Məhkəmə qərarları › İş №2(049)-3304/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3304/2025

25.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3304/2025 25.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdeh X2 İstismarı İdarəsinə qarşı “fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına kodun verilməsi və sayğacın qaz xəttinə birləşdirilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı cavabdeh X2 İstismarı İdarəsinə qarşı “fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına kodun verilməsi və sayğacın qaz xəttinə birləşdirilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 1 mərtəbəli 4 otaqdan ibarət evimə quraşdırılmış qaz sayğacına abonent kodunun verilməsi və qaz sayğacının ana xəttə birləşdirilməsini cavabdeh təşkilatın üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirirək bu nəticəyə gəlirəm iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göründüyü kimi, hazırki iddia ərizəsi X2 İstismarı İdarəsinə qarşı yönəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Yuxarıda qeyd edilən Qərarda ifadə edilmiş hüquqi mövqeyi rəhbər tutaraq hesab edirəm ki, hazırki iddia tələbi X2 İstismarı İdarəsinə qarşı deyil, “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaldırılmalı idi. Azərbaycan Republikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumat əsasında müəyyən edilir ki, iddiaçı Sadıqov X1 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatdadır. Yəni, iddiaçının yaşayış yeri Masallı rayonu, Ərkivan qəsəbəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Mövcud iddia tələbi istehlakçının hüququnun müdafiəsi ilə əlaqədar olduğundan iddiaçıya izah edilir ki, o, yaşayış ünvanı üzrə hazırki tələblər Masallı Rayon Məhkəməsinə müraciət edə bilər. MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-nin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia ərizəsi geri qaytarıldığı üçün yuxarıda qeyd olunan normanın tələbinə əsasən onun tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh X2 İstismarı İdarəsinə qarşı “fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına kodun verilməsi və sayğacın qaz xəttinə birləşdirilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** №-li qəbz əsasında İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar