Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3738/2024 26.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6650 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “FORD FUSİON” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq istəmiş və bu barədə dayısı X1 bildirmişdir. Mülkiyyətində olan avtomaşının özgəninkiləşdirilməsi üçün dayısı S.Qayıbova etibarnamə vermişdir. Bir neçə gündən sonra dayısı X2 ona bildirmişdir ki, Cavabdeh adlı şəxs həmin avtomaşını almaq istəyir, lakin Cavabdeh pulu birdəfəlik ödəmək imkanı yoxdur, yalnız ilkin ödənişi 3000 manat ödəyərək, qalan məbləği 24 ay müddətinə hər ay 350 manat ödəmək şərti ilə avtomaşını ala bilər. O da göstərilən şərtlə razılaşaraq, X1 mülkiyyətində olan avtomobili satmağı bildirmişdir. Cavabdeh “FORD FUSİON” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə hər ay 350 manat olmaqla 24 ay müddətinə 8400 manat verməyi öhdəsinə götürmüş və həmin avtomaşının sürülməsinə görə cavabdehə dayısı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə iki il müddətinə etibarnamə verilmişdir. Avtomaşının pulu cavabdeh tərəfindən tam ödənildikdən sonra cavabdehlə avtomobilə görə alğı-satqı müqaviləsi bağlayacaqdılar. Cavabdeh 2023-cü ilin iyul ayında 350 manat, avqust ayında 350 manat, sentyabr ayında 350 manat, oktyabr ayında 350 manat, noyabr ayında 200 manat və dekabr ayında 150 manat pul ödəmişdir. Lakin 2024-cü ilin yanvar ayından cavabdeh avtomobilə görə razılaşdıqları aylıq pulu ödəməmişdir. Cavabdeh avtomaşına görə ümumilikdə 4750 manat pul ödəmiş, qalan 6650 manat pulu isə ödəməmişdir. Dayısı S.Qayıbov cavabdehə pulun vaxtı-vaxtında ödəməsini bildirmişdir. Lakin cavabdeh hər dəfə qalan pulun qaytarılması barədə vədlər versə də pulu qaytarmamışdır. Bundan sonra dayısı S.Qayıbov cavabdehə onun mülkiyyətində olan avtomaşını və hər ay 350 manat məbləğində ödəməli olduğu pulun ödənilməsini tələb etsə də cavabdeh avtomaşınını qaytarmayaraq, aylıq ödəməli olduğu pul da ödəməmişdir. X2 ona cavabdeh tərəfindən avtomaşının pulunun ödəməməsini bildirmişdir. Cavabdeh pulu ödəmədiyinə görə o da 06 may 2024-cü il tarixdə cavabdehə avtomaşına görə verilmiş etibarnaməni ləğv etdirmişdir. Cavabdeh onun mülkiyyətində olan “FORD FUSİON” markalı, **-VH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə görə hər ay ödəməli olduğu pulu vermədiyinə görə o da məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf edərək iddiaya qarşı heç bir etirazı olmadığını bildirib iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, qiyməti 11400 manat olan **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil 3000 manat ilkin ödəniş ödənildikdən sonra qalan 8400 manat hər ayın 8-i hər ay 350 manat ödənilmək şərti ilə 24 ay müddətinə Cavabdeh müvəqqəti idarə etmək üçün etibarnamə verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Fusion” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətiçisi İddiaçıdur. xx.xx.2024-cü il tarixli qəbzdən görünürki, iddiaçı tərəfindən 87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alqı-satqı müqaviləsi üzrə hüquq münasibətləridir. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən: 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alqı-satqı müqaviləsini tənzimləyən müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, müqavilə üzrə razılaşdırılmış əmlakı cavabdehin istifadəsinə vermişdir. Lakin cavabdeh həmin müqavilə üzrə aldığı əmlakın dəyərini müqavilədə nəzərdə tutulmuş ödənişləri vaxtında ödəməmiş və icra etməmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6650 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 87 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6650 manat və iddianın qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 87 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3738/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3738/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver