Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3606/2024 21.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 908 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, O, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Havzava kəndində anadan olmuşdur. Mərhum əri X2 əvvəllər məişət avadanlıqlarının təmiri ilə məşğul olmuşdur. 2019-cu ildə Elmarın tanışları olan Əliabbas Rüstəmov və Raifə adlı şəxlər ona təklif etmişlər ki, məişət avadanlıqları kreditə satan bir firma açsınlar və həmin firmanı Elmar çalışdırsın. Lakin məişət avadanlıqları almaq üçün pulu Əliabbas və Raifə adlı şəxslər versinlər. Elmar da onlarla razılaşmışdır. Elmarın adına “RTA elektroniks” adlı firma yaratmışlar. Elmar Sədərək ticarət mərkəzindən məişət avadanlıqlarını nağd pulla alaraq Lənkəran rayonunda kredit kimi ayrı-ayrı şəxlərə satırdı. Belə ki, malları satarkən bəzən ilkin ödəniş almış, bəzən isə almamışdır. Elmardan məişət texnikası alan şəxslər əsasən X3, X6 və onların yaxınları olmuşdur. Həmin şəxlərdən bəziləri Elmarın dövründə krediti vaxtlı-vaxtmda ödəsələr də, bir qismi aylıq ödənişləri gecikdirmişdir. Əri Elmar, Zamiq və Vəfadan pullarını geri ala bilməmiş və 07 iyun 2023-cü il tarixdə işlətdiyi dükanda özünü asaraq intihar etmişdir. Üzür mərasimi qurtardıqdan sonra o, Zamiq və Vəfadan pulları tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışlar. Belə ki, Zamiqin və onun gətirdiyi adamların 50000 manat, Vəfanın və onun gətirdiyi adamların 30000 manat borcu qalmışdır. Zamiq və Vəfa kreditə məişət avadanlıqları almaq üçün adam tapıb, mağazaya gətirirmiş və Elmar həmin şəxslərlə məişət avadanlıqlarının qiymətini aylıq ödəmələrə bölüb, həmin şəxslərlə müqavilə bağlamışdır. Adlarını qeyd etdiyi şəxslər mərhum əri X1 olan borclarını ödəmədikləri üçün o, bununla bağlı Lənkəran ŞRPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişir. Orada şikayət araşdırılarkən iş üzrə cavabdeh olan Cavabdeh özü verdiyi ifadəsində qeyd etmişdir ki, Elmardan özü üçün kreditə televizor götürmüş, hazırda onun hazırki, günə Elmar Ağayevə 1050 manat borcu vardır. Hazırda isə onun 908 manat borcu vardır. O, pulu ondan tələb etsə də, o, həmin borcu qaytarmaqdan yayınır. Hazırda heç bir yerdə işləmir və himayəsində iki uşağı var, gözləməyə vaxtı yoxdur. Ona görə də cavabdehdən mərhum ərinə olan borcunu geri qaytarmasını tələb edir. Məhkəmə iclasının vaхtı və yеri barədə lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin hazırlıq iclasında ərizə verərək növbəti iclasların onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaхtı və yеri barədə lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin hazırlıq iclasında ərizə verərək iddianı qəbul etdiyini və təmin olunmasına etiraz etmədiyini bildirərək, növbəti iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ : Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və cavabdehdən 908 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 908 (doqquz yüz səkkiz) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(049)-3606/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3606/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver