Məhkəmə qərarları › İş №2(049)-3548/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3548/2024

19.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3548/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olmaqla yaşayır. Yaşadığı evin özünə aid qaz xətti və qaz sayğacı vardır. Evinin kommunal xidmətlərini, qaz borcunu daim vaxtında ödəmişdir. Qaz sayğacı evinə çoxdan qoyulmuş və heç bir problemi də olmamışdır. "Azəriqaz" X1 RQİİ-nin əməkdaşları hər ay gəlib sayğacı yoxlamışlar. = 2022-ci il tarixdə evdə olduğu zaman "Azəriqaz" İB-nin Lənkəran RQİİ-nin əməkdaşları gəlib qaz sayğacını dəyişməli olduqlarını bildirmişlər, o da buna etiraz etməmişdir. Həmin əməkdaşlar Elestr tipli G-4 markalı 10264184 nömrəli sayğacı dəyişib yenisi ilə əvəz edərək onun da akta imza etməli olduğunu bildirmişlər. Onlardan həmin aktın nədən ibarət olduğunu soruşduqda sayğacın açılaraq yenisi ilə əvəz edilməsi barədə akt olduğunu demişlər və o da aktı imzalamışdır. Müəyyən müddət sonra isə məlumatı olmuşdur ki, həmin sayğacı "Azəriqaz" İB öz labaratoriyasında yoxlamış və guya sayğaca müdaxilə edildiyi üçün 1036.80 manat borc yazılmışdır. Evin əvvəlki sayğacı dəyişdirilərkən sayğac tam işlək vəziyyətdə olmuş və üzərində heç bir əzik və ya müdaxilə izi olmamışdır. O, borcun nədən yarandığını "Azəriqaz" İB-nin Lənkəran RQİİ-dan soruşanda ona bildirmişdirlər ki, köhnə sayğaca baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi, xətalar normadan artıq olduğu, sayğacın minimal və nominal sərfiyyatda 100 faiz nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. Sayğac istismara yararsızdır. Bununla bağlı xx.xx.2022-ci il tarixdə onun adına ******* nömrəli akt tərtib edilmişdir. Sayğac "Azəriqaz" İB-nin Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən plombu açılaraq dəyişdirilmişdir və həmin vaxtı sayğaca heç bir müdaxilə aşkar olunmamışdır. Əgər hansı bir problem olsaydı, bu barədə tərtib edilən aktda müvafiq qeyd edilərdi və bu barədə ona hər hansı bir məlumat verilərdi. Göründüyü kimi, həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan əlavə, qaz sayğacı onun həyətindən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına istehlakçı fiziki şəxs olaraq o özü yox, paylayıcı "Azəriqaz" İB məsuliyyət daşıyır. Təqsirli şəxs müəyyən edilmədən, dövlət laboratoriyanın rəyinə əsasən “Azəriqaz" İB-nin Lənkəran RQİİ tərəfindən xx.xx.2022-ci il tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli cərimə aktı qanunsuz olaraq tərtib edilmişdir. Hesab edir ki, “Azəriqaz" İB-nin Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsassızdır. Ona görə də həmin akt əsasında onun hesabına yazılmış 1036.80 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbinin həcmini artıraraq və iddia tələbində dəqiqləşmə apararaq Cavabdeh İB tərəfindən onun barəsində verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmiş, təbii qazdan istifadəyə görə heç vaxt borcu olmamışdır. O və ya ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə edilməmiş və sayğacda olan qüsurdan onların məlumatları olmamışdır. Qeyd etdiklərinə əsasən cavabdeh tərəfindən onun hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktların, qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli aktın, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2022ci il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətləri, abonentin saldosundan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə aid çıxarışlarla müəyyən edildi ki, iddiaçı Lənkəran rayonu Qumbaşı kəndində yaşayır. Cavabdeh İB-nin Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli akt tərtib edilərək G-4T markalı 10264184 nömrəli sayğac çıxarılıb yeni sayğacla əvəz edilmiş və əvvəlki sayğac növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktda sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal və nominal sərfiyyatda 100 faiz nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt əsasında xx.xx.2022-ci il tarixli qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 8640 kub metr müəyyən edilmişdir. Hazırda iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2023- cü il tarixli akt əsasında hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta, təbii qazdan istifadə qaydalarının pozulması barədə akta və abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödədiyini, təbii qazdan istifadəyə görə borcu olmadığını, qaz sayğacına müdaxilə etmədiyini və sayğacda olan qüsurdan məlumatı olmadığını bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etiraz olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki İddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilməklə həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İstehlak edilmiş təbii qazın dəyəri də istehlakçı tərəfindən vaxtaşırı olaraq ödənilmişdir. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən 1036.80 manat debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmiş, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı 10264184 nömrəli sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında iddiaçının hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib oiaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 30.37 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 30.37 manat dövlət rüsumu məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar