Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-370/2025 18.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1, İddiaçı: İddiaçı iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab edilməsi və akt üzrə hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 304672 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 804 manat cərimənin silinməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Lənkəran rayonu, Tuədo kəndində yaşayır. Evinə Lənkəran işıq idarəsi tərəfindən sayğac quraşdırılmışdır. Həmişə istifadə etdiyi işığın dəyərini ödəmişdir. Dekabr ayında Lənkəran işıq idarəsinin işçiləri onların sayğacını dəyişərək yeni kart sayğacı qoyub çıxıb getmişlər. Lakin sayğacın kartını ona verməmişlər. Demişlər ki gəlib idarədən götürsün. Kartı almaq üçün Lənkəran elektrik şəbəkəsinə gedəndə ona demişlər ki, akt yazılıb və 804 manat cərimə olunmuşdur. O, həmin aktdan xəbəri olmadığını bildirdikdə, ona aktın surətini vermişlər. Məlum olmuş ki, idarənin işçiləri onun adına 304672 nömrəli akt yazmışlar. Həmin aktda kənar xətdən istifadə etdiyini yazaraq ona cərimə hesablamışlar. Aktda yazılan kənar xəttin harada, kimin evində gördüklərini soruşduqda isə onlar bilmir, aktı başqa işçilər yazıb deyərək ona cavab vermişlər. Onun evində heç vaxtı kənar xətt olmamışdır. Elektrik sayğacı da küçədə quraşdırılıb. İşıq idarəsinin işçiləri də hər dəfə həmin küçədən keçib gedir. Əgər belə hal olsaydı o da bunu görmüş olardı. Bu səbəbdən də həmin qanunsuz aktın etibarsız sayılmasını yazılmış 804 manat cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiçı İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15 yanvar 2025-ci il tarixdə elektron kabinetə yerləşdirilməkə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə elan olunmaqla araşdırılmış 07 sentyabr 2023-cü il tarixli, 304672 nömrəli aktdan görünür ki, İddiaçı Lənkəran rayonu, Tuado kəndində yerləşən evindəki sayğacdan kənar xətt istifadə etmiş naqilin ön kəsiyinin ölçüsü 2x10 mm iki damarlı aliminumdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə elan olunmaqla araşdırılmış **********00008 saylı abunə saldosundan görünür ki, İddiaçı 304672 nömrəli akt üzrə 779.09+16.48+9.27 manat olmaqla cəmi 804.84 manat cərimə hesablanmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 18.5.6-cı maddəsinin tələblərinə əsasən elektrin enerjisinin təchizatçıdı ötürücü və ya paylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş elektrik enerjisinin dəyəri barədə hesab təqdim etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qərarın 7.11-ci bəndinə əsasən yşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qərarın 8.17-ci maddəsinin tələblərinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 8.17-1 və 8.17-2-ci maddəsinin tələbinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iş materiallarında olan sənədləri və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan aktlar tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən aktlar tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq şəxsən abonent təmin olunmamış, akt abonent tərəfindən imzalanmamışdır. Bundan başqa aktdan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir. Eyni zamanda, şəxsin kənar xəttdən istifadə etməsi göstərilsə də, şəxs hər hansı inzibati məsuliyyətə cəlb edilməmiş və ondan kənar xəttə görə istelak etdiyi elektrik enerjisinin pulu tələb edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmış və əsassız olaraq borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPm-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 304672 nömrəli akt əsasında İddiaçı hesablanmış 804 manat məbləğində cərimə silinsin. İddia qalan hissədə təmin edilməsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu məbləği cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-370/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-370/2025
18.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver