Məhkəmə qərarları › İş №2(049)-3880/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3880/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3880/2025 09.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı «4115 manat məbləğində pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «4115 manat məbləğində pul» tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4115 (dörd min bir yüz on beş) manat məbləğində borc və ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumunun, cəmi 4177 (dörd min bir yüz yetmiş yeddi) manat pul məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Lənkəran Rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının ordu sıralarına hərbi qulluğa çağrılmışdır. Hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə döyüş zonasında aldığı xəsarətin dərəcəsi xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman təyin edilmiş yaralanmanın nəticəsi "Sağ budun orta 1/3-nin dəlibkeçən güllə yarası, sağ diz oynağının açıcı kontrakturası" diaqnozu hərbi travma və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması kimi qiymətləndirilmişdir. Aldığı müharibə dövrü xəsarəti nəticəsində müvafiq iş tapıb işləyə bilmədiyindən məcbur olub ailə üzvlərinin köməyi ilə iribuynuzlu heyvan saxlayıb satır. Saxlayıb böyütdüyü heyvanları Lənkəran şəhər bazarında qəssab kimi fəaliyyət göstərən Cavabdeh satmışdır. O da mütəmadi olaraq onun pulunu verirdi. Son zamanlarda ona 1550 (bir min beş yüz əlli manat) borcu qalmışdır. 2025-ci ilin Qurban bayramına bir gün qalmış ondan iki inək almışdır. İnəklərin birini 1700 (bir min yeddi yüz) manat, o birisini isə 1800 (bir min səkkiz yüz) manat olmaqla, hər ikisini 3500 (üç min beş yüz) manata götürdü. İnəklərdən birini toya, o birisini isə "qurban" heyvanı kimi kəsəcəyini bildirmişdir. Hər iki heyvanın pulunu və ona əvvəllər borclu olduğu 1550 manat olmaqla cəmi 5050 manat borcu bir yerdə ona verəcəyini demişdir. Cavabdeh bir neçə dəfə olmaqla həmin puldan ona 935 (doqquz yüz otuz beş) manat qaytarmışdır. Lakin 4115 manat pulu vermir ki, vermir. Hər dəfə ona yalan vədlər verir. Axır günlər telefon zənglərinə də cavab vermir. Onun işlətdiyi ***-***-**-** nömrəli telefona zəng edəndə də o deyil, oğlu cavab verir. Oğlu da deyir ki. verəcəkdir O, xəstə adamdır, dərmanlarını vaxtında almalıdır. Pul olmayanda isə həmin dərmanları ala bilmir. Pulunun alınmasına köməklik göstərilməsi istiqamətində Cavabdeh Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Onun müraciəti əsasında polisdə araşdırma aparılsa da cavabdehdən pulunun alınmasında ona köməklik göstərilməmişdir. Polisdən aldığı xx.xx.2025-ci il tarixli, 3-13-96/2-B-199xx/xx/2025 nömrəli məktubla müraciəti mülki xarakterli olduğunu və bu barədə məhkəməyə müraciət edə biləcəyini izah etmişlər. Tələbi cavabdehin ona borclu olduğu 4115 (dörd min bir yüz on beş) manat məbləğində pulun alınması tələbidir. Cavabdeh son dəfə iki inək satmağı və pulunu verməməsi barədə sübutları da vardır. Cavabdeh özü də təsdiq edər ki, axırıncı dəfə ondan iki inək almışdır. Son hesab-kitaba görə ona 4115 manat borcu qalmışdır. Cavabdehin ondan iri buynuzlu heyvan almasını və ona borclu olmasını cavabdehə satdığı inəkləri öz yük maşını ilə daşıyıb cavabdehə verən yük maşınının sürücüsü, Lənkəran rayonunun Rvo kəndində yaşayan X2 da təsdiq edə bilər. O da bir neçə dəfə cavabdehdən xahiş etmişdir ki, onun pulunu versin. Çünki həmin inəkləri Azər Həsənovdan almışdı. Həm də həmin inəklərin pulunu Azər Həsənova özü də borclu qalmışdır. Öz ailə üzvləri də ondan cavabdehin ondan son dəfə iki inək alması və pulundan 4115 manat verməməsini təsdiq edə bilərlər. Cavabdehin onula heyvan alqı-satqısı etməsi barədə həm də telefon danışıqları vardır. Məhkəmə tələb etdikdə təqdim edə bilər. Rvo kənd sakini X1 və onun ailə üzvlərinin şahid qismində məhkəməyə cəlb edilməsini xahiş edir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri öyrənib belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilmədən verildiyindən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Lakin məhkəmə müdafiə hüququ qanunla müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində mümkündür. Məhz bunlardan biri də işin aidiyyəti üzrə düzgün məhkəmədə baxılması prosedurudur. Təsadüfi deyildir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırda iddia ərizəsi üzrə yaranmış mübahisənin kommersiya məhkəməsinə aid olmasını nəzərə alaraq diqqətin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarına yönəldilməsini zəruri hesab edirəm. Belə ki, həmin Qərarın 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Sözügedən Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Eyni zamanda həmin Qərarın 22-ci bəndində göstərilir ki, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. MPM-nin müvafiq maddələrinin, eləcə də qeyd olunan Qərarının müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Eləcə də həmin Qanunun sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatından bəhs edən 10-cu maddəsinin İ və İİ hissələrinin məzmunundan görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemində “vergi məlumatları” bölməsinə edilmiş sorğuların cavabından görünür ki, həm İddiaçı (VÖEN **********, fəaliyyət istiqaməti - təzə inək və camış südünün istehsalı), həm də Cavabdeh (VÖEN **********, fəaliyyət istiqaməti - arıların becərilməsi, ara balının və arı mumunun istehsalı) vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmışlar. Göründüyü kimi, hazırki iddia ərizəsi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan və yuxarıda qeyd olunan Qərara, habelə sadalanan hüquq normalarına əsasən kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsinin geri qaytarılması qanunamüvafiqdir. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan müddəalarına, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq belə nəticəyə gəlirəm ki, hazırki mübahisə kommersiya mübahisəsi olduğu üçün, işə Lənkəran Rayon Məhkəməsində baxılmalı olmadığından, İddiaçı Cavabdeh qarşı «4115 manat məbləğində pul» tələbi üzrə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddianın verilməsi üçün İddiaçı tərəfindən 62 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı «4115 manat məbləğində pul» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzi əsasında ödənilmiş 62 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar