Məhkəmə qərarları › İş №2(049)-3114/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3114/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3114/2023 02.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 1351 manat, Cavabdeh2 920 manat, Cavabdeh3 500 manat və Cavabdeh4 333 manat, ümumilikdə 3104 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhərində yerləşən, icarə müqaviləsi əsasında sahibliyində olan “Galaxy” adlı mağazada xırda sahibkarlıqla məşğul olmaqla telefon və aksesuarlarının satışı ilə məşğul olur. Bir qayda olaraq, nağd şəkildə alqı-satqı əməliyyatları aparsa da, bəzən müştərilərin maddi vəziyyətini və təkidli xahişini nəzərə alıb həmin malları nisyə də satır. Hazırkı iş üzrə Cavabdeh1 da həmin müştərilərdən biri olmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə onun fəaliyyət göstərdiyi mağazaya yaxınlaşmış, “Samsung A 50” markalı mobil telefonu ona nisyə satmasını xahiş etmişdir. O da Cavabdeh1 uşaq poliklinikasında tibb bacısı işləməsini nəzərə alıb ona inandığı üçün həmin mobil telefonu 430 manata, eləcə də, telefonun aksesuarlarını 31 manata nisyə olaraq satmışdır. Cavabdeh1 həmin telefonu alarkən, yəni 2020-ci ilin may ayında 20 manat ilkin ödəniş etmiş, daha sonra 2020-ci ilin iyun ayında 90 manat, iyul ayında 90 manat, 2021-ci ilin mart ayında 60 manat, aprel ayında isə 50 manat, ümumilikdə 310 manat pul ödəmişdir. “Samsung A 50” markalı mobil telefonun satışından Cavabdeh1 ona 151 manat borcu qalmışdır. Cavabdeh1 “Samsung A 50” markalı mobil telefonla bağlı ilkin ödənişi etdiyindən və ondan sonrakı ilk aylarda aylıq ödənişləri vaxtında yerinə yetirdiyindən, eləcə də, dövlət müəssisəsində işlədiyindən onda özünə qarşı inam formalaşdırmışdır. Məhz bu baxımdan o, digər qohumları üçün də mobil telefon almaq arzusunda olduğunu və eyni qaydada ödəniş edəcəyini bildirərkən etiraz etməmişdir. xx.xx.2020-ci il tarixində mağazaya yaxınlaşmış və yenə də “Samsung A 50” markalı mobil telefon almışdır. Öz dediyinə görə Cavabdeh1 birinci dəfə aldığı “Samsung A 50” markalı mobil telefonu bacısına vermiş, ikinci dəfə aldığı mobil telefonu isə özü üçün almışdır. Cavabdeh1 ikinci dəfə ondan aldığı mobil telefonun qiyməti 480 manat olmuş, həmin mobil telefon əvvəlki ilə eyni markalı olsa da, yaddaş tutumu çox olduğuna görə nisbətən baha olmuşdur. Həmin mobil telefona görə xx.xx.2020-ci il tarixdə 80 manat, xx.xx.2020-ci il tarixdə 80 manat, xx.xx.2020-ci il tarixdə 80 manat, ümumilikdə 240 manat pul ödəmişdir. Həmin mobil telefonun dəyərindən 240 manat ödənilməmiş qalmışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə yenidən mağazaya yaxınlaşmış və bu dəfə Arzu adlı qohumu üçün mobil telefon almaq istədiyini bildirmişdir. Bu dəfə isə o, “Samsung A 20” markalı mobil telefonu almaq istədiyini demiş və o, Cavabdeh1 həmin mobil telefonu 350 manat məbləğində nisyə olaraq satmışdır. Həmin mobil telefonla bağlı heç bir ilkin ödəniş edilməmişdir. Bununla da “Samsung A 20” markalı mobil telefonun alqı-satqısından 350 manat ödənilməmiş qalmışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə mağazaya yaxınlaşmış və yenidən mobil telefon almaq niyyətində olduğunu bildirmişdir. “Samsung S 8” markalı mobil telefonu nisyə alan Cavabdeh1 heç bir ilkin ödəniş etməmiş və bildirmişdir ki, yaxın zamanlarda birdəfəlik ödəniş edəcəkdir. O, həmin mobil telefonu Cavabdeh1 470 manata nisyə olaraq satmış, lakin indiyədək həmin telefonun dəyəri olan 470 manat ödənilməmiş qalmışdır. Cavabdeh1 xx.xx.2020ci il tarixdə mağazaya gələrək “Huawei Y 3” markalı mobil telefon da istəmiş, o da həmin telefonu nisyə olmaqla 140 manata satmışdır. “Huawei Y 3” markalı mobil telefonun dəyəri olan 140 manat ödənilməmiş qalmışdır. Bu onunla Cavabdeh1 arasında sonuncu alqı-satqı əməliyyatı olmuşdur. Cavabdeh1 bundan sonra ondan hər hansı əmlak almamış, eyni zamanda, həmin vaxtadək aldığı telefonlarla bağlı ödəniş etməmişdir. Onun həmin vaxtadək aldığı telefonlarla görə ödənilməmiş borcu cəmi 1351 manat olmuşdur. Dəfələrlə Cavabdeh1 ilə telefon əlaqəsi saxlasa da, o, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Onun qadın olmasını nəzərə alıb kifayət qədər vaxt versə də, heç bir müsbət nəticə verməmişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə mağazaya gəlmiş və “Redmi Note 8” markalı mobil telefon istəmiş, o da həmin mobil telefonu aksesuarları ilə birlikdə nisyə olmaqla 360 manata ona satmışdır. Cavabdeh2 ilkin ödəniş etməmiş, hər ay hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Lakin o, 3 ay sonra - xx.xx.2020-ci il tarixdə cəmi 40 manat pul ödəmiş, sonrakı tarixlərdə heç bir ödəniş etməmişdir. Bununla da, “Redmi Note 8” markalı mobil telefonun dəyərindən Cavabdeh2 ona 320 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə arvadı ilə birlikdə mağazaya gəlmiş və bu dəfə iki ədəd mobil telefon istəmişdir. O da 190 manat dəyərində olan “Samsung J 3” markalı və 410 manat dəyərində “Redmi 6” markalı mobil telefonu Cavabdeh2 nisyə olaraq satmışdır. Cavabdeh2 aldığı telefonlardan heç bir ödəniş etməmişdir. Bununla da Cavabdeh2 ona olan borcu cəmi 920 manat olmuşdur. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə mağazaya gələrək ondan “Samsung A 52” markalı mobil telefonu nisyə olaraq almaq istədiyini bildirmişdir. O da həmin mobil telefonu 750 manata nisyə olaraq Cavabdeh3 satmışdır. Cavabdeh3 aldığı telefona görə ilkin ödəniş olaraq 150 manat, xx.xx.2022-ci il tarixdə isə 100 manat, cəmi 250 manat ödəniş etmişdir. Bundan sonra ona dəfələrlə zəng etsə də və yaşadığı evə getməklə xəbərdarlıq etsə də, müxtəlif bəhanələrlə üzləşmişdir. Bundan sonra Cavabdeh3 Bakı şəhərinə getmiş və mobil telefonunun nömrəsini dəyişmişdir. Bununla da Cavabdeh3 “Samsung A 52” markalı mobil telefonun dəyərindən ona 500 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh4 xx.xx.2020-ci il tarixdə mağazaya gəlmiş və “Samsung A 30” markalı mobil telefonu nisyə olaraq almaq istəmişdir. O da həmin mobil telefonu 390 manata nisyə olaraq Cavabdeh4 satmışdır. Cavabdeh4 ilkin ödəniş etməmiş, lakin bundan sonra 5 dəfəyə olmaqla cəmi 237 manat ödəniş etmişdir. Həmin mobil telefonun dəyərindən Cavabdeh4 ona 153 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh4 xx.xx.2020-ci il tarixdə “Samsung A 20 S” markalı mobil telefonu da nisyə olaraq almaq istəmiş, o da həmin telefonu nisyə olmaqla 180 manata satmışdır. Cavabdeh4 həmin mobil telefonla bağlı heç bir ödəniş etməmiş və 180 manat ödənilməmiş qalmışdır. Bununla da Cavabdeh4 ona olan borcu cəmi 333 manat olmuşdur. Cavabdehlərin ümumilikdə ona olan borcu 3104 manat təşkil edir. O, hazırkı mübahisəni dələduzluq cinayəti hesab etdiyindən Lənkəran şəhər-rayon Polis Şöbəsinə müraciət etmiş, lakin müraciəti düzgün araşdırılmamış, ona hər hansı məzmunda cavab verilməmiş və müraciəti nəticəsiz qalmışdır. Hüquq mühafizə orqanlarından ona şifahi formada cavab verilmişdir ki, hazırki mübahisə mülki xarakterlidir və məhkəməyə müraciət edə bilər. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iddia tələbini müdafiə etdiyini bildirərək həmin tələbin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikir bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə cavabdehlərin məhkəməyə gəlmədiklərinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, İddiaçı onun əridir və o, Lənkəran şəhərində yerləşən “Galaxy” adlı mağazada telefon və telefon aksesuarlarının satışı ilə məşğul olur. Cavabdehlərin xahiş və istəklərinə görə onlara müxtəlif vaxtlarda fərqli modellərdə olan mobil telefon və aksessuarları nisyə olaraq aralarında şifahi bağlanmış müqavilə əsasında satmışlar. Əri bir il bundan əvvəl ölkədən kənara getmiş və getməzdən öncə cavabdehlərlə razılığa gəlmişlər ki, həmin şəxslər ödənilməmiş qalan borcları ona qaytarılmalıdırlar. Onun həmin vaxt ərinə kimin və nə qədər borclu olması və cavabdehlərin kimliyi barədə məlumatı olmuşdur. O, ərinə borcu olan cavabdehərlə borclarını qaytarmalarından ötrü dəfələrlə telefon əlaqəsi saxlamış, cavabdehlər özləri də borclarını etiraf edərək borclu olduqları pulu qaytaracaqlarını desələr də, hazırki vaxtadək borclarını ödəməmişlər. Ona görə də əri məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 3 ədəd CD diskdə olan audioyazılar məhkəmə tərəfindən dinlənilmişdir. Dinləmə zamanı müəyyən edilmişdir ki, həmin danışıqlarda tərəflərdən biri mobil telefonun dəyərinin ödənilməsini tələb edir, digər tərəf isə həmin əşyanın dəyərinin ödəniləcəyi (və ya hissə-hissə ödəniləcəyi) barədə vədlər verir, ödənişilərin gecikdirilməsinə maddi imkansızlıq, başqa şəxslərdən asılı olan səbəblər və bu kimi digər məzmunlu izahlar verilir. Həmin danışıqlarda tərəflər arasında 50 manat, 60 manat və 100 manat kimi müxtəlif məbləğlər səsləndirilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, onunla Cavabdeh1 arasında olması iddia edilən (qarşı tərəfin adı telefonda “Elnure Kredit” kimi qeyd edilmişdir) telefon yazışmalarının bir hissəsinə aid çıxarış vərəqəsində dialoq şəklində qeyd edilmiş yazılarda “Bu gün pulu ödəməsən, 100 m. Axşam evə gələcəm”, “Bakıdan gəlməlidi”, “Bəlkə gəlməyəcək”, “Gələr inşallah”, “Mənə bəhanə tapmayasan, 1 aydan çoxdu eyni sözlə qaçırsan. Ver adamın nömrəsini mənə” məzmunlu qeydlər vardır. İş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, iddiaçı Cavadov X2 şəhəri M.Ağayev küçəsi ev 47 A ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün 52 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı onunla cavabdehlər arasında əşyaların nisyə satışı barədə razılaşmalar olduğunu iddia etsə də, belə bir alqı-satqı müqavilələrinin (yazılı və ya şifahi), həqiqətən də, mövcud olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Nisyə satılan əşyaların dəyərinin hissə-hissə ödəniləcəyi barədə tərəflər arasında tərtib edilmiş hər hansı ödəniş cədvəli, cavabdehlərin öz üzərlərinə öhdəlik götürdüklərini təsdiq edə biləcək yazılı qəbz və sair sənəd də iş materiallarına əlavə edilməmişdir. İddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi, onunla cavabdehlər arasında olması iddia edilən telefon danışıqlarında və telefon yazışmalarının bir hissəsinə aid çıxarış vərəqəsində dialoq şəklində olan danışıqlarda 50 manat, 60 manat və 100 manat kimi müxtəlif məbləğlər səsləndirilsə də, həmin məbləğlərin və ya daha artıq miqdarda (iddiaçının hazırki iddia tələbində hər bir cavabdehə qarşı tələb irəli sürdüyü miqdarlarda) pulun kim tərəfindən, nə vaxt və hansı əşyaya görə verilməli olduğu, satılmış əşyanın ilkin dəyəri, hazırda borcun ümumi miqdarı, başqa sözlə tələbin hansı əsasdan yarandığı da qeyd olunan danışıqlardan müəyyən edilmir. Ümumiyyətlə, həmin danışıqlarda qarşı tərəfin məhz hazırki iş üzrə cavabdehlər qismində işə cəlb edilmiş şəxslər olub-olmadığı da bəlli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddia tələbinin əsası kimi yalnız onunla cavabdehlər arasında olmasını iddia etdiyi telefon danışıqlarının qeyd edildiyi audioyazılara və həmin danışıqların bir hissəsinə aid çıxarış vərəqəsinə istinad edir. İddiaçı məhkəməyə digər hər hansı sübut təqdim etməməklə, onun öz iddia tələbinin əsası kimi istinad etdiyi hallardan heç biri hazırki iddia tələbinin təmin olunması üçün yetərli hesab edilə bilməz. Məhkəmə iddiaçının dəlillərinə məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək müqayisəli şəkildə araşdıraraq və qeyd olunan prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə təhlil edərək qərara gəlir ki, iddiaçının cavabdehlərə (ayrı-ayrılıqda) nisyə olaraq əmlak satması və cavabdehlərin aldıqları əmlakların dəyərini tam şəkildə və ya ümumiyyətlə ödəməyərək borclu qalmasına dair hazırki iddia tələbləri, həmin iddia tələblərinin məhkəmə araşdırması zamanı sübuta yetirilməməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin əsaslara və qeyd olunan hüquq normalarının tələblərinə görə qərara gəlir ki, iddia tələbinin borc məbləğlərinə dair hissəsinin təmin edilməməsi nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 52 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh1 1351 manat, Cavabdeh2 920 manat, Cavabdeh3 500 manat və Cavabdeh4 333 manat, ümumilikdə 3104 manat pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 52 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar