Məhkəmə qərarları › İş №2(049)-3855/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3855/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3855/2025 24.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1480 manat pulun və ödənilmiş 34,8 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1967-ci il tarixdə Lənkəram rayonu, Bala kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə ailə üzvləri ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Həmin kənddə həmçinin özünə məxsus paybəlli torpaq sahəsi də vardır. Həmin paybəlli torpaq sahəsində sitrus meyvə ağacları əkmişdir, hər ilə mövsümündə həmin sitrus ağaclarının barım sataraq ailəsini dolandırır. Hər il olduğu kimi bu il də meyvə alaclarının barını satır. 12 mart 2024-cü il tarixdə sahədə olarkən cavabdeh olan Əmrah ona yaxınlaşıb, limon almaq istədiyini bildirmişdir. Onu əvvəllər tanımamışdır. Ona məxsus torpaq sahəsi Lənkəran-Astara yolunun kənarında yerləşdiyi üçün alıcılar bağı görüb, birbaşa sahəyə gələrək ona sifariş edirdilər. Cavabdeh də yuxarıda qeyd etdiyim kimi onu sahədə görüb, gəlmişdir. Həmin vaxtı onun torpaq sahəsində 6.000 ədədə yaxın limon var idi. Cavabdeh ona demişdir ki, sahədə nə qədər limon olsa, hamısını alar. O, limonun bir ədədini 0.40 manata razılaşmışdır. Bundan sonra cavabdeh günortadan sonra iki qadın fəhlə gətirmiş, həmin qadın fəhlələr qaranlıq düşənə qədər 3.700 ədəd limon dərmişlər və sonra cavabdeh həmin limonları dostu ilə "Khazar" markalı ** PS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yükləmişdir. Pulunu istəyəndə cavabdeh demişdir ki, üstündə pul yoxdur, sabah gəlib, qalan hissəsini də dərib, aparanda pulunu tam şəkildə verər. O, da ona heç nə deməmiş və cavabdeh çıxıb getmiş, sabahısı gün gəlməmişdir. O, da ona zəng edəndə bildirmişdir ki, bəs limonun satışı zəifləyibdir, onlar mənə deyəndən sonra limonu göndərərəm, pulunu üç günə göndərərlər, gətirib, çaldıraram, narahat olma. Lakin cavabdeh gəlib, çıxmamış, dəfələrlə ondan pulunu istəsə də. hər dəfə ona limonun pulunu verməkdən yayınmışdır. O, da aprel ayın kimi gözləmiş, aldandığını başa düşüb, aprel ayının 16-da bununla bağlə ərizə ilə Lənkəran ŞRPŞnə müraciət etmiş, orada onun şikayətinə əsasən araşdırma aparılarkən kəndin sahə müvəkkili cavabdehin istifadəsində olan telefona zəng edərək bildirmişdir ki, İddiaçı tanıyırsan, cavabdeh bəli, sahə müvəkilli soruşmuşdur ki, ondan limon alıbsan, yenə də demişdir bəli, sayı soruşanda, demişdir 3.700 ədəd, qiymətini soruşanda demişdir ki, 0.40 manata razılaşmış, ümumi məbləğini soruşanda 1.480 manat olduğunu demişdir. Daha sonra sahə müvəkkili pulun nə qədərinin ona verdiyini soruşanda demişdir ki, heç nə verməmişdir. Sahə müvəkilli onu polis şöbəsinə dəvət elmişdir. Cavabdeh sabahı polis şöbəsinə gələcəyini demişdr. Sabahı o, polis şöbəsinə getsəm də cavabdeh oraya gəlməmişdir. Polis sahə müvəkkili də şikayət ərizəsi üzrə araşdırmanın mülki xarakterli olduğunu deyərək mülki qaydada məhkəməyə müraciət etməli olduğu barədə ona məktub vermişdir. Bundan sonra cavabdehin atası may ayının 3-də ona zəng edib, onu Sürük kəndində yerləşən çayxanaya dəvət edərək danışmaq istədiyini bildirmişdir. O, da getmiş, demişdir ki, pul tapa bilmir. Rusiyaya gedib, orada işləyib, göndərər. Hazırda cavabdeh ona verdiyi limonun pulunu qaytarmaqdan yayındığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hazırda o, cavabdehdən limon məhsuluna görə ödənilməmiş qalan 1480 manat pulun və ödədiyi 34,8 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını tələb edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan diskə məhkəmə prosesinin gedişində tərəfin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə hazırki iş üzrə cavabdehin səs yazıları vardır. Səs yazılarında cavabdehin limon məhsulu aldığını etiraf edən məzmunda danışıqları, iddiaçıya 1480 manat pul borclu olduğu, həmin pulu qısa müddətdə ösdəyəcəyi məzmunlu sözləri eşidilir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, şahidin ifadəsi, həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, 12 mart 2024-cü il tarixdə tərəflər arasında olan qarşılıqlı razılığa əsasən iddiaçı ilə cavabdeh limon məhsulunun nisyə olaraq alqı-satqısı barədə (iddiaçı satıcı qismində, cavabdeh isə alıcı qismində) razılaşmışlar. Cavabdeh iddiaçıya məxsus bağdan 3.700 ədəd limonu dərdirib aparmış, həmin limonun 1 ədədini iddiaçıdan 0,40 manata almağa razılaşmışdır. Cavabdeh malı apararkən həmin məhsulun öulunu ertəsi gün iddiaçıya ödəyəcəyi barədə vəd versə də sonradan həmin pulu ödəməmişdir. İddiaçı bu barədə polis orqanına müraciət etmişdir. Lənkəran ŞRPŞ-dən X1 ünvanlanmış məktubdan görünür ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı hər hansı bir cinayət xarakterli əmələ və inzibati xətaya yol verilməsi hallarının olması müəyyən olunmadığından müraciəti əsasında araşdırma dayandırılmışdır və müki qaydada məhkəməyə müraciət etməsi tövsiy edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 34,8 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehə satılmış limon məhsulunun dəyərinin ödənilməmiş qalan hissəsi olaraq 1480 manat və dövlət rüsumu kimi ödənilmiş 34,8 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq cavabdehlə aralarında olan səs yazılarına istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə etiraz, ərizə və ya hər hansı sübut təqdim etməmiş, iddia tələbinə münasibət bildirməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 571-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alqı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir. Həmin Məcəllənin 598.1-ci və 598.2-ci maddələrinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 12 mart 2024-cü il tarixində tərəflər arasında (iddiaçı satıcı qismində, cavabdeh alıcı qismində) limon məhsulunun alqı-satqısı ilə bağlı müəyyən razılaşma və sövdələşmə olmuş, lakin sonradan məhsulun dəyərinin ödənilməməsi ilə bağlı tərəflər arasında narazılıq yarandığından iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hazırki iddia tələbinin maddi əsasları ilə bağlı qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçıdan limon məhsulunun satın alınması barədə tərəflər arasında olan danışıq, razılaşma və sövdələşmələr iddiaçı ilə cavabdeh arasında olmuş, iddiaçı limon məhsulunu da məhz həmin şəxsə təhvil vermişdir. Lakin məhsulun dəyərinin tam olaraq ödənilibödənilmədiyi hazırki iş üzrə mübahisə predmeti olmaqla, məhsulun dəyərinin ödənildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) məhz cavabdehin üzərinə düşür. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və iddiaçıya ödənilməmiş qalan borcun miqdarını təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara bir-biri ilə əlaqəli şəkildə və məcmu halında qiymət verərək iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə satılmış limon məhsulunun dəyərinin sonradan ödənilmədiyi, alınmış məhsullara görə ödənilməmiş qalan məbləğin 1480 manat miqdarında olduğu faktlarını sübuta yetirilmiş sayır və hesab edir ki, həmin məbləğə görə məhz cavabdeh maddi məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin limon məhsulunun alqı-satqısına görə ödənilməmiş qalan 1480 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, nisyə alqı-satqı üzrə ödənilməmiş məbləğin cavabdehdən tutulmasına dair iddia tələbinin ödənildiyi nəzərə alınmaqla və həmin məbləğə mütənasib olaraq iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 34,8 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənlməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh limon məhsulunun alqı-satqısına görə ödənilməmiş qalan 1.480 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 34,8 manat dövlət rüsumu - cəmi 1.514,8 manat pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar