrə mötəbərliyi, mümkünlüyü və yetrəliliyi kifayət qədər deyil. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, iddiaçı iddiasında da bildirdiyi kimi cavabdehdən tələb etmə hüququnun əsası kimi tərəflər arasındakı alğı-satqı müqaviləsini göstərmişdir. İddia ərizəsində iddia tələbində də qızıl zinət əşyalarının nisyə alğı satqısını həyata keçirdiyini göstərmişdir. Lakin məhkəməyə sübut kimi təqdim edilmiş müqavilə isə borc müqaviləsi adlanır. (İddia ərizəsində də hüquqi əsas kimi MM-nin 740.2-ci maddəsinə istinad edilmişdir.) Bu mənada iddiaçının tələbinin əsası kimi nisyə alğı-satqı yoxsa borc münasibətlərinin olması müəyyən deyil. Bundan başqa, iş materiallarından aydın olur ki, xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən İddiaçı qızıl zinət əşyaları satmaq səlahiyyəti olmamışdır. Yuxarıda da şərh edildiyi kimi İddiaçı qeyd olunan sahədə fəaliyyət göstərməsi üçün xx.xx.2014-cü il tarixdən 5 il müddətinə razılıq verilmişdir, yəni iddiaçının qiymətli metalların və qiymətli daşların dövriyyəsini həyata keçirmə kimi faəliyyəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Bunlarla yanaşı, məhkəmə xüsusilə vurğulamağı vacib hesab edir ki, məhkəməyə təqdim edilmiş yeganə sübut- xx.xx.2021-ci il tarixli müqavilənin özünə nəzər yetridikə, adi gözlə görülməsi mümkün olan çatışmazlıqlar aşkar görünür. Belə ki, müqavilə iki səhifə olmaqla bir vərəqdən ibarətdir. Həmin səhifələrdə isə qələmlər müxtəlif rənglərdə olmaqla ayrı-ayrı vaxtlarda yazılması istisna deyildir. Habelə, müqavilənin hüquqi qüvvəsinin təsdiqi üçün ikinci səhifədə möhür vurulmuşdur, lakin elə ikinci səhifədə olan imzanın hazırda cavabdeh olan Cavabdeh məxsus olması özlüyündə ekspert rəyi ilə təkzib edilmişdir. Yuxarıda şərh olunan xx.xx.2024-cü il tarixli eksper rəyində də göstərilmişdir ki, müqavilənin arxa tərəfində imzanın Cavabdeh tərəfindən icra olunub-olunmaması müəyyən etmək mümkün olmamışdır. Bütün göstərilən hallar iş üzrə yeganə sübut kimi təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilənin mötəbər sübut kimi qəbul edilməməsinə məhkəməyə əsas verir. Məhkəmə hesab edir ki, mötəbər hesab edilməyən sübut iş üzrə mümkün və yetərli sübut kimi qəbul edilə bilməz. Həmin müqavilənin iş üzrə sübut kimi qəbul edilməsi əsassız olmaqla, həm də qanunvericiliyin tələbinə tamamilə ziddir. Məhz göstərilənlər baxımından, habelə iddiaçı tərəfindən başqa sübut- şahid ifadəsi, telefon danışığı, foto, video - təqdim edilməməsini və MPM-nin yuxarda şərh olunan 14.2 və 77.1-ci maddələrinə əsasən iddianın təmin edilməsi əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialllarından müəyyən olunur ki, iddiaçı dövlət rüsumunü ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar