Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3240/2022 15.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X4 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2021-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 456,96 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.1942-ci ildə Masallı şəhərində anadan olub. Hazırda ailə üzvləri ilə birlikdə, Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır və **********00950 saylı kod üzrə qaz istehlakçısıdır. Ev mərhum əri X5 adınadır. Həmin evin öz qaz xətti və öz sayğacı vardır, mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı onların evinə çoxdan qoyulmuş və heç bir problemi də olmamışdır. "Azəriqaz” X3 RQİİ-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar. 26 noyabr 2021-ci il tarixdə evdə olmadığı zaman "Azəriqaz" X3 RQİİ-nin əməkdaşları yaşadığı, evə gələrək sayğaca baxış keçiriblər. Qaz idarəsinin əməkdaşları evdə olan şəxslərə bildirmişlər ki, bütün sayğaclar yenisi ilə əvəz olunmalıdır. Sonra sayğacı dəyişib ona oxşar sayğacla əvəz ediblər. Bir aydan sonra qaz idarəsinin əməkdaşları akt tərtib ediblər. 30 dekabr 2021-ci il tarixdə sayğaca baxış keçirilib və sayğacda nasazlıq aşkar olunub və bu barədə akt tərtib edilmişdir. Buna görə də mərhum ərinə 456 manat 96 qəpik cərimə hesablanmışdır. Həmin aktda göstərilmişdir ki, Soltan Məmmədov həmin akta imza etməkdən imtina etmişdir. Halbuki, onların belə bir aktdan xəbəri olmamışdır. Akt 30 dekabr 2021-ci il tarixdə yazılmışdır. O, bütün bunlara aydınlıq gətirmək üçün qaz idarəsinə getmişdir. Orada ona abonentin saldosunu təqdim etmişlər, saldoda 456 manat 96 qəpik cərimə hesablanmışdır. Qaz sayğacının onun tərəfindən yararsız hala salınması sübut olunmadığı halda, ona 456 manat 96 qəpik cərimə hesablanmışdır. Buna görə də hesab edir ki, Lənkəran X12 İdarəsinin əməkdaşlarının tərtib etdikləri 30 dekabr 2021-ci il tarixli ******* nömrəli akt qanunsuzdur və həmin akt ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış qazın alqı-satqı müqaviləsindən görünür ki, qaz X1 İdarəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, X7 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifələrindən biridir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. xx.xx.2021-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, mərhum Soltan Məmmədovun yaşadığı Lənkəran rayonu, Qumbaşı kəndidə yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 markalı 10310292 nömrəli qaz sayğacı Zenner tipli, G-4 markalı **********3 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğaca baxış keçirildi, baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmiş və istehlakçıya 4320 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, mərhum X6 2021-ci ilin dekabr ayı üçün 456 manat 96 qəpik borc hesablanmışdır. Lənkəran rayon Qeydiyyat şöbəsinin 29 iyul 2022-ci il tarixli, 2301 nömrəli arayışından görünür ki, X7 ilə X2 nikahı 22 noyabr 1965-ci ildə 55 nömrəli aktla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 ürəyin xorniki işemik xəstəliyi səbəbindən xx.xx.2021-ci il tarixdə Lənkəran rayonu Qumbaşı kəndində vəfat etmişdir. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 02 noyabr 2022-ci il tarixli, 1828 saylı arayışdan görünür ki, xx.xx.1942-ci il təvəllüdlü İddiaçı ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Qumbaşı kəndində fərdi yaşayış evində yaşayır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış qazın alqı-satqı müqaviləsin əsasən qaz paylayıcısı- X14 İdarəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, X7 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyir. xx.xx.2021-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» akt ilə X5 yaşadığı Lənkəran rayonu, Qumbaşı kəndidə yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 markalı, 10310292 nömrəli qaz sayğacı Zenner tipli G-4 markalı **********3 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktına əsasən, sayğacın çıxış plastmas borusu deşilməsi səbəbindən itirilmiş qazın bərpası barədə hesablamalar aparılmış və istehlakçı X6 4320 m3 qaz sərfiyyatı və 2021-ci ilin dekabr ayı üçün 456 manat 96 qəpik borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, «Azəriqaz» İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydaların 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və «Azəriqaz» İB-nin nümayəndəsinə (müvafiq X11) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan iddia təmin edilməli, cavabdeh «Azəriqaz» X4 regional Qaz İstismar İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktı ləğv edilməli və həmin akt əsasında hesablanmış 456 manat 96 qəpik məbləğində cərimə silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X4 X12 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2021-ci il tarixli ******* saylı aktı ləğv edilsin və həmin akt əsasında hesablanmış 456 manat 96 qəpik məbləğində cərimə silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3240/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3240/2022
15.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver