Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3706/2025 09.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, X2 kаtibliyi ilə, İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu Şağlaküçə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qeydiyyatda olduğu ünvanda qaz istehlakçısıdır. Qeydiyyatda olduğu evin öz qaz xətti və öz sayğacı var. O, qaz pulunu vaxtıvaxtında ödəmişdir. Qaz sayğacı yaşadığı evə çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. Cavabdeh X1 RQİİ-nin əməkdaşları hər ay gəlib sayğacı yoxlamışlar. xx.xx.2023-cü il tarixdə istifadə etdiyi sayğac Cavabdeh X1 RQİİ-nin əməkdaşları tərəfindən növbəti dövlət yoxlanmasına göndərilməsi üçün dəyişdirilmişdir. Sayğacın nə səbəbə dəyişdirildiyini soruşduqda Lənkəran RQİİ-nin əməkdaşları sayğacın növbəti dövlət yoxlamasına getməli olmasını demişlər. Cavabdeh X1 RQİİ-nin əməkdaşları tərəfindən Elistr tipli sayğac dəyişdirilərək Zenner tipli sayğacla əvəz olunmuşdur. Köhnə sayğac dəyişdirilərkən sayğacın üzərində plomb olmuş və bunu Cavabdeh X1 RQİİ-nin əməkdaşları da görmüşlər. Elistr tipli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə Cavabdeh X1 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Son 1 ay ərzində ona məlum olmuşdur ki, guya onun Cavabdeh İstehsalat Biriliyinə 1555.20 manat borcu var və o, borcun yaranma səbəbini örənmək üçün Cavabdeh X1 RQİİ-nə getmişdir. Orada məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş, həmin akt əsasında da borc hesablanmışdır. Lakin, onun həmin aktdan xəbəri olmamış və akt tərtib edilərkən onu tanış etməmişlər. Elistr tipli sayğac Cavabdeh X1 RQİİ-nin əməkdaşları tərəfindən açılaraq dəyişdirilmiş və həmin vaxtı sayğacda hər hansı bir müdaxilə olmamışdır. Sayğacın hesablama mexanizmində hər hansı bir xarici müdaxilə olsaydı bu barədə tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda qeyd edilərdi və bu barədə ona da məlumat verərdilər. Göründüyü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa qaz sayğacı evdən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına fiziki şəxs olaraq, yəni istehlakçı yox, paylayıcı Cavabdeh İstehsalat Biriliyi məsuliyyət daşıyır. Qanunsuz olaraq barəsində xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və həmin akt əsasında hesablanmış 12960 m3 həcmində itirilmiş qaz, yəni 1555.20 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa onun sayğacın hesablama mexanizminə müdaxilə etmək üçün hər hansı marağı yoxdur. Hesab edir ki, istehlakçı kimi onun hüquqları "Azəriqaz” İB tərəfindən pozulmuşdur. Ona görə də həmin akt əsasında onun hesabına yazılmış 1555.20 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli 26145 nömrəli müqavilənin, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli aktın, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətləri, abonentin saldosundan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixə aid çıxarışlarla müəyyən edildi ki, iddiaçı Lənkəran rayonu Şağlaküçə kəndində yaşayır. Cavabdeh İB-nin Lənkəran regional qaz istismar idarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli akt tərtib edilərək G-4 markalı ******* nömrəli sayğac çıxarılıb yeni sayğacla əvəz edilmiş və əvvəlki sayğac növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt əsasında xx.xx.2023-cü il tarixli qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 kub metr müəyyən edilmişdir. Hazırda iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2023- cü il tarixli akt əsasında hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir, iddiaçı iddia tələbinin əsası kimi qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta, təbii qazdan istifadə qaydalarının pozulması barədə akta və abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödədiyini, təbii qazdan istifadəyə görə borcu olmadığını, qaz sayğacına müdaxilə etmədiyini və sayğacda olan qüsurdan məlumatı olmadığını bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının ərizəsini, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki İddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilməklə həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İstehlak edilmiş təbii qazın dəyəri də istehlakçı tərəfindən vaxtaşırı olaraq ödənilmişdir. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən 1555.20 manat debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmiş, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında iddiaçının hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib oiaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında İddiaçı hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1.555,20 manat debitor borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumu məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3706/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3706/2025
09.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver