Məhkəmə qərarları › İş №2(049)-3605/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3605/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3605/2024 20.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, cavabdeh: X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8799 manat borc pulun və 108 manat dövlət rüsumunun cəmi 8907 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Havzava kəndində anadan olmuşdur. Mərhum əri X8 əvvəllər məişət avadanlıqlarının təmiri ilə məşğul olmuşdur. 2019-cu ildə Elmarın tanışları olan Əliabbas Rüstəmov və Railə adlı şəxlər ona təklif etmişlər ki, məişət avadanlıqları kreditə satan bir firma açsınlar və həmin firmanı Elmar çalışdırsın. Lakin məişət avadanlıqları almaq üçün pulu Əliabbas və Raifə adlı şəxslər versinlər. Elmar da onlarla razılaçmışdır. Elmarın adına “RTA elektroniks” adlı firma yaratmışlar. Elmar Sədərək ticarət mərkəzindən məişət avadanlıqlarını nağd pulla alaraq Lənkəran rayonunda kredit kimi ayrı-ayrı şəxlərə satırdı. Belə ki, malları satarkən bəzən ilkin ödəniş almış, bəzən isə almırdı. Elmardan məişət texnikası alan şəxslər əsasən X9, X10 və onların yaxınları olmuşdur. Həmin şəxlərdən bəziləri Elmarın dövründə krediti vaxtlı-vaxtında ödəsələrdə, bir qismi aylıq ödənişləri gecikdirmişdir. X18 və Vəfadan pullarını geri ala bilməmiş və 07 iyun 2023-cü il tarixdə işlətdiyi dükanda özünü asaraq intihar etmişdir. Hüzr mərasimi qurtardıqdan sonra iddiaçı Zamiq və Vəfadan pulları tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışlar. Belə ki, Zamiqin və onun gətirdiyi adamların 50000 manat, Vəfanın və onun gətirdiyi adamların 30000 manat borcu qalmışdır. Zamiq və Vəfa kreditə məişət avadanlıqları almaq üçün adam tapıb, mağazaya gətirirmişlər və Elmar həmin şəxslərlə məişət avadanlıqlarının qiymətini aylıq ödəmələrə bölüb, həmin şəxslərlə müqavilə bağlamışdır. Qeyd etdiyi şəxslər əri X6 olan borclarını ödəmədiyi üçün o, bununla bağlı Lənkəran ŞRPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Orada onun şikayəti araşdırılarkən iş üzrə cavabdeh olan Cavabdeh öz verdiyi ifadəsində qeyd etmişdir ki, kreditə götürdüyü avadanlıqların pulunu tam olaraq Zamiqə vermişdir, lakin ondan qəbz almamışdır və bilmir ki, Zamiq həmin pulları Elmara verib ya verməyibdir. Lakin buna baxmayaraq məlum olur ki, onun hazırkı günə mərhum əri X6 8799 manat borcu vardır. O, pulu ondan tələb etsə də, o, həmin borcu qaytarmaqdan yayınır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndədərək himayəsində azyaşlı uşaqları olduğu üçün təyin olunmuş məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəyini bildirib işə onun iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, iddiaçını tanımır. Zamiq Rzayev onun sinif yoldaşıdır. O, mərhum Elmar Ağayevin mağazasından bəzi əşyalar almış və həmin əşyaların da pulunu tam olaraq Zamiqə qaytarmışdır. O, heç bir sənədə imza etməmişdir. Həmin pulların Zamiq tərəfindən Elmar Ağayevə verilib verilmədiyini bilmir, Zamiqdən hər hansı qəbz də almamışdır. Onun iddiaçıya və iddiaçın mərhum ərinə heç bir borcu yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qəraradan görünür ki, İddiaçı şikayət üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Tərəflər arasında pul tələbi ilə bağlı mübahisəni mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, X8 2022-ci ilin sonları və 2023-cü il ərzində Cavabdeh 8799 manat dəyərində məişət avadanlığı satmış, satdığı avadanlıqların pullarını aralarında bağlanmış borc müqavilələrinə əsasən pulun müəyyən məbləğini ödəməli olduğu halda Elmar Ağayev vəfat etdikdən sonra ödəməmişlər və onun X6 qeyd edilən məbləğdə borcu qalmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Lənkəran Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinin verdiyi məktubundan görünür ki, X3 qalmış əmlaka arvadı İddiaçı, uşaqları X7 və X4 miras qoyanın vərəsəsi hesab edilmişlər. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün ümumilikdə cəmi 108 manat dövlət rüsumu 40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə, iddia tələbini, məhkəməyə sübut kimi təqdim edilmiş sənədləri araşdırıb, habelə tərəfləri dinləyib nelə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Məhkəmə, qeyd olunan normalara, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, Lənkəran ŞRPŞ-nin 29 noyabr 2023-cü il tarixli qərarı işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. Belə ki, qeyd olunan qərardan da cavabdehin Elmar Ağayevə borcu olması tam təsdiq edilmişdir, habelə həmin qərar cavabdeh tərəfindən mübahisləndirilməmişdir. Məhkəmə, MPM-nin 82.4-cü maddəsinin imperativ normasına əsasən hesab edir ki, qanuni qüvvəyə minim qərarda göstərilən hal məcburi əhəmiyyətə malik olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə, cavabadehin aldığı məişət avadanlıqlarının pullarını Zamiq Rzayev adlı şəxsə verməsi ilə bağlı qeyd edir ki, cavabdeh özü həm istintaq araşdırmasında, həm də məhkəmə araşdırmasında bildirmişdir ki, həmin hala dair hər hansı qəbz almamışdır. Məhkəmə hesab edir ki, cavabdehin bu halla bağlı hər hansı sübut təqdim etməməsi də nəzərə alınmalıdır. Belə ki, yuxarıda şəhr olunan MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda isə cavabdeh tərəfindən belə bir sübut təqdim edilməmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumun 108 manat cavabdehdə tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 8799 manat borc pul və dövlət rüsumu olaraq ödənilmiş 108 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar