Məhkəmə qərarları › İş №2(049)-3384/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3384/2023

15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3384/2023 15.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə) 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» X3 X4 İdarəsi tərəfindən ona yazılmış 777 manat 60 qəpik qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır və **********00000 saylı kod üzrə qaz istehlakçısıdır. Yaşadığı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evin öz qaz xətti və öz sayğacı vardır. O, həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı onların evlərinə çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. «Azəriqaz» X1 RQİİ-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar. 25 iyun 2023-cü il tarixdə evdə olduğu zaman «Azəriqaz» X1 RQİİ-nin əməkdaşları yaşadığı ünvanda bir sıra evlərin sayğacını dəyişdirirdilər. O, sayğacların nə üçün dəyişdirildiyini soruşduqda «Azəriqaz» X1 RQİİ-nin əməkdaşları bildirdilər ki, həmin sayğaclar köhnəlmişdir və növbəti dövlət yoxlamasına göndərilməlidir. O, da buna etiraz etmədi və həmin vaxt onun yanında «Azəriqaz» X1 RQİİ-nin əməkdaşları tərəfindən Elestr tipli G-4 markalı 10336832 nömrəli sayğac dəyişdirilərək Zenner tipli yeni sayğacla əvəz olundu. Onu da bildirib ki, köhnə sayğac dəyişdirilərkən sayğacın üzərində plomb var idi və bunu «Azəriqaz» X1 RQİİ-nin əməkdaşları da gördülər. Elestr tipli G-4 markalı 10336832 nömrəli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə «Azəriqaz» X1 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olundu və o da həmin akta imza edib. Son bir ay ərzində o qaz borcunu ödəyərkən ona məlum oldu ki, onun «Azəriqaz» İstehsalat Biriliyinə guya 777.60 manat borcu vardır. O borcun nədən yarandığını örənmək üçün «Azəriqaz» X1 RQİİ-nə gedib və orda ona bildirdilər ki, köhnə sayğaca baxış keçirilərkən guya sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır, sayğac istismara yararsızdır. Bununla bağlı da xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Halbuki, onun belə bir aktdan xəbəri olmamışdır. Belə ki, köhnə Elestr tipli G-4 markalı 10336832 nömrəli sayğac «Azəriqaz» X1 RQİİ-nin əməkdaşları tərəfindən açılaraq dəyişdirilmişdir və həmin vaxtı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilməmişdir və sayğaca hər hansı bir xarici müdaxilə olsaydı bu barədə tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın “sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs” qrafasmda qeyd edərdilər və bu barədə ona hər hansı bir məlumat verərdilər. Göründükü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa qaz sayğacı bizim həyətlərindən kənarda, yəni küçədə quraşdırılmışdın və bu öz əksini «Azəriqaz» X1 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın “digər qeydlər” bölməsində tapmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 markalı 10336832 saylı qaz sayğacı Zenner tipli, G 2.5 markalı **********3 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı istifadəsində olan sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara tam yararsızdır. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin iyul ayı üçün 777.60 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair akt tərtib etmiş cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi məhkəmə iclasında həmin müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsini sübut edə bilməmişdir. Halbuki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh «Azəriqaz» X2 regional Qaz İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 777.60 manat məbləğində borc silinməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiyməti 777.60 təşkil etdiyindən «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1ci maddəsinə görə iddianın qiyməti 1000 manatadək olduduqdan ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat təşkil edir. İddia əsaslı olduğundan cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X2 regional Qaz İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 777,60 manat məbləğində borc silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar