Məhkəmə qərarları › İş №2(049)-3712/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3712/2024

22.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3712/2024 22.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən barəsində tərdib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 777,60 manat qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, hazırda aile üzvləri ilə birlikdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayır. Həmin ünvanda qaz sayğacı onun adınadır. Həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtına ödəmişdir və heç bir problemi də olmamışdır. Həmişə də gəlib yoxlayıblar xx.xx.2023 il tarixdə evdə olduğu zaman görüb ki, həyətdən səs-küy gəlir. O çölə çıxdıqda görüb ki, qaz idarəsinin işçiləri onun sayğacımı dəyişirlər. O, səbəbini soruşduqda deyiblər bu sayğac hər 5 ildən bir dəyişilməlidir. Bundan sonra həmin evə dair köhnə sayğaclar yenisi ilə əvəz edilməlidir. Buna görə də onlar qaz sayğacını dəyişərək onları yenisi ilə əvəz etmişlər, qaz sayğacını yenisi ilə əvəz edərkən bu barədə akt tərtib etmişlər. Sayğacı dəyişən zaman heç bir müdaxilə barədə məlumat verilməyib. Qaz idarəsinin işçiləri köhnə qaz sayğacını özləri ilə aparmışlar. Həmin akt onun iştirakı olmadan tərtib edilərək aktlarda qeyd olunub ki, o aktlara imza etməkdən imtina etmişdir. O, həmən aktları sonradan Qaz idrəsinə müraciət etdikdən sonra əldə etmişdir. Sonradan ona bildiriş göndərmişlər və bildirişə baxdıqda görüb ki, onun üçün evə 777.60 manat əlavə qaz pulu hesablanmışdır. Bundan təəccüblənərək Qaz idarəsinə geib və orda ona abonentin saldosunu təqdim ediblər və saldoya baxanda görüb ki, sayğaca görə ona 777.60 manat cərimə hesablanıb. Baxmayaraq ki, qaz sayğacının onun tərəfindən yararsız hala salınması subut olunmamışdır. Təqdim etdiyi sənədlərdə və saldoda aydın şəkildə görsənir ki, qaz sayğacı çöldə quraşdırılıb.Ona görə də hesab edir ki, X3 istismarı idarəsinin əməkdaşlarının tərtib etdiyi aktlar qanunsuzdur və həmin cərimə ləğv edilməlidir. Odur ki, həmin aktlarla heç cür razılaşa bilməz. Ona görə də hesab edir ki, X3 istismarı İdarəsinin əməkdaşlarının tərtib etdikləri akt əsasında hesablanmış qaz borcu silinməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin hazırlıq iclasında ərizə verərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2023-cü il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu Nərimanabad qəsəbəsi, Üzümçülük yaşayış məntəqəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 markalı ******* saylı qaz sayğacı GCZ markalı, G-4 tipli, ******* saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında 28 dekabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı istifadəsində olan sayğacın çıxış plastmas borusu deşilib, vektor normadan artıqdır, sayğac minimal sərfiyyatla 100% nisbi xətayla işləyir, Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir və sayğac istifadəyə yararsızdır. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin dekabr ayı üçün 777.60 manat borc hesablanmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair akt tərtib etmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında həmin müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsini sübut edə bilməmişdir. Halbuki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8, 8-1 və 9-cu bəndlərində göstərilmişdir ki, bu Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, Cavabdeh X3 İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 777,60 manat məbləğində borc silinməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiyməti 777.60 təşkil etdiyindən «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1ci maddəsinə görə iddianın qiyməti 1000 manatadək olduduqdan ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat təşkil edir. İddia əsaslı olduğundan cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 777,60 manat məbləğində borc silinsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar