Məhkəmə qərarları › İş №2(049)-3645/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3645/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3645/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 721 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o fiziki şəxs olaraq 6 saylı Ərazi Vergilər Baş İdarəsindən vergi ödəyicisi kimi qeydiyyatdan keçərək Lənkəran rayonunun Digah kəndində yerləşən Fuqran mebel mağazasını işlədir. O, fəaliyyət göstərdiyi Lənkəran rayonunun Digah kəndində yerləşən Fuqran mebel mağazasında Cavabdeh xx.xx.2022-ci il tarixində dəyəri 990 manat olan 1 ədəd TV Vestel 43 U 7700T Smart televizorunu 100 manat ilkin ödəniş etməklə satıb. Belə ki, xx.xx.2022-ci il tarixində Cavabdeh mağazaya yaxınlaşaraq yuxarıda adı qeyd olunmuş malı almaq istədiyini bildirmiş, cavabdeh tərəfindən 100 manat ilkin ödəniş edilməklə qalan 890 manatı 10 ay müddətinə aylıq 89 manat olmaqla ödəməyi öhdəsinə götürmüş və onunla nisyə-alqı satqı müqaviləsi bağlanılaraq həmin mal ona satılmışdır. Razılaşmaya əsasən cavabdeh borcunu müəyyən edilən müddətdə, yəni xx.xx.2022-ci ildən başlayaraq 10 ay müddətində hər ay 89 manat olmaqla xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh aldığı məhsulun ümumi məbləğindən cəmi 269 manat ödəniş etmiş, qalan məbləği bu günə kimi tam ödəməmiş və ticarət mərkəzinə 721 manat borcu qalmışdır. Bundan sonra müxtəlif vaxtlarda borcun ödənilməsi barədə dəfələrlə mobil telefondan zənglər etməyimə baxmayaraq cavabdeh tərəfindən həmin borcun ödənilməsi yerinə yetirilməmişdir. Cavabdehə borcun ödənilməsi barədə 13 iyul 2023-cü il tarixində xəbərdarlıq məktubu göndərmişdir. Məktubda yaranmış borc məbləğinin qısa zaman ərzində qaytarılmasını tələb edilmişdir. Lakin ötən müddət ərzində cavabdeh qalan borcundan heç bir ödəniş etməmişdir. Cavabdehə dəfələrlə xəbər göndərməyinə baxmayaraq o, mağazaya olan borcunu ödəmir. Ona görə də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı X3 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, iddianın təmin ediməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. xx.xx.2022-ci il tarixli müqaviləsinin ayrılmaz hissəsi olan ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, borc alan Cavabdeh 10 ay müddətində hər ay 89 manat, son ayda 89 olmaqla xx.xx.2022-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə etməklə götürülmüş borcu qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə Arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh 721 manat borcu yaranmışdır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı 990 manat olan 1 ədəd TV Vestel 43 U 7700T Smart televizorunu 100 manat ilkin ödəniş etməklə satmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı malın 721 manat pulunu qaytarmalı olduğu halda qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi yuxarıda qeyd olunan işinin faktiki hallarını sübuta yetirir. Cavabdeh isə məhkəmə iclasında gəlməmiş, həmçinin iddianın təmin edilməsini istisna edən əks sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 721 manat manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq, iddiaçı X2 ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 721 (yeddi yüz iyirmi bir) manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30(otuz) manat Cavabdeh alınaraq iddiaçı X2 verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar