Məhkəmə qərarları › İş №2(049)-3798/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3798/2024

12.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3798/2024 12.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Zeynalzadə Gülnar Şakir qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 adına yazılmış əmək kitançasının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, xx xxxxx 1957-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. İlk əmək fəaliyyətinə 03 may 1974-cü il tarixdə Lənkəran rayonu, Mamusta kəndində yerləşmiş “N.Nərimanov” adına sovxozda fəhlə kimi başlamışdır. Belə ki, həmin tarixdə həmin sovxoza fəhlə kimi işə qəbul olunmuş və 15 sentyabr 1974-cü il tarixdə traktorçu işinə keçirilmişdir. 24 noyabr 1975-ci ildə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. Hərbi xidməti başa vurduqdan sonra 02 yanvar 1978-ci ildə yenidən həmin soxoza fəhlə kimi işə qəbul olunmuşdur. 23 iyul 1978-ci ildə həmin sovxozda traktrorçu işinə keçirilmişdir və 01 mart 1996-cı il tarixə kimi həmin sovxozda həmin işdə işləmişdir. 01 mart 1996-cı il tarixdə N.Nərimanov adına sovxoz ləğv edilmiş, əvəzində Lənkəran rayon Mamusta İstehsal-istehlak kooperativi yaradılmış və onu həmin tarixdə qeyd olunan kooperativə üzv qəbul edilərək 30 dekabr 1997-ci il tarixədək orada işləmişdir. Onun yuxarıda qeyd etdiyi yerlərdə işləməyini əmək kitabçası təsdiq edir. O, pensiyaya çıxmaq üçün lazımi sənədləri toplayıb, Azərbaycan Respublikasının ƏƏSMNnin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim edib. Lakin oradan ona imtina cavabı verilib. Həmçinin ona məxsus olan əmək kitabçasında Ərizəçi səhvən X1 qeyd olunduğundan hazırda pensiya hüququndan tam şəkildə istifadə edə bilmir. Ona görə də o həmin uyğunsuzluğu aradan qaldırmaq üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ərizəyə qarşı etiraz təqdim edilərək, qeyd edilmişdir ki, ərizə əsasızdır və təmin edilməməlidir. Belə ki, Ərizəçi Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək yaşa görə əmək pensyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-305141/2024 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərinin surətlərinə əsasən ümumi sığorta staj (xx.xx.1971-ci tarixdə xx.xx.1974-cü tarixdə əyani təhsil aldığı illər və xx.xx.1975-ci tarixdən xx.xx.1977-ci tariədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 19 il 4 ay 27 gün təşkil etmişdir . Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-ci il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasının surətində qaydası pozulduğu üçün (işdənçıxma əmrində salahiyyətli şəxsin imzası yoxdur) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Hazırki is üzrə əmək kitabəsinin ərizəçiyə məxsus olması faktı şahid ifadələri ilə təsdiqlənməsi nəticəsində inzibati organ tərəfindən mübahisəli və mötəbərliyinə əsaslı şübhə doğuran hallar aradan qalxmış olacaqdır. Qeyd olunan məsələ inzibatı məhkəmənin səlahiyyətinə aid olduğundan mülki qaydada baxılmasını istisna edir. Belə ki, ərizəçiyə məxsus əmək kitabçasında mötəbərliyinə əsaslı şübhələr doğuran xx.xx.1996-cı i tarixdən “N.Nərimanov” adına sovxozda işləməsi, həmçinin xx.xx.1997-ci il tarixdə Koorporatıvın ləğv edilməsi aparılmış qeydlərdə səlahiyyətli şəxsin imzası yoxdur. İş materiallarından aydın olur ki, Ərizəçi tərəfindən tələbin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə ərizə tələbini qəbul etməyərək, məhkəməyə təqdim edilmiş ərizəyə qarşı etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Ərizəçi Dövlət Sosial Müdafiə Fondu tərəfindən imtina əmək kitabçasında adının səhv qeyd edilməsi ilə əlaqadar deyil, digər səbəbdən təqdim edilmişdir. Bu halda işə baxılması yolverilməzdir. Odur ki, ərizə tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşmateriallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır və Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatdadır. Əmək kitabçasının surətindən görünür ki, həmin əmək kitabçası 08 may 1974-cü il tarixdə tərtib edilmiş 1957-ci il təvəllüdlü X4 adına tərtib edilmişdir. Peşəsi: fəhlə-traktorçu qeyd edilmişdir. Əmək kitabçasının ilk səhifəsində olan 01 saylı xx.xx.1974-cü il tarixli qeyddə onun xx.xx.1974-cü il tarixli, 58 saylı əmr əsasında “N.Nərimanov” adına sovxozda fəhlə vəzifəsinə qəbul edildiyi qeyd edilmişdir. Əmək kitabçasında olan xx.xx.1966-cı il tarixli, 06 saylı qeyddə “N.Nərimanov” adına sovxozun ləğv edildiyi qeyd edilmişdir. 1899 nömrəli xx.xx.1974-ü il tarixli X8 Məktəbindən təqdim edilmiş attestatdan görünür ki, Ərizəçi 1972-1974-cü illər ərzində həmin məktəbdə təhsil alaraq, oranı bitirmişdir. NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, 1957-ci il təvəllüdlü Ərizəçi 1975-1977-ci illər ərzində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-DA-7F/1-Ə-309-1- 42/2024 saylı arxiv arayışından görünür ki, Ərizəçi 03 may 1974-cü il tarixdə 58 saylı əmrlə “N.Nərimanov” adına sovxozda fəhlə kimi işə qəbul edilmişdir. Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF tərəfindən Ərizəçi ünvanlanmış 29 aprel 2024-cü il tarixli 317-1/2-Ə-98722/2024 saylı məktubda yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X3 ifadəsində bildirdi ki, Ərizəçi ilə birlikdə Lənkəran rayonu, “N.Nərimanov” adına sovxozda 1983-cü ildən 1996-cı ilədək birlikdə işləmişlər. 1996-cı ildə həmin sovxoz ləğv edildiyindən i yerləri ayrılmışdır. Ərizəçi “İlham” deyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X2 ifadəsində bildirdi ki, Ərizəçi ilə birlikdə Lənkəran rayonu, “N.Nərimanov” adına sovxozda 1983-cü ildən 1990-cı ilədək birlikdə işləmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 13.2 maddəsinə əsasən, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə əmək fəaliyytinə dair həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə olan əmək hüquqlarına dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə həmçinin qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi qeyd edilən əmək kitabçası Ərizəçi ilk iş yeri üzrə “N.Nərimanov” adına sovxozda işə qəbul edilərkən həmin sovxoz tərəfindən tərib edilmişdir və əmək kitabçasında olan müvafiq qeyddən görünür ki, həmin sovxoz ləğv edilmişdir. Qeyd edilən səbəbdən ərizəçi əmək kitabçasını (hüquqmüəyyənedici sənədi) verən təşkilata müraciət edərək, həmin sənəddə olan səhvlərin aradan qaldırılmasını (düzəldilməsini) tələb etmək imkanını itirmişdir. Bu səbəbdən ərizəçi həmin hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi ilə əlaqadar birbaşa məhkəməyə müraciət etməkdə haqlı olmuşdir. Eyni zamanda məhkəmə maraqlı şəxsin ərizəyə qarşı etirazına münasibət bildirərək qeyd edir ki, hazırki ərizə tələbində ərizəçi “əmək stajı faktının müəyyən edilməsini” deyil “əmək kitabçasının ona məxsus olması faktının müəyyən edilməsini” məhkəmədən xahiş etmişdir. Belə ki, əmək kitabçasının ərizəçiyə məxsus olması fktının məhkəmə qaydasında müəyyən edilməsi həmin əmək kitabçasında olan qeydlərə dair əmək stajı faktının məhkəmə qaydasında müəyyən edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 adına tərtib edilmiş əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 08 may 1974-cü il tarixdə 1957-ci il təvəllüdlü X4 adına tərtib edilmiş əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar