Məhkəmə qərarları › İş №2(049)-3712/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3712/2025

11.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3712/2025 11.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh “borcun silinməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 07 iyul 2025-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 603.25 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehndə **********02940 saylı abonent kodu ilə qeydiyyatdadır. Onunla bağlanılmış xx.xx.2019-cu il tarixli, 33751 saylı müqavilə əsasında təbii qaz istehlak edərək dəyərini ödəyir. Cavabdeh tərəfindən 07 iyul 2025-ci il tarixdə ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib edilmiş və həmin aktla ona 603.25 manat məbləğində qanunsuz və əsassız borc hesablanmışdır. Evinin qaz sayğacı küçə ərazisində quraşdırılmışdır. Onunla heç bir təması yoxdur. Çünki istehlak etdiyi qazın dəyərini cavabdehin ona təqdim etdiyi "Bildirişxəbərdarlııq" sənədi əsasında ödəyir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə evinin qaz xətti üzərində olan ******* nömrəli qaz sayğacı çıxarılmış və yerinə ******* nömrəli təzə qaz sayğacı quraşdırılmışdır. Lakin həmin vaxtı evdə olmadığından sayğacın çıxarılması və yenisinin quraşdırılması barədə tərtib edilmiş akta ona imza etməyə hüququ olmayan həyat yoldaşı Təranə Malıyevaya imza etdirmişlər. Həyat yoldaşının həmin akta imza etməyə hüququ olsaydı belə həmin imzanın heç bir hüquqi məsuliyyəti yoxdur. Çünki həmin akt məsuliyyət müəyyən edən akt deyildir. Ona görə də tətbiq edilmiş borc məbləğinin heç bir hüquqi əsası yoxdur və bu səbəbdən silinməlidir. Cavabdeh tərəfindən tərtib edilmiş 07 iyul 2025-ci il tarixli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında"kı akt və 30 iyul 2025-ci il tarixli "Tələbnamə" sənədi əsasında hesablanmış 603.25 manat borc məbləği onun adına olan "Abonent Saldosu" sənədinin 2025-ci ilin avqust ayı qrafasına yüklənilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarının 4.8-ci bəndinin tələblərinə görə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi istehlakçı olaraq onun vəzifəsinə daxil edilməmişdir. Ona təqdim edilmiş Dövlət laboratoriya rəyinə əsasən evinin qaz xətti üzərində. lakin küçə ərazisində olan qaz sayğacı üzrə müdaxilə rəyi verilsə də həmin rəydə həmin müdaxilənin onun və ya hər hansı bir başqası tərəfindən edilməsi barədə hər hansı bir sübut və ya dəlil göstərilməmişdir. Amma buna baxmayaraq cavabdeh ona hüquqi əsası olmayan akt tərtib etməklə 603.25 manat məbləğində borc hesablamışdır. Lakin nə tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında"kı ******* nömrəli aktda, nə də onun əsasında tərtib edilmiş "Tələbnamə" sənədində müdaxilənin onun və ya başqa birisi tərəfindən törədilməsi barədə hər hansı bir sübut və ya dəlil yoxdur. Deməli 80 saylı Qərarın 4.9-cu bəndinə əsasən təqsirli deyil. Təqsir yoxdursa, məsuliyyət də yoxdur. Deməli hesablanmış 603.25 manat borc məbləğinin də heç bir hüquqi əsası yoxdur. Ona görə də həmin borc məbləği onun adından silinməlidir. 30 iyun 1998-ci il tarixli "Qaz Təchizatı haqqında" Qanunun 13-cü maddəsinin 9-cu və 80 saylı Qərarın 4.9-cu bəndlərinə əsasən Qaz paylayıcı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Tələbin hüquqi əsası göstərilməyən tələb qanunsuz və əsassızdır. ******* nömrəli, xx.xx.2025-ci il tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında"kı akt təqdim edilməmişdir. Təqdim edilsəydi belə ona imza etməz idi. Həmin akta imza etməkdən imtina etməyi barədə yazılmış qeydlər saxtadır. Mövcud qaz təchizatı haqqındakı qanunvericiliyinin tələblərinə əsasən qaz sayğacının işlək vəziyyətdə saxlanılması istehlakçının vəzifəsinə daxil edilmədiyindən və müdaxilə halı üzrə təqsiri sübut edilmədiyindən ona hesablanmış 603.25 manat məbləğindəki qanunsuz və əsassız borc silinməlidir. Qazın alqı-satqısı barədə onunla bağlanılmış 33751 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilənin 5.2-ci bəndinə qeyd edildiyi kimi yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Yəni, istehlakçının təqsiri sübut edilmədikdə qazpaylayıcı birtərəfli qaydada istehlakçıya borc hesablaya bilməz, amma məhkəməyə müraciət edə bilər. Amma buna baxmayaraq təqsiri sübut edilmədən ona 603.25 manat məbləğində borc hesablanmışdır. Ona təqdim edilən "Bildiriş-Xəbərdarlıq" sənədində 2025-ci ilin avqust ayı üzre borcunun məbləği 127.74 manat qeyd edilmişdir. Amma xx.xx.2025-ci il tarixli "Abonent Saldosu"nda borcunun məbləği 724.38 manat qeyd edilmişdir. Qanunsuz hesablanmış 603,25 manat borc məbləğinin hüquqi əsası olmadığı üçün həmin borc məbləği "Bildiriş-Xəbərdarlıq" sənədinə daxil edilməmişdir. Ona görə də 603.25 manat məbləğindəki borc məbləği adından silinməlidir. Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı etirazda göstərmişdir ki, iddiaçı Maliyev X3 rayonu, Bürcəli kəndində yaşamaqla X4 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********02940 saylı kodla abonent qeydiyyatındadır. X4 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin əməşdaşları tərəfindən 07..07.2025-ci il tarixldə Lənkəran rayonu, Bürcəli kəndində yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğaca baxış keçirən zaman təbii qazdan qeyri-qanuni istifadə olunması ilə əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akt əsasında İddiaçı abonent hesabına 2851 kub metr olmaqla 603,25 manat (dəymiş ziyan) pul hesablanmışdır. İddiaçı barəsində toplanmış materiallar Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini X1 filialına göndərilmişdir. Abonent inzibati xəta törətdiyinə görə inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci iltarixli MN ******* nömtrəli qərarla 100 manat cərimə edilmişdir Aşağıda göstərilənlərə əsasən İddiaçı iddia ərizəsini əsassız hesab edilərək rədd edilməsini məhkəmədən xahiş edir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 3.3-cü paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nın Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin müddəalarını rəhbər tutaraq, İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı akt əsasında yazılmış 603,25 manat borcun silinməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı mənzilinə gedən qaz xətti üzərində quraşdırılmış G-4T markalı ******* nömrəli sayğaca xx.xx.2025-ci il tarixdə Lənkəran XSnin əməkdaşı tərəfindən baxış keçirilmiş və həmin zaman sayğacda heç bir nöqsan aşkar edilməmiş və sənədləşdirilmişdir. İtirlmiş qazın bərpası ilə bağlı akt əsasında tərtib olunan tələbnamədə qeyd olunan 66 gün tarixi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi yəni sayğacın qaz xəttindən açıldığı dövrə kimi (0824512 saylı xx.xx.2025-ci il tarixli akt) əhatə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, onun barəsində qəbul edilmiş 25 avqust 2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan hazırki mülki iş yekunlaşandan sonra şikayət verəcəkdir. Cavabdeh nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2025-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Bürcəli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış “Elster” tipli, G-4 markalı, ******* №-li sayğac, “GCZ” tipli, G-4 markalı, ******* №-li sayğacla əvəz edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Bürcəli kəndində yerləşən fərdi yaşayış evində baxış zamanı 1 ədəd PQ4 (qaz piltəsi) və 1 ədəd QSQ (qənaətli su qızdırıcı) qaz işlədici avandlıqlar aşkar edilmişdir. 1 ədəd PQ4 saatlıq maksimal qaz sərdi 1,2 kub metr saat, QSQ isə 2,4 kub metr saat maksimal saatlıq qaz sərfi hesablanmışdır. Aktdan görünür ki, plomb kəsilərək qutu açılıb sayğaca saat 12:25-də uzual olaraq baxış keçirildi. Sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində deşilib. Yivli birləşmələri deformasiyaya uğrayıb. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Bürcəli kəndində yerləşən fərdi yaşayış evində qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 66 gün, qənaətli su qızdırıcı 24 litr maksimal saatlıq qaz sərfi 2.4 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 66 gün, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 603.25 manat hesablanmışdır. Abonent saldosundan görünür ki, iddiaçıya 2025-ci ilin avqust ayı üzrə 603.25 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X1 filialının vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 25 avqust 2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Bürcəli kəndində yerləşən fərdi yaşayış evində 603.25 manat məbləğində qazın talanması nəticəsində ziyan vurulduğu üçün İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını araşdırıb və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən istehlakçı tərəfindən sayğacdan əvvəl qaz xəttinə qoşulma ilə qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydalara 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İşin faktiki hallarından və işdə olan sənədlərdən müəyyən olunur ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Bürcəli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə etməsi və qazın talanması işin mübahisə olunmayan halıdır. Belə ki, həmin fakt əsasında iddiaçı Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X1 filialının vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 25 avqust 2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarda və dəymiş ziyanın bərpasına dair tələbnamədə İddiaçı taladığı qazın dəyərinin 603.25 manat olduğu göstərilmişdir. Məhkəmə iddiaçının yaşadığı evdə təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktının 66 gün yox 30 gün hesablanmalı olduğunu qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, yuxarıda qeyd olunan “Qaydalar”a görə ayda bir dəfə baxış keçirilməli olduğu üçün sayğaca müdaxilə etməklə qazdan istifadə etdiyi günlərinin müddəti 30 gün götürülməli, həmin müddətdə PQ-4-dən ağlabatan istifadə müddətini gündəlik 4 saat, su qızdırıcını isə aktda qeyd edildiyi 12 saat nəzərə alınmalıdır. Beləliklə, PQ-4-ə görə 1,2 kub metr x 4 saat x 30 gün = 144 kub metr, su qızdırıcıya görə 2,4 kub metr x 12 saat x 30 gün = 864 kub metr olduqda, cəmi 1008 kub metr həcmində qanunsuz istifadə etməsi müəyyən edilir. İstehlakçıya 2851 kub metrə görə 603,25 manat sərfiyyat hesablanıb. Belə olan halda 603,25 : 2851 = 1 kubun dəyəri, 1008 kubun dəyəri = 213,28 manat, 1843 kubun dəyəri = 389,97 manat təşkil edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 389.97 manat borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia qismən təmin edilməli, “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 07 iyul 2025-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 603.25 manat məbləğin 389.97 manat hissəsi silinməli, iddia qalan hissədə rədd edilməli, ödənilməli olan dövlət rüsumunun məbləğini təşkil edən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən 07 iyul 2025-ci il tarixli, ******* nömrəli akt əsasında İddiaçı hesabına işlənmiş itirilmiş təbii qazın dəyəri olan 389.97 manat debitor borc silinsin. İddia qalan hissədə rədd edilsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumunun məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar