Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3284/2024 22.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi:X3, iddiaçı: İddiaçı, cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab edilməsi və akt üzrə hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli, 338378 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 697 manat cərimənin silinməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında özünə məxsus evi vardır. Həmin evdə 2017-ci ilin əvvəlindən bu ilin iyul ayınadək ümumiyyətlə yaşayış olmamışdır. Həmin evə quraşdırılmış elektrik sayğacı da Lənkəran elektrik şəbəkəsi tərəfindən elə 2017-ci ildən sökülərək aparılmışdır. Bu səbəbdən də həmin evdə ümumiyyətlə heç bir elektrik xətti mövcud olmamışdır. Bu il iyul ayının əvvəllərində həmin evə köçmək məqsədilə Lənkəran elektrik şəbəkəsinə müraciət edərək həmin evə məxsus olan elektrik sayğacının yerinə quraşdırılmasını xahiş etmişdir. Onlar da xx.xx.2024-cü il tarixdə həmin evə yeni bir sayğac quraşdıraraq çıxıb getmişlər. O vaxtdan keçən son 1-ay ərzində müxtəlif vaxtlarda olmaqla 5 dəfəyə 44 AZN sayğacın kartına ödəniş etmişdir. 2 gün öncə idarənin nəzarətçi mühəndisi onu görəndə 697 AZN borcum olduğunu bildirmişdir. Səbəbini soruşduqda isə xx.xx.2024-cü il tarixində ona cərimə aktı yazıldığını bildirdi. Ona həmin evə bu ay köçdüyünü, bundan əvvəl həmin evdə heç bir yaşayış olmadığını bildirəndə onun özü də bu əraziyə nəzarət etdiyini, burada yaşayışın olmadığından məlumatlı olduğunu bildirmişdir. Lakin aktın onun tərəfindən yazılmadığını və ona görə də heç nə deyə bilməyəcəyini bildirmişdir. Bütün bu qeyd etdikləri onun abonent dövriyyəsindən aydın şəkildə görmək olur. Belə ki, sonuncu dəfə xx.xx.2017-ci ildə sayğacın göstəriciləri oxunub. Bundan sonra isə həmin evdə yaşayış olmaması səbəbindən sayğac idarə tərəfindən aparıldığı üçün heç bir oxunma olmamışdır. Daha sonra isə xx.xx.2024-cü il tarixində yeni sayğac quraşdırılıb. Lakin abonent dövriyyəsində 338378 nömrəli akt əsasında 697 AZN cərimə hesablandığı qeyd edilib. Onun evində heç bir kənar xətt olmamışdır. Həmin aktın yazılmasından da xəbəri olmamışdır. Onların aktda qeyd etdikləri kənar xətt pozuntusu onun evinə aid ola bilməz. Bu səbəbdən də həmin akt etibarsız olduğu üçün yazılmış cərimə məbləği də silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı aktın qanunsuz olduğunu bildirib borcun əsassız sayılaraq silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmədə elan olunmaqla araşdırılmış 21 iyun 2024-ci il tarixli, 338378 nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, İddiaçı Lənkəran şəhəri S.Ələmov küçəsi 3/2 yerləşən evindəki sayğac əlavə müdaxilə olunduğu müəyyən edilərək dəyişdirilmiş, yenisi ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə elan olunmaqla araşdırılmış **********12546 saylı abunə saldosundan görünür ki, İddiaçı cəmi 697 manat cərimə hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 18.5.6-cı maddəsinin tələblərinə əsasən elektrin enerjisinin təchizatçıdı ötürücü və ya paylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş elektrik enerjisinin dəyəri barədə hesab təqdim etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qərarın 7.11-ci bəndinə əsasən yşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qərarın 8.17-ci maddəsinin tələblərinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 8.17-1 və 8.17-2-ci maddəsinin tələbinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iş materiallarında olan sənədləri və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan aktlar tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən aktlar tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq şəxsən abonent təmin olunmamış, akt abonent tərəfindən imzalanmamışdır. Bundan başqa aktdan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir. Belə olan halda məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, iddiaçının ehtimalına əsaslanmış və əsassız olaraq borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPm-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-ci il tarixli, 338378 nömrəli akt əsasında hesablanmış 697 manat məbləğində cərimə silinsin. İddia qalan hissədə təmin edilməsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu məbləği cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3284/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3284/2024
22.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver