Məhkəmə qərarları › İş №2(049)-3323/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3323/2023

16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3323/2023 16.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "nikah qeydinin pozulması və sabit pul məbləğində aliment" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "nikah qeydinin pozulması və sabit pul məbləğində aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 15 noyabr 2006-cı il tarixdə Lənkəran rayon VVADQ şöbəsi tərəfindən 737 sayla qeydə alınmış nikah qeydinin pozulması, nikah qeydi pozulduqdan sonra xx.xx.2006-cı il tarixdə anadan olmuş X4, xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2010-ci il tarixdə anadan olmuş X1 onun yanında saxlanılması və xx.xx.2006-cı il tarixdə anadan olmuş X4, xx.xx.2009-cu il tarixdə anadan olmuş X3və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla hər ay üç uşaq üçün cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Lerik rayonu, Nüvədi kəndində anadan olmuşdur. İş üzrə Cavabdeh ilə 2005-ci il tarixdə faktiki nikah münasibətinə daxil olub evlənmişlər. Nikahlarını 15 noyabr 2006-cı il tarixdə Lənkəran rayon VVADQ şöbəsi tərəfindən 737 sayla qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Ruqəyya, xx.xx.2009-ci il tarixdə Ələkbər və xx.xx.2010-cu il tarixdə Sabir adlı üç uşağı anadan olmuşdur. Uşaqlar hazırda sağ və salamat olmaqla onun himayəsində yaşayırlar. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban bir ailə şəklində yaşamışlar. Sonralar xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hal-hazırda ayrı yaşayırlar. Belə ki, cavabdeh ailəsinə baxmamış, onunla və uşaqları ilə maraqlanmamışdır. O da vəziyyəti belə görüb, ondan ayrılmaq qərarına gəlmişdir. Artıq onlar ayrılmış, bir-birilərindən ayrı yaşayırlar. Artıq onun cavabdehlə bir ailə kimi yaşamaq fikri yoxdur. Gələcəkdə də cavabdehlə barışmayacaqdır. Boşanmaq fikri qətidir. Aralarında olan nikah qeydi formal xarakter daşıyır. Cavabdeh ayrıldıqları vaxtdan bəri bir valideyn kimi uşaqlar ilə maraqlanmamış və uşaqların saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir. O, özü tək uşaqları saxlamaqda çətinlik çəkir. Məhz bu səbəbdən də cavabdeh ilə aralarında olan nikah qeydinin pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəmə ünvanlanmış ərizədə o, nikahın pozulmasını qəbul etdiyini, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan üç nəfər uşağın saxlanmasından ötrü hər ay bir uşağa görə 50 manat məbləğində aliment ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 2712 nömrəli arayışından görünür ki, Cavabdeh ilə X5 arasında nikah 15 noyabr 2006-cı il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində 737 nömrəli aktla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 2711 nömrəli arayışından görünür ki, X4 xx.xx.2006-cı il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 2710 nömrəli arayışından görünür ki, X3 xx.xx.2009-cu il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 2709 nömrəli arayışından görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. 28 avqust 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 28 avqust 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. 29 avqust 2023-cü il tarixli hökumət ödəniş portalından görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nikahın pozulması və yetkinlik yaşına çatmayan uşaqların hansı valideynin yanında qalması ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən «ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur». Qeyd olunan Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qaldığını müəyyən etməlidir. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkün olduğundan, cavabdeh nikahın pozulmasına etiraz etmədiyindən və iddiaçı nikahın pozulmasına təkid etdiyindən nikah pozulmalı və yetkinlik yaşına çatmayan Ruqəyya, Ələkbər və Sabir adlı uşaqların saxlanılması və tərbiyə olunması ilə məşğul olan valideyni (iddiaçı) İddiaçı yanında qalmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması ilə bağlı aliment tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşaqların əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh hər ay bir uşağa görə 100 manat olmaqla, hər ay üç uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Odur ki, 01 sentyabr 2023-cü il tarixdən cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin arasında 15 noyabr 2006-cı il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində 737 nömrəli aktla qeydə alınmış nikah qeydi pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 İddiaçı yanında qalmaları müəyyən edilməli, 01 sentyabr 2023-cü il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh hər ay bir uşağa görə 100 manat olmaqla, hər ay üç uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 15 noyabr 2006-cı il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində 737 nömrəli aktla qeydə alınmış nikah qeydi pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 İddiaçı yanında qalmaları müəyyən edilsin. 01 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 100 manat olmaqla, hər ay üç uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı və cavabdehə onların birgə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən üç illik müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar