Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3138/2025 08.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən ödənilmiş ümumi 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin və ödədiyi 100.40 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh3 alınıb ona verilməsi və müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün cəmi 100 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməli olması müəyyən edilmişdir. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçı hazırki iddia tələbində cavabdehlərə qarşı həm pul tələbi (qiymətləndirilən iddia) həm də müqavilənin etibarsız hesab edilməsi tələbi (qiymətləndirilməyən iddia) ilə məhkəməyə müraciət edərkən həmin tələblər üçün hər iki tələbi əhatə edə biləcək miqdarda, yəni həmin tələblər üçün ayrı-ayrılıqda ödənilməli olan dövlət rüsumunun daha yuxarı həddinə uyğun miqdarda dövlət rüsumu ödəməli idi. İddiaçının hazırki iddia tələblərindən biri - qiymətləndirilməyən iddia üçün 100 manat, digər iddia tələbi qiymətləndirilən iddia üçün isə 166.50 manat (15.000 ABŞ dolları = 25.500 manat), hər iki iddia tələbi üzrə birlikdə müraciət etmək üçün daha yuxarı həddə uyğun miqdarda, yəni 166.50 manat dövlət rüsumu ödənilməli olduğu halda, iddiaçı cəmi 100 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı hazırki iddia tələblərində cavabdeh qismində üç nəfərin adını qeyd etsə də, hər bir cavabdehə (konkret olaraq Cavabdeh2 qızına) qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Eyni zamanda, iddiaçı hazırki iddia ərizəsində cavabdehlərdən birinin soyadı, adı, atasının adını “Cavabdeh2 qızı”, ünvanını isə “Lənkəran rayonu Şilavar kəndi” kimi qeyd etsə də, “Elektron məhkəmə” informasiya sistemi üzrə məlumatlar səhifəsində belə bir soyad, ad və ata adına malik olan, habelə, bu ünvanda qeydiyyatda olan hər hansı şəxs aşkar edilməmişdir. İddiaçı tərəfindən cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar dürüst və dolğun şəkildə qeyd edilməmiş, bununla da iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində tələblərdən biri kimi müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, konkret olaraq hansı məzmunlu, hansı tarixli və hansı şəxslər (tərəflər) arasında bağlanmış müqavilədən bəhs etdiyini qeyd etməmişdir. Bununla da, iddiaçı qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi üzrə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə, cavabdehlərin hər birinə qarşı yönələn tələbin nədən ibarət olması aşkar şəkildə qeyd edilmədiyinə görə, habelə, qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd işə əlavə edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qərardadın təsviri hissəsində göstərilənlər həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-3138/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3138/2025
08.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver