Məhkəmə qərarları › İş №2(049)-3396/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3396/2024

05.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3396/2024 05.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 351971 nömrəli aktı etibarsız hesab etməklə həmin akt əsasında onun hesabına yazılmış 580 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu Zövlə kəndində yaşayır. Yaşadığı evdə istifadə etdiyi elektrik enerjisinin dəyərini həmişə vaxtında ödəmiş və indiyədək elektrik enerjisinə görə heç bir borcu olmamışdır. Bir neçə gün əvvəl Lənkəran rayon Elektrik Şəbəkəsinin nəzarətçiləri onu görüb evində sayğacdan kənar xətt olduğunu, həmin kənar xətti onlara göstərsə, güzəşt edəcəklərini, əgər göstərməzsə, cərimə yazacaqlarını demişlər. O, bunun səbəbini soruşduqda isə yaşadığı evdə aylıq sərfiyyatın az olduğu üçün evində kənar xətt olduğunu düşündüklərini bildirmişlər. O, yaşadığı evdə heç vaxt hər hansı kənar xəttin olmadığını və ona əsassız yerə cərimə yazılacağı halda, şikayət edəcəyini bildirmişdir. Bir neçə gün sonra isə adı şəkilən müəssisənin əməkdaşları onu görüb xx.xx.2024-cü il tarixdə yazılmış 351971 nömrəli aktın surətini göstərərək cərimə edildiyini demişlər. Həmin aktda qeyd edilmişdir ki, güya o, sayğacın giriş xəttini zədələmiş və kənar enerjidən istifadə etmişdir. Halbuki, o, heç vaxt elektrik enerjisindən sayğacdan kənar istifadə etməmiş, sayğaca da müdaxilə etməmişdir. Elektrik sayğacı onun evindən xeyli uzaqda, küçədə qoyulmuşdur. xx.xx.2024-cü il tarixli akt onun iştirakı ilə, sayğacın yanında, həmin kənar xətt ona əyani şəkildə göstərilməklə yazıla bilərdi. Belə bir hal olmadığı üçün həmin aktla razı deyil və aktı qanunsuz hesab edir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbində dəqiqləşmə apararaq cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 351971 nömrəli akt əsasında hesabına yazılmış cəmi 5544 kvt.s itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 580 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, istifadə etdiyi elektrk enerjisinin dəyərini mütəmadi olaraq və tam şəkildə ödəmişdir. Yaşadığı evə aid elektrik sayğacında heç vaxt kənar xətt olmamış, sayğaca da hər hansı şəkildə müdaxilə edilməmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən heç bir qanuni əsas olmadan akt tərtib olunmuş və həmin akt əsasında onun hesabına cərimə yazılmışdır. O və ailə üzvləri elektrik enerjisindən yalnız evin işıqlandırılması, həmçinin, soyuducu və paltaryuyan maşının işlədilməsi üçün istifadə edirlər. Yaşadıqları evdə özü və ailəsi tərəfindən elektrik enerjisindən qənaətlə istifadə olunur, hətta paltar ütüsündən belə istifadə olunmur. Yay fəslində elektrik enerjisindən nisbətən çox istifadə olunmasının səbəbi isə bəzən sobanın istifadəsi, yuyunmaq üçün su tez-tez qızdırılması ilə əlaqədardır. Hazırda onun evində istifadə etdiyi sayğac “Smart” tipli sayğacdır və həmin sayğac onun evinə xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən onun hesabına yazılmış 580 manat borc silinməlidir. Çünki, o, mütəmadi ödənişlər etmiş və onun qeyd olunan məbləğdə borcu ola bilməz. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Zövlə kəndində iddiaçının yaşadığı evə baxış keçirərkən onun evinə quraşdırılmış sayğacda kənar xətt aşkarlanmış və bu barədə 351971 nömrəli akt tərtib edilmişdir. İddiaçının yaşadığı evdə hazırda “Smart” tipli (kartla ödəniş) sayğacdan istifadə edilir və həmin sayğac xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. xx.xx.2024-cü il tarixli 351971 nömrəli akt əsasında hesablanmış borc məbləği isə 2015-ci ildən 2024-cü ilədək yığılan borc məbləğidir. İddiaçı 2015-ci ildən elektrik enerjisindən istfadəyə görə hər ay müəyyən qədər ödənişlər etmiş, lakin onun kənar xətdən istifadə etməsi əməkdaşlar tərəfindən 2024-cü ildə aşkar edilmiş və aktlaşdırılmışdır. Akda hal şahidlərinin iştirakı təmin edilməsə də, həmin aktda qeyd olunanlar həqiqəti əks etdirir. Abunə haqqında məlumatda iddiaçının evinə “Smart” tipli sayğacın xx.xx.2024-cü il tarixdə quraşdırıldığı göstərilsə də, həmin məlumatda iddiaçıya 2024-cü ilin avqust ayınadək borc məbləğlərinin yazılmasının səbəbi onun özünə də bəlli deyildir. Məhkəmə araşdırılması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, xx.xx.2024-cü il tarixli 351971 nömrəli aktın, abunə haqqında məlumatın (saldo) surətləri ilə müəyyən edildi ki, iddiaçı Lənkəran rayonu Zövlə kəndində yaşayır. "xxxx" ASC-nin Lənkəran rayon Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin elektrik xəttinə və sayğacına baxış keçirildiyi, həmin evdə “X1 Qaydaları”na riayət olunması vəziyyətinin yoxlanıldığına dair tərtib edilən xx.xx.2024-cü il tarixli 351971 nömrəli aktda qeyd edilmişdir ki, “Abonent elektrik sayğacının giriş xəttini zədələyərək kənar X1 edir. Naqilin en kəsiyinin ölçüsü 2x2 mm, alüminium və iki damarlı naqildir. Tələb: Elektrik sayğacının giriş xətti yenisi ilə əvəz edilsin”. Həmin aktı "xxxx" ASC-nin əməkdaşları Nazim Verdiyev, Ceyhun Səlimov və Cavid Qurbanzadə imzalamışlar. Məişət abonentinin (hazırki iş üzrə iddiaçı) həmin aktda imza etməli olduğu sətir boş qalmış, onun aktı imzalamaqdan imtina etdiyi barədə müvafiq qeyd aparılmışdır. Eyni zamanda, akt hal şahidləri tərəfindən də imzalanmamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt üzrə cəmi 5544 kvt.s itirilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi iddiaçıdan tələb edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2024-cü il tarixli 351971 saylı akt əsasında hesabına işlənmiş 5544 kvt.s itirilmiş elektrik enerjisinin dəyəri kimi hesablanmış 580 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi sayğacdan kənar elektrik xəttinə qoşulmadığını və belə bir kənar xəttdən istifadə etmədiyini, yaşadığı evdə istifadə etdiyi elektrik enerjisinin dəyərini sərfiyyat göstəricilərinə uyğun olaraq mütəmadi olaraq vaxtında ödədiyini və hər hansı miqdarda borcu olmadığını bildirir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tərtib olunmuş aktın əsaslı olduğunu bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazın əsasları olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, “X1 Qaydaları”nın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin qaydaların 8.17-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-1-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 8.1-ci bəndində əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 351971 nömrəli akt istehlakçı, yəni hazırki iş üzrə iddiaçı tərəfindən imzalanmamış, onun aktı imzalamaqdan imtina etdiyi barədə aktda müvafiq qeyd aparılmışdır. Həmçinin akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bununla belə, enerji təchizatı müəssisəsinin iddiaçı tərəfindən yol verildiyini iddia etdiyi pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmış olması ilə bağlı sübutlar həmin müəssisə, yəni hazırki iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, iddiaçının elektrik enerjisindən sayğacdan kənar, yəni sui-istifadə etmiş olması cavabdeh tərəfindən iddia edildiyindən hazırki işdə həmin halları sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəməyə hər hansı sübut, o cümlədən, iddiaçı tərəfindən yol verildiyi iddia edilən hüquq pozuntusunun texniki vasitələrlə qeydə alınmış olmasına dair foto və ya videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin dəlillərini müqayisəli şəkildə araşdıraraq və qeyd olunan prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, xx.xx.2024-cü il tarixli 351971 nömrəli akt tərtib edilərkən “X1 Qaydaları”nın qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Ona görə də itirilmiş enerjinin dəyəri olaraq hər hansı məbləğdə vəsaitin istehlakçıdan tələb edilməsi əsassızdır. Həmin əsaslara və qeyd olunan qanunvericilik normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 351971 nömrəli akt qanunvericiliyin tələblərinə cavab vermədiyinə və itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 580 manat borc da həmin akt əsasında tələb edildiyinə görə iddiaçının hazırki iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt əsasında iddiaçının hesabına işlənmiş cəmi 5544 kvt.s itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış cəmi 580 manat borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı istehlakçı olaraq hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə verdiyi iddia üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan və onun iddia tələbi təmin edildiyindən ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 351971 nömrəli akt əsasında İddiaçı hesabına işlənmiş 5544 kvt.s itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 580 manat borc məbləği silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu məbləği cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar