Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3150/2025 26.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1, İddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə, İddiaçı Ağaəli oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə. müəyyən etdi: İddiaçı Ağaəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3600 (üç min altı yüz) manat pulun, iddia qaldırarkən ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumunun eləcə də vəkil haqqı olaraq hazırkı işlə bağlı ödədiyi pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1961-ci il tarixdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuş və hazırda da həmin ünvanda yaşayır. Lənkəran şəhərində yerləşən «Spes Keramik» şirkətinin rəhbəridir. Şirkətdə müxtəlif kafel və metlax, eləcə də digər məişət və tikinti avadanlıqlarının satışı ilə məşğul olur. İş üzrə cavabdeh, Lənkəran rayonu Velədi kənd sakini Cavabdeh 2023- cü ilin əvvəllərində anası ilə birlikdə şirkətini müraciət edərək evlərinin tikintisi və təmiri üçün 12.000 (on iki min) manat dəyərində müxtəlif tikinti materialları, o cümlədən taxta, kafel-metlax və digər məişət avadanlıqları almış və müəyyən hissəsini nağd olaraq vermiş, qalan 3600 manat pulu sonradan verəcəyini vəd etsə də, verməmiş və hazırda ona 3600 (üç min altı yüz) manat borcu qalmışdır. Dəfələrlə həmin pulu ondan tələb etsə də, verməmiş, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Nəhayət cavabdeh borcu qaytarmadığından o, məcbur qalıb Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmiş və polis şöbəsinə gəlməsə də, atası Şahid 23 fevral 2025-ci il tarixdə PŞ-nə gəlmiş, ondan rəsmi izahat alınmış və o, oğlunun borcunu qismən, yəni 3300 manata münasibətdə etiraf etmiş və hissə-hissə ödəyəcəyinə söz vermişdir. Cavabdeh atası həmin vaxt ona 300 manat pul vermək istəsə də, iddiaçı həmin pulu qəbul etməmiş və pulumu tam olaraq istədiyini demişdir. Yəni cavabdehin ona 3300 manat deyil, hazırda 3600 manat borcu qalmışdır. O, qanunvericiliyin tələbinə görə cavabdehə pretenziya məktubu da göndərmiş və könüllü olaraq ona olan borcunu ödəməyi təklif etmişdir. Lakin o, pretenziya məktubuna da cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə 3600 manat məbləginə pulun qaytarılması ilə bağlı onu xəbərdar etmiş və əks halda 3 gün müddətinə tələb icra olunmadığı halda məhkəməyə müraciət edilməsini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Lənkəran rayon polis şöbəsində cavabdeh Şahid təfindən yazılmış izahatdan görünür ki,cavadehi tanıyı.Belə ki, 2 il əvvəl o, evi təmir etmək məqsədi ilə Lənkəran şəhərində yerləşən İddiaçı məxsus həmin şirkətə getmiş. Oradan təqribən 12.000 manat civarında evi təmi etməkdən ötrü məişət avadlanlıqları həmçinin metlax və taxa o, cümlədən kafel almışdır. Onları borc kimi alıb evə gətirmiş. Razılaşmaya əsasən hər ay hissə- hissə bir ilə kimi həmin 12.000 manat pulu tam verməli imiş. Lakin o, 12.000 manat civarında olan puldan cəmi olaraq bir hissəsini həmin şirkətə ödəmiş. Belə ki, o, 12.000 manat borc puldan 3300 manat pul həmin şirkətə borclu qalmış. Hal-hazırda iş yeri olmadına görə ailə üzvlərindən hec kim işləmir. O, qısa müddətə həmin 3300 manat civarında pulu tam olaraq İddiaçı məxsus “SPES” şirkətinə ödəyəcəyinə qeyd etmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün ümumilikdə cəmi 56 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixıi ödəniş qəbzindən görünür ki, hüquqi yardımın göstərilməsinə görə hesaba 325 manat ödənilmişdir. Məhkəmə, iddia tələbini, məhkəməyə sübut kimi təqdim edilmiş sənədləri araşdırıb, habelə tərəfləri dinləyib nelə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Məhkəmə, qeyd olunan normalara, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, Lənkəran rayon polis şöbəsində verdiyi izahat mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş izahat, işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. Həmin sübutdan, Lənkəran rayon polis şöbəsində verdiyi izahat müəyyən edilir ki, iddiaçı cavabdehə ümumilikdə 12000 manat məbləğdə məişət avadanlıqları hissə hissə ödəmək şərti ilə vermiş, cavabdeh borcudan müəyyən hissəsini qaytarmış qalan 3300 manat pulu geri qaytarmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi 3300 manat həddində təmin edilməlidir. Bununla yanaşı, qalan pul məbləğlərinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı başqa sübut- şahid ifadəsi, telefon danışığı, foto, video - təqdim edilməməsini və MPM-nin yuxarda şərh olunan 14.2 və 77.1-ci maddələrinə əsasən iddianın qalan hissədə təmin edilməsi əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 56 manat dövlət rüsumu, hüquqi yarıdıma görə ödənilmiş 325 manat Cavabdeh tutularaq İddiaçı Ağaəli oğluna ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ağaəli oğlunun iddiası qismən təmin edilsin. Cavabdeh 3300 manat məbləğində pul, ödənilmiş 56 manat dövlət rüsumu, hüquqi yarıdıma görə ödənilmiş 325 manat Cavabdeh tutularaq İddiaçı Ağaəli oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3150/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3150/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver