Məhkəmə qərarları › İş №2(049)-3300/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3300/2023

14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3300/2023 14.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə) 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» X4 X9 İdarəsi tərəfindən ona yazılmış 1555.20 manat qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı evdə elektrik enerjisi və təbii sazdan itifadə edir. 29 mart 2023-cü il tarixdə köhnə sayğac sökülərək əvəzinə yeni sayğac quraşdırılmışdır. Həmin vaxt ona bildirdilər ki, evimin qaz sayğacının istismar vaxtı bitdiyi üçün sayğac dəyişdirilərək yenisi ilə əvəz olunub. Həmin yeni sayğac tam işlək vəziyyətdə olmaqla normal işləmişdir. Ancaq sonradan, yəni 2 ay keçməmiş kəndlərinə qaz sayğaclarına nəzarət edən şəxs ona bildirdi ki, sayğaca cərimə hesablanıb. O belə bir şeyin ola bilməyəcəyini deyib X10 idarəsinə gedib qeyd olunan məsələ ilə maraqlandı. Orada ona bildirdilər ki, sayğaca baxış keçirilərkən hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunduğundan labaratoriyaya göndərilib və sayğaca müdaxilə olunduğu qənaətinə gəliblər. O qaz sayğacına müdaxilə olduğuna etiraz edib. Ancaq ona bildirdilər ki, nə qədər ki, bu barədə akt tərtib olunub, cərimənin tətbiq olunması düzgün deyil, lakin onlar özləri cərimə tətbiq olunması barədə qərarı dəyişdirə bilməzlər. Sənədlərin surətini ona verirlər, bu qərarın ləğv olunması üçün məhkəməyə müraciət edə bilər. X11 İstismar idarəsinə ərizə ilə müraciət edib aktların surətini təsdiq edərək ona təqdim etmələrini xahiş edib və həmin sənədlərin surəti təsdiq edilib ona təqdim olundu. Yaşadığları evin qaz pulunu mütəmadi olaraq vaxtı-vaxtında ödəyib. Həmin qaz sayğacı Qaz idarəsinin işçiləri tərəfindən küçədə quraşdırılmışdır. Keçən müddət ərzində Qaz istismar idarəsinin əməkdaşları həmişə gəlib yoxlayıblar və sayğacla əlaqədar heç vaxt heç bir problem olmamışdır. 29 mart 2023-ci il tarixdə Qaz İdarəsinin işçiləri onun evinin qaz sayğacım onun iştirakı ilə söküb yenisi ilə əvəz edərək bu barədə müvafiq akt tərtib etmişər. Həmin aktda qeyd edilmişdir ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilmədən quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və qaz sayğacı abonentə təhvil verilmişdir. Ancaq həmin aktın sonunda qaz sayğacının toxunulmazlığına cavabdeh şəxsin kim olduğu göstərilməmişdir. Lakin sonradan həmin aktı tərtib edən şəxs sayğacın və plombun yoxunulmazlığına cavabdeh şəxsin qarşısında mənim soyadımı yazmış və qeyd edilmişdir ki, guya o imza etməkdən imtina edib. Hansı ki, 31 mart 2023-cü il tarixdə o ümumiyyətlə rayonda olmamış, Bakı şəhərində oğlunun evində olmuş, uzun müddət oğlunun evində yaşamış və yenicə rayona qayıdıb. Yəni həmin vaxtı qaz sayğacı quraşdırılarkən onda heç bir qüsur aşkar edilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir ki, guya həmin sayğac "Azəriqaz” X1 yoxlanılıb və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri yaranıb. Hansı ki, sayğacın üstündə qaz idarəsinin işçilərinin qoyduqları qulaqcıqlarında əzik-cızıq izləri var. Ona görə də dəymiş ziyan hesablanaraq ödənişə cəlb edilmiş, cərimə edilmişəm. Bir daha qeyd edir ki, həmin sayğac Qaz İdarəsinin işçiləri tərəfindən küçədə quraşdırılmışdır və onun və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. Ümumiyyətlə isə axı hansı məntiqə sığar ki, qaz sayğacı quraşdırılır və istehlakçı tərəfindən qısa müddət keçdikdən sonra sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri yaranıb. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu Şiləvar kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G4 markalı ******* saylı qaz sayğacı Zenner tipli, **********8 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı istifadəsində olan sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Sayğac istismara tam yararsızdır. Lənkəran ŞİHB-nın Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Manafov X5 rayonunun Şiləvar kəndində arvadı X3, oğlu X6 və oğlu X7 ilə birgə yaşayır. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin mart ayı üçün 1555.20 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair akt tərtib etmiş cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi məhkəmə iclasında həmin müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsini sübut edə bilməmişdir. Halbuki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh «Azəriqaz» X2 regional Qaz İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 1.555,20 manat məbləğində borc silinməlidir. Məhkəmə məsrəfləri ilə əlaqədar aşağıdakıları qeyd edir: MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görəistehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiyməti 1.555,20 təşkil etdiyindən «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 35,50 manat təşkil edir. İddia əsaslı olduğundan cavabdehdən 35,50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X2 regional Qaz İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 1.555,20 manat məbləğində borc silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 35,50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar