Məhkəmə qərarları › İş №2(049)-3649/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3649/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3649/2023 07.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1020 manat məbləğində pul və 31 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə Lənkəran rayonunun Digah kəndində yerləşən “Furqan” mebel mağazasında işləyir. Cavabdeh xx.xx.2022-ci il tarixdə mağazaya gələrək dəyəri 1400 manat olan bir ədəd “Eurolux” kondisionerini almaq istədiyini bildirmişdir. Cavabdeh 200 manat ilkin ödəniş etməklə qalan 1200 manatı 12 ay müddətinə, aylıq 100 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüş və onunla nisyə-alqı satqı müqaviləsi bağlanılaraq həmin mal ona satılmışdır. Razılaşmaya əsasən cavabdeh borcunu müəyyən edilən müddətdə, yəni xx.xx.2022-ci ildən başlayaraq 12 ay müddətində hər ay 100 manat olmaqla xx.xx.2023-cü il tarixə qədər tam şəkildə ödəməyi vəd etmiş, lakin, aldığı əşyanın dəyərindən cəmi 380 manat ödəniş etmişdir. Cavabdeh qalan məbləği indiyədək də ödəməmiş və onun 1020 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin onun tərəfindən həmin borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən 1020 manat borc və ödənilmiş 31 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AA ******* nömrəli və AZE 0******* nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, Lənkəran rayonunda yerləşən “Furqan” mebel mağazasının xx.xx.2022-ci il tarixli ilkin sifariş sənədi, xx.xx.2022-ci il tarixli malların satışı üzrə cədvəl, qaimə-kassa mədaxil orderi, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında çıxarış, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu, xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəli, dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh dəyəri 1400 manat olan məişət əşyasını iddiaçıdan satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh aldığı əşyanın dəyərindən 200 manat ilkin ödəniş etməklə qalan 1200 manatı 12 ay müddətinə, aylıq 100 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçıya 1200 manat borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada və tam şəkildə icra etmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin ona 1020 manat ödənilməmiş borcu qaldığını bildirərək cavabdehdən cəmi 1020 manat borc və məhkəməyə müraciət etmək üçün ödədiyi 31 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında tərtib edilmiş ilkin sifariş sənədinə, malların satışı üzrə cədvələ, qaimə-kassa mədaxil orderinə, xəbərdarlıq məktubuna, cavabdehin izahatına və dövlət rüsumunun ödənilməsi barədə ödəniş qəbzinə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut da təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının dəlillərinə və iş materiallarına məcmu halında qiymət verərək qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı əldə etdiyi bütün mümkün sübutlarını məhkəməyə təqdim etdiyindən, cavabdeh isə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən məhkəmə cavabdehin iddiaçıdan nisyə olaraq aldığı əşyaya görə 1020 manat borcunun qalması və həmin borcun indiyədək qaytarılmaması faktını sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 1020 manat borc məbləğinin tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 31 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1020 manat borc və iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 31 manat dövlət rüsumu məbləği - cəmi 1051 manat tutularaq iddiaçı X2 ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar