Məhkəmə qərarları › İş №2(049)-383/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-383/2025

14.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-383/2025 14.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi X26, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X19, X10, X20 və X11 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qarşı “X39 X5 və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mərhum X2 mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə onun payının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına Lənkəran rayon notariat kontorunun notariusu tərəfindən verilmiş reyestrdə 2V-01-06 nömrə ilə qeyd edilmiş 09 yanvar 2013-cü il tarixli X39 X5 etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* qeydiyyat nömrəli, 15 yanvar 2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* qeydiyyat nömrəli, 29 dekabr 2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mərhum anası X2 mülkiyyətində olmuş 0.028 ha torpaq sahəsi, ümumi sahəsi 91.4 kv.m, yaşayış sahəsi 53.6 kv.m, yardımçı sahəsi 37.8 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə onun payının müəyyən edilməsi, dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq İddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına Lənkəran rayon notariat kontorunun notariusu tərəfindən verilmiş reyestrdə 2V-01-06 nömrə ilə qeyd edilmiş 09 yanvar 2013-cü il tarixli X39 X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* qeydiyyat nömrəli, 15 yanvar 2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* qeydiyyat nömrəli, 29 dekabr 2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mərhum anası X2 mülkiyyətində olmuş 0.028 ha torpaq sahəsi, ümumi sahəsi 91.4 kv.m, yaşayış sahəsi 53.6 kv.m, yardımçı sahəsi 37.8 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə onun payının müəyyən edilməsi, dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1960-cı il tarixdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuş, atası 1928-ci il təvəllüdlü X21, anası 1936-cı il təvəllüdlü X3r. 08 iyul 1954 cü il tarixdə valideynləri nikaha daxil olaraq ailə həyatı qurmuş, onların nikahı 08 iyul 1954-cü il tarixli Lənkəran rayonun Lüvəsər kənd sovetliyində HE N« 082591 saylı “Evlənmək haqqında Şəhadətnamə” ilə rəsmiləşdirilmiş və anasına Həsənova soyadı verilmişdir. X4 30 oktyabr 1992-ci il tarixdə, anası X7 07 iyun 2009-cu il tarixdə vəfat etmişlər. Valideynlərinin birgə nikahından X13, X16, X19, İddiaçı, X27, X14, Cavabdeh1 adlı 7 uşağı doğulmuşdur. Valideynləri vəfat edəndə onların vərəsələri X13, X16, X19, İddiaçı, X27, X14, Cavabdeh1 olmuşlar. Vərəsələrdən bacısı X13 2024-cü ildə vəfat etmiş, qalan digər vərəsələr yaşayırlar. ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mərhum anası X2 mülkiyyətində Lənkəran rayonu Gərmətük qəsəbəsində 0.028 ha torpaq sahəsi, 1 mərtəbəli, ümumi sahəsi 91.4 m.kv, 4 otaqlı fərdi yaşayış evi vardır. Anasından qalan evə və torpaq sahəsinə münasibətdə vərəsəlik payını əldə etməkdən ötrü etibarnamə üzrə nümayəndəsi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh3nə ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh3 11 dekabr 2024-cü il tarixli, 970 saylı məktubu ilə ona bildirmişlər ki, “sözü gedən məsələ üzrə vərəsəlik işi açılmış, vərəsəlik X12 verilmişdir. Ona görə də vərəsəlik X12 verilməsi imkan xaricindədir. Həmin sənədlərin surətləri onlara təqdim olunmuş, “X39 X5” verilməsinə əsas olan sənədlərdən Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə i.ə/d nümayəndəsinin 21 dekabr 2012-ci il tarixli, 2200 saylı arayışından görünür ki, xx.xx.2009-cu ildə vəfat edən X2 vərəsələri kimi Cavabdeh1, X13, X16, X19, X14 göstərilmişdir. Lakin, Azərbaycan Respublikası Lənkəran ŞİHB Gərmətük qəsəbə İƏDÜ nümayəndəliyinin 26 noyabr 2024cü il tarixli, 12-06/134 saylı arayışından görünür ki, xx.xx.2009-cu ildə vəfat edən X2 vərəsələri X13, X16, X19, İddiaçı, X27, X14, Cavabdeh1dur. Vərəsə dairəsinin müəyyən olunmasından ötrü verilmiş Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə i.ə/d nümayəndəsinin 21 dekabr 2012-ci il tarixli, 2200 saylı arayışı saxtalaşdırılmış şəkildə verilmişdir. Belə ki, vərəsələrdən İddiaçı və X15 adları arayışda qeyd edilməmişdir. Ona 10 dekabr 2024-cü il tarixdə məlum olmuşdur ki, mərhum anasından miras qalan Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0.028 ha torpaq sahəsi, 1 mərtəbəli, ümumi sahəsi 91.4 m.kv, 4 otaqlı fərdi yaşayış evinə 09 yanvar 2013-cü il tarixdə qardaşı Cavabdeh1 Hənna oğlunun adına “X39 X12” verilib və həmin Şəhadətnaməyə əsasən ******* 5 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı i-.aqqmda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmiş, Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə i.ə/d nümayəndəsinin 21 dekabr 2012-ci il tarixli, 2200 saylı arayışında iki vərəsənin adı gizlədilmiş, 09 yanvar 2013-cü il tarixli “X39 X12”də Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə i.ə/d nümayəndəsinin 21 dekabr 2012-ci il tarixli, 2200 saylı arayışına əsasən verilmiş, 09 yanvar 2013-cü il tarixli “X39 X12” əsasında da ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Hazırki halda mərhum anası X1 miras qalan Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0,28 ha torpaq sahəsi, 1 mərtəbəli, ümumi sahəsi 91.4 m.kv, 4 otaqlı fərdi yaşayış evinə 09 yanvar 2013-cü il tarixdə cavabdeh, qardaşı Cavabdeh1 Hənna oğlunun adına verilmiş “X39 X12”, həmin Şəhadətnaməyə əsasən ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməli və onun anasından qalan mirasdan vərəsə payı müəyyən edilməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmunda izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ona qarşı verilmiş iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir: “iddia tələbini qəbul etmirəm və tamamilə əsassız hesab edirəm. Davam edərək bildirirəm ki, iddiaçının xx.xx.2009-cu il tarixdə vəfat edən anasından qalmış miras əmlak barədə məlumatlı olmamasını qeyd etməsi və buna istinad edərək 2024-cü ildə, yəni 15 il sonra tələb irəli sürməsi ağlabatan deyil və istinad etdiyi hal da təsdiq olunmamaqdadır. Mübahisənin hüquqi tərəfi ilə bağlı aşağıdakıları qeyd etmək istəyirəm: Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu maddəyə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırki mübahisə üzrə hesab edirəm ki, iddiaçı hazırki tələblə hansı səbəbdən 15 il sonra müraciət etdiyini əsaslandırmalı və bu əsası da təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir. İddiaçı iddia ərizəsində “mənə xx.xx.2024-cü il tarixdə məlum oldu ki,.....” kimi absurd fikirlər göstərir, lakin həmin fikri təsdiq edən heç bir mötəbər sübut iddia ərizəsinə əlavə olunmamışdır. Bu səbəbdən də hazırki iddia üzrə sübut etmə yükü iddiaçının üzərindədir. İşin hallarının sübut olunması dedikdə hər bir tərəfin istinad etdiyi halları qarşı tərəfin etirazlarını üstələyən dərəcədə isbat etməsidir. İşin hallarının sübut olunmaması isə iş üzrə faktların qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya mötəbər olmayan, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsidir. Sübutun mötəbərliyi isə onun gerçəkliyə uyğunluğu deməkdir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarətdir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd olunan hüquqi məsələ ilə bağlı Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Avropa Məhkəməsi «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli Qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Hesab edirəm ki, cavabdeh yalnız formal mülahizələrdən çıxış edib öz tələbini əsaslandırmağa çalışmışdır ki, bu da tərəfimizdən qəbul edilmir. Ona görə də xx.xx.2024cü il tarixdə poçt vasitəsilə aldığım iddia tələbi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə öz etirazımı məhkəməyə təqdim edirəm. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmədən Xahiş edirəm: İddiaçı mənə və qeyrilərinə qarşı qaldırmış olduğu «X39 X5 etibarsızlığı və s.» tələbə dair iddiasının rədd olunması barədə qətnamə çıxarasınız.” Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib məhkəməyə təqdim etmiş olduğu etirazda göstərdiklərinə uyğun izahat verib tələbin hüquqi əsaslandırması ilə bağlı çıxış edərək iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 nümayəndəsi X26 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, hazırki mübahisənin predmetini təşkil edən 09 yanvar 2013-cü il tarixdə Cavabdeh1 adına verilmiş X39 X5 verilməsi ilə bağlı notariat əməliyyatı aparılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X19 məhkəmə iclasında izahatında göstərdi ki, iddiaçı və Cavabdeh1 onun doğma qardaşlarıdır. Özü ailəsi ilə birlikdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində iddiaçı və cavabdeh olan qardaşları ilə qonşuluqda yaşamaqdadır. İddiaçının vərəsəlik qaydasında pay tələb etdiyi ev mərhum anasına məxsus olmuş, anası vəfat etməmişdən əvvəl həmin evdə Cavabdeh1 ailəsi ilə birlikdə yaşamış, anasının vəfatından sonra ev köhnə olduğundan sökülərək yerində yenisi tikilmiş, tikinti zamanı iddiaçı ölkə xaricində olmuş, lakin buna baxmayaraq iddiaçının evin sökülməsindən xəbəri olmuş, ümumiyyətlə iddiaçı anasının vəfatından əvvəl də, sonra da Rusiya Federasiyasında yaşamış, hətta anasının yas mərasimi (7 gün) bitdikdən sonra təkrarən Rusiya Federasiyasına qayıtmış, iddiaçı heç vaxt analarından qalan əmlaka sahiblik, evin sökülməsinə, onun yerində isə yenisinin tikilməsinə etiraz etməmiş, bu barədə tam məlumatlı olsa da, lakin narazılığını bildirməmişdir. Mərhum analarından qalan əmlaka yalnız Cavabdeh1 sahiblik etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10 məhkəmə iclasında izahatında göstərdi ki, Cavabdeh1 onun həyat yoldaşı, iddiaçı isə ərinin qardaşıdır. Mərhum qayınanası vəfat edənədək onlarla birlikdə yaşamış, qayınanasının vəfatından sonra iddiaçı Rusiya Federasiyasından gəlib onun yas mərasimlərində iştirak etsə də, lakin çox qalmadan təkrarən ora qayıtmış, yaşadıqları ev köhnə olduğundan həyat yoldaşı həmin evi sökdürərək yerində yenisini (hazırda yaşadıqları) tikdirmiş, bununla əlaqədar iddiaçı tam məlumatlı olsa da, heç vaxt narazılıq etməmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X22 məhkəmə iclasında izahatında göstərdi ki, iddiaçı əmisi, Cavabdeh1 isə atasıdır. Nənəsinin vəfatından sonra evlərinin söküldüyünü xatırlayır, iddiaçının heç vaxt onlarla birlikdə yaşamadığını, bildiyinə görə əmisi həmişə Rusiya Federasiyasında yaşamışdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X20 da məhkəmə iclasında digər 3-cü şəxs N.S.Həsənli ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X16, X29 və X14 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: JN-433F KOD 80206016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,14 ha həyətyanı torpaq sahəsi X6, Cavabdeh1 Hənna oğlu, X8, X17 və X9 birgə mülkiyyətinə verilmişdir. Seriya RX № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012) görünür ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,14 ha həyətyanı torpaq sahəsi və 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi X7 (fərdi yaşayış evi və 0,028 ha torpaq sahəsi), Cavabdeh1 Hənna oğlu (0,028 ha torpaq sahəsi), X10 (0,028 ha torpaq sahəsi), X17 (0,028 ha torpaq sahəsi) və X9 (0,028 ha torpaq sahəsi) mülkiyyətinə verilmişdir. xx.xx.2013-cü il tarixli X39 X12dən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayan Cavabdeh1 Seriya RX № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixdə verilmiş çıxarışa əsasən Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus olan 0,028 ha hissəsindən və torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 91.4 kv.m, yaşayış sahəsi 53.6 kv.m, yardımçı sahəsi 37.8 kv.m olan 4 otaqlı fərdi yaşayış evindən tam hissədə irs almalıdır. Seriya RX № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2013) görünür ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,14 ha həyətyanı torpaq sahəsi və 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi Cavabdeh1 Hənna oğlu (fərdi yaşayış evi və 0,056 ha torpaq sahəsi), X10 (0,028 ha torpaq sahəsi), X17 (0,028 ha torpaq sahəsi) və X9 (0,028 ha torpaq sahəsi) mülkiyyətinə verilmişdir. Məhkəmə, proses iştirakçılarınını izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, iddaçının tələbini bütövlükdə nəzərdən keçirib belə qənaətə gəlir ki, hazırki mübahisə üzrə ilk öncə tələbin əsasını təşkil edən miras əmlakla bağlı olan hissəsinə qiymət verilməli, daha sonra bu tələbdən yaranan digər tələblər üzrə dəyərləndirmə aparılmalıdır. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin miras əmlakla bağlı olan hissəsinə münasibətdə sübut edilməli olan halı, yəni, iddianın predmeti olan və iddiaçı tərəfindən iddia tələbində göstərilən əmlaklardan (torpaq sahəsi və yaşayış evi) özünə çatmalı olan hissə ilə bağlı mirasın qəbul edilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydasına riayət edilməklə qəbul olunmasının təsdiq edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə, mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək qeyd edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, araşdırma zamanı təsdiq edilmişdir ki, iddiaçı anasının ölümündən (xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.) əvvəl Rusiya Federasiyasında olsa da, onun vəfatından məlumatlı olmuş, sonuncunun yas mərasimlərində iştirak etdikdən sonra yenidən Rusiya Federasiyasına getmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının niyyəti anasından miras qalmış əmlaka sahiblik etmək, eləcə də o əmlakı qəbul edərək idarə etmək olmamışdır. Yalnız anasının vəfatından 15 il keçdikdən sonra vərəsəliyi mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin mərhum X2 mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən olunmasına dair hissəsi əsaslı hesab edilməklə təmin oluna bilməz. Məhkəmə, həmçinin iddia tələbinin X39 X5 etibarsız hesab olunması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bununla məhkəmə onu qeyd edir ki, iş üzrə cavabdeh X39 şəhadətnaməsi alınmasından ötrü (xx.xx.2013-cü il tarixdə verilmişdir.) notariat ofisinə müraciət edənədək artıq anasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, ona sahiblik edərək idarə etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Məhkəmə hesab edir ki, iddiaçı yuxarıda şərh olunan maddi hüquq normalarının tələbinə riayət etməklə anasından qalmış mirası qəbul etməsini sübut edə bilməmişdir. İşin hallarının sübut olunması dedikdə hər bir tərəfin istinad etdiyi halları qarşı tərəfin etirazlarını üstələyən dərəcədə isbat etməsidir. İşin hallarının sübut olunmaması isə iş üzrə faktların qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya mötəbər olmayan, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsidir. Sübutun mötəbərliyi isə onun gerçəkliyə uyğunluğu deməkdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normaya müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Hazırki mübahisə üzrə iddia tələbini təsdiq edən halları sübut etmə yükü iddiaçının üzərindədir. Lakin buna baxmayaraq, iddiaçı öz tələbinin əsaslılığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli Qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Qeyd olunanlara əsaslanaraq məhkəmə iddia tələbinin X39 X5 etibarsız hesab olunması ilə bağlı hissəsini də əsaslı hesab etmir. Məhkəmə, iddia tələbinin digər hissəsi ilə bağlı əlavə qiymət verilməsinə zərurət olmadığı qənaətinə gələrək hesab edir ki, iddia tələbi həmin hissəsədə də təmin olunmamalıdır. Şərh olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qarşı “X39 X5 və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mərhum X2 mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə onun payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qarşı “X39 X5 və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mərhum X2 mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə onun payının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar