Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-391/2024 02.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Məmmədov Rəşad Azad oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh3, onun nümayəndələri Nümayəndə2 və Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsi, Lənkəran şəhər İcra Hakimiyyəti, Cavabdeh2 və Lənkəran rayon Aşağı-Nüvədi Bələdiyyəsinə qarşı «alqı-satqı müqaviləsi və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ H İ S S Ə: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına Lənkəran rayon Aşağı Nüvədi qəsəbəsində yerləşən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 0.03 ha torpaq sahəsi üzərində 107.4 kv.m evə dair verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 53-cü maddəsinə əsasən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh3 adına Lənkəran rayon Aşağı Nüvədi qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin bələdiyyə tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 0,03 ha torpaq sahəsinə və üzərində yerləşən 107.4 kv.m evə dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsinə yerləşən ümumi sahəsi 0,89 kvm torpaq sahəsi və mülkiyyətində olan evi 1985-ci ildə tikmişdir. Evə çıxarış çıxarmaqdan ötrü reyestr idarəsinə getmiş və orada ona bildirilmişdir ki, o ev başqa bir şəxsə məxsusdur. Daha sonra məlum olmuşdur ki, onun mülkiyyətində olan ev gəlini Cavabdeh3 adına rəsmiləşdirilmişdir. X12 filialında saxlanılan Aşağı Nüvədi qəsəbə ərazi vahidi nümayəndəliyinin Küvənil kənd üzrə 1996-2000-ci illərə aid təsərrüfatbaşına olan kitabında 116 nömrəli arayışda göstərilmişdir ki, onun təsərrüfatında olan ev şəxsi mülkiyyətindədir. Bələdiyyənin orada evin olduğunu bildiyi halda torpağı alqı-satqı etməyi qanunsuzdur. İlk öncə həmin torpaq satılarkən ona təklif olunmalı idi. O imtina edikdən sonra digər şəxsə və şəxslərə satıla bilərdi. Memarlıq şöbəsi isə köhnə evi görə-görə yeni tikili kimi lahiyə verərək ona məxsus evi gəlininin adına rəsmiləşdirmişdir. İstər bələdiyyə, istər memarlıq, istərsə də reyestr idarəsi arxiv arayışını və orda köhnə tikilini görməzdən gələrək saxtakarlıq etmişlər. Evin köhnə tikilisi ilə bağlı onun kifayət qədər sübutları vardır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Odur ki, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmidir. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı olan iddia tələbi əsassızdır, iddia ərizəsində göstərilənlər isə həqiqəti əks etdirmir. Belə ki, o, iddiaçının gəlini olmaqla onun oğlu Nümayəndə2 həyat yoldaşıdır. Nümayəndə2 ilə 2007-ci ildə ailə qurmuş və həmin nikahdan 2 övladları vardır. O, həmin evə gəlin gəlmiş və evə gəlin gələrkən həmin ev tam təmirli ev olmuşdur. O, həmin evdə yaşayarkən 2015-2016-cı illərdə ev yoldaşı tərəfindən yenidən əsaslı təmir olunmuşdur. Yoldaşı 2011-ci ilə kimi Rusiya Federasiyasında işlədiyi üçün daim Rusiya Federasiyasında olmuş ildə 4-5 dəfə kəndə gəlmiş və bir neçə gün ailəsi ilə vaxt keçirdikdən sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. 2011-ci ildə isə Lənkərana qayıtmış və bundan sonra Rusiya Federasiyasına qayıtmayaraq Lənkəran rayonunda biznes fəaliyyəti ilə məşğul olmağa başlamışdır. O, ailə qurduqdan sonra yoldaşı Rusiya Federasiyasına getmiş, bir neçə ay keçdikdən sonra onu və qaynanası hazırki iş üzrə İddiaçı Rusiya Federasiyasına aparmışdır. 2007-ci ilin dekabr ayında Rusiyada olduğu vaxt orada xəstləndiyi üçün yoldaşı onu Azərbaycana gətirmiş, qaynanası isə Rusiyada qalmışdır. 10 gün Azərbaycanda qalıb müayinə və müalicə olunduqdan sonra yenidən yoldaşı ilə birlikdə Rusiyaya qayıtmışdır. 2008-ci ilin yanvar ayında yoldaşı bel sümüyündən əməliyyat keçirdiyi üçün məcburən ailəlikcə Azərbaycana qayıtmalı olmuşlar. Həmin ilin aprel ayında yoldaşının müalicəsi başa çatdığından o, yenidən Rusiya Federasiyasına qayıtmış, onlar isə kənddə qalmışlar. Həmin ilin yayında o, yoldaşının yanına getmiş, qaynanası isə kənddə qalmışdır. 2009-cu ildə uşaqlarının 1 yaşı ilə əlaqədar olaraq kəndə gəlmişlər. Bundan sonra o, qaynanası və uşağı ilə birlikdə həmin kənddə yaşamağa başlamışdır. Yoldaşı isə işi ilə əlaqədar olaraq yenidən Rusiya Federasiyasına qayıtmışdır. 2011-ci ildə yoldaşı Nümayəndə2 daimi yaşamaq üçün Azərbaycan Respublikasına qayıtmış və həmin vaxtdan da ailəlikcə həmin kənddə yaşayırlar. Hazırda yaşadıqları ev həyat yoldaşı Valehin əmisinin həyətinə bitişik bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərində tikilmişdir və ev iki dəfə əsaslı təmir olunmuşdur. Yoldaşının ona bildirdiyinə görə 2000- 2004-cü illərdə evi birinci dəfə təmir edərkən evin divarlarından başqa bütün konstruksiyaları yenilənmiş və ev normal yaşamaq üçün şəraitə gətirilmişdir. Evin hər iki təmirinin tikinti materiallarına xərclənən pulları və usta və fəhlələrin xidmət haqqları da yoldaşı Nümayəndə2 tərəfindən ödənilmişdir. 2000-2004-cü illər ərzində evin birinci təmiri zamanı orada işləyən ustaların və onların gördüyü işləri aşağıda qeyd edilən qaydada məhkəmənin diqqətinə çatdırır. Evin dam işlərini, suvağını və bütün taxta işlərini X17 adlı usta etmişdir. Köhnə divarlara edilmiş əlavələr-mətbəx, hamam, pilləkən, sanitar qovşağı, həyətin daş hasara alınması işlərini isə kənddə Xani adı ilə tanıdıqları usta etmişdir. Evin bütün pəncərələrini mərhum usta Rövşən İlkin ilə birlikdə Rövşənin özünün pəncərə sexində pəncərələri düzəltməklə dəyişmiş və bununla bağlı olan bütün işləri görmüşlər. Evin bütün kafel, metlax, tavanını İlqar və Elxan adlı ustalar etmişlər. Birinci mərtəbənin yerin üstündə olan döşəmə hissəsinin betonlanması və lambir işləri usta Azad tərəfindən görülmüşdür. Santeknik işərini, kalonka qoşulması, isti və soyuq su xəttlərinin çəkilməsi, dəmir çənin düzəldilməsi, evin girəcək qapısının (seyf qapı), həyətin dəmir darvazasının düzəldilib quraşdırılması işlərini Rafiq və Niyaz qardaşları aparmışlar. Evin bütün elektrik işlərini X13 etmişdir. Həyətdə su quyusu qazılmış, həmin quyunun qazılıb günglənməsi işlərini isə Təvəkkül və Elburus adlı şəxslər görmüşlər. Həmin quyunun günglərini isə o vaxt qonşuluqlarında olan quyu güngü satılan yerdən alınmışdır. 2014-2015-ci illərdə həmin yaşadıqları evin əsaslı təmirə ehtiyacı olduğundan yoldaşı evi təmir etməyə başlamış və həmin təmir bərpa işlərini də aşağıda adları qeyd olunan ustalar etmişlər: Aboy və elektrik işlərini hovuz da daxil olmaqla, patalokların rənglənməsi işlərini usta Elvarla usta Tural birlikdə işləmişlər. Kombi sistemi usta X24 tərəfindən çəkilmişdir. Evin bütün qapılarını X14 dəyişdirmişdir. Evin su sisteminin dəyişdirilməsi, qaraj tikintisi, evin bütün qapılarının dəyişdirilməsi, iri su çəninin quraşdırılması, qarajın dam örtüyünün tikilməsi, hasara bərkidilmiş yağış qoruyucusunun tikilməsi, həyətdə yeni ayaqyolunun tikilməsi evə gələn və evin içərisindəki bütün qaz xəttlərinin dəyişdirilməsi işləri Niyaz və Rafiq usta tərəfindən həyata keçirilmişdir. Həyətdə yeni kanalizasiya sisteminin qurulması, pilləkənin rənglənməsi və birinci mərtəbənin tam təmiri işləri Usta Azad tərəfindən həyata keçirilmişdir. Evin bütün qapılarını usta Sakit apşivka etmişdir. Beləliklə, yaşadığıqları ev iki dəfə əsaslı təmir olunmaqla yaşayış üçün hazırki vəziyyətə gətirilmişdir. Həmin evi isə mərhum qaynatası, onun qardaşı Hacıyev Hacıağanın köməkliyi ilə tikmişlər. Belə ki, yoldaşının əmisi Hacıağa Hacıyev evin tikintisi üçün lazım olan daş, qum, sement və suyu daşımışdır. Ev tikilsə də, sonradan baxımsızlıqdan təbii təbiət hadisələri ilə əlaqədar olaraq yaşayış üçün əlverişsiz olmuş, yoldaşı tərəfindən əsaslı təmir olunaraq yaşayış üçün normal vəziyyətə gətirilmiş, bir neçə ildən sonra yenidən əsaslı təmir və bərpa işləri aparılmaqla hazırki vəziyyətə gətirilmişdir. Lakin evin yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğundan həmin torpaq sahəsini X9 müraciət edərək sənədləşdirilməsini xahiş etmişlər. Həmin torpaq sahəsi yoldaşının əmisinin evinin qarşısında olduğundan və torpaq sahəsinin ona satılmasına etirazı olmadığından əvvəl həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə rəsmiləşdirilmiş və bundan sonra isə bələdiyyə ilə aralarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ona satılmışdır. Bundan sonra isə o, həmin alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evinin mülkiyyət sənədi olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı əldə etmişdir. Hazırki iş üzrə İddiaçı uzun müddət onlarla həmin evdə yaşamış və onun həmin evdə yaşamasına ailə üzvlərindən heç kimin etirazı olmamış və hazırda da yoxdur. O, dəfələrlə iddiaçının qızı Zəminənin fitfası ilə evdən çıxıb getmiş, Zəminə ilə yaşamağa başlamışdır. Zəminənin özü üçün yoldaşı tərəfindən 1-ci dəfə Lənkəran rayonunun Marso (indiki Ürgə) kəndində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı ev alınmış, həmin evi yoldaşı Rusiya Federasiyasında işləyərkən 2400 ABŞ dollarını Rusiyada Elman adlı şəxsdən borc alaraq Yaşar adlı şəxs vasitəsi ilə göndərərək həmin pul ilə qeyd edilən evi almışdır. Həmin pulu Yaşar qayananasına vermiş, qaynanası Sücabə də həmin pulu Zəminənin qaynı Etibar Hüseynova vermişdir. Həmin evin mülkiyyətçisi Etibar Hüseynovun qonşusu olduğu üçün evi Etibar tapmış, yoldaşı tərəfindən göndərilən pulu da Etibar evin əvvəlki mülkiyyətçisinə vermişdir. Etibar Hüseynov hazırda vəfat etdiyindən onun adı şahidlərin siyahısında göstərilməmişdir. Zəminə həmin evi yoldaşının xəbəri olmadan satıb yaşamaq üçün yoldaşının evində yaşamağa başlamış, evin satışından əldə etdiyi pulu da yoldaşına qaytarmamışdır. Bir müddət keçdikdən sonra yoldaşı öz pulu ilə Zəminə üçün Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində Ağa Hüseynov adlı şəxsdən fərdi yaşayış evini satın alıb ikinci dəfə Zəminəyə ev vermişdir. Həmin evi alarkən ev yoldaşının hesabına bütün mebel, elektrik avadanlıqları, televizor və digər məişət avadanlıqları ilə tam təchiz olunmuşdur. Sücabə Zəminənin həmin evində yaşayan zaman qaynanası ilə münasibətləri normal olmuş, daim onun yanına gedib-gəlmiş, onun problemləri ilə daim maraqlanmış, bir neçə dəfə qaynanası onların evinə də gələrək bir neçə gün onlarla da qalmışdır. Onlar da onun övladları olaraq tələbatının ödənilməsi üçün lazım olan hər bir şeyi etmişlər. Lakin Zəminə bir müddət sonra həmin evi də satmışdır, pullarını hara və necə xərcləməsi barədə onların heç bir məlumatı yoxdur. Zəminə yoldaşı tərəfindən onun üçün alınmış ikinci evi də satdıqdan sonra evsiz qaldığından Aşağı Nüvədi qəsəbəsində kirayədə qalmağa başlamışdır. İlk kirayədə qaldığı Firidə adlı qadının evində yaşadığı vaxt yoldaşı qaynanası Sücabəni onun ata həyəti Barat Məhərrəmovun həyətinə çağıraraq ikinci dəfə Zəminə üçün alınmış evin hansı səbəbdən satılığını aydınlaşdırmaq istəmişdir. Yoldaşı Valeh anası ilə söhbət edən zaman Zəminə oraya gəlmiş, Sücabənin Zəminənin evi kimə və nə səbəbdən satması barədə məlumatı olmadığını söyləmiş, həmin vaxt oraya gələn Zəminə onların ünvanına nalayiq ifadələr işlətmiş və qarğış etməklə orada dava salmaqla anası Sücabənin əlindən tutub kirayədə qaldığı Firidə adlı qadının evinə aparmışdır. Bundan sonra həmin kənddə yaşadığı evin qonşuluğunda Bəsti adlı qadından evi kirayə götürüb orada yaşamağa başlamışlar. 5 ay həmin evdə kirayədə yaşadığı vaxt onlar, yəni o, Həlimə müəllimə, Elşən müəllim və Hacı Nadir olmaqla 4 nəfər qaynanasını yanlarına gətirmək üçün onun yanına getmişlər. Həmin vaxt qaynanası Sücabə onların yanına gəlməkdən imtina edərək Zəminənin qorxusundan Zəminənin yanında qalmaq istədiyini bildirmişdir. Həmin vaxt söhbət zamanı qaynanası Sücabə yoldaşı Valehin Zəminə üçün iki dəfə ev aldığını, onu həkim məntəqəsinə işə düzəltmək üçün köməklik göstərməsini də söhbət zamanı etiraf edərək Valehin Zəminəyə maddi və mənəvi cəhətdən daim dəstək olmasını bildirmiş, hətta Zəminənin uşaqlarını da Valehin öz evində öz hesabına geyim və ərzaqla təmin etməklə, hətta Zəminənin ərinin ikinci arvadından olan bir uşağı da Valehin evinə gətirmiş, Valeh həmin uşağın da bütün tələbatlarını ödəmişdir. Həmin Kamran adlı uşağın 2-3 il Valehin evində yaşamasını və orada Valehin də hesabına həmin uşaqları böyütdüyünü qeyd etmiş, həmin söhbətə də də onunla bərabər oraya gedən yuxarıda adlarını qeyd etdiyi şəxslər şahid olmuşlar. Zəminə Sücabə ilə birlikdə bir müddət Bəstinin evində kirayədə qaldıqdan sonra həmin evdən çıxaraq həmin kənddə Minayə adlı qadının evində kirayədə yaşamağa başlamışlar. İki ay keçdikdən sonra Zəminə kirayədə oturduğu evin sahibi Minayə ilə yola getmədiyi üçün onunla dalaşaraq Sücabə ilə birlikdə Minayə tərəfindən evdən qovulmuşdur. Bundan sonra Zəminə Sücabəni də özü ilə apararaq Sücabənin onların evinə yaşamaq üçün gəlməsinə icazə vermədən Aşağı Nüvədi qəsəbəsində dəniz kənarında yerləşən Fərhad adlı şəxsin evini kirayəyə götürüb orada yaşamağa başlamışlar. Hazırda da onlarda olan məlumata görə həmin evdə yaşayırlar. Zəminə də özünün şəxsi məqsədləri naminə iddiaçını onların yanına gəlib birlikdə yaşamağa qoymur. Zəminənin həyat tərzi ilə əlaqədar olaqədar olaraq onların Zəminə ilə münasibətləri olmadığından qaynanasının yanına da gedə bilmirlər. Sücabə də Zəminənin qorxusundan onların yanına gələ bilmir. Hazırki iddianı da Zəminənin təsiri ilə qaldırmışdır. Bundan əlavə olaraq bildirir ki, iş üzrə İddiaçı onun qaynanası olmaqla yoldaşının anası olduğundan onun evlərində yaşamasına heç vaxt etiraz etməmiş, hazırda da etirazı yoxdur. Dəfələrlə qonşu və tanışları olan Elşən Qasımov, Həlimə müəllimə, Nadir Kazımovu analarının arxasınca göndərməklə onun evə gəlməsinə və birlikdə yaşamasına çalışsalar da, o evə gəlməkdən imtina etmiş, və ya evə gələrək bir neçə gün qaldıqdan sonra yenə Zəminənin yanına getmişdir. X26 vasitəsilə yoldaşına xəbər göndərmişdir ki, evlərinin yaxınlığında yerləşən 4 nəfərin mülkiyyətində olan torpaq sahəsindən Zəminənin payına düşən hissə üçün 8000 manat, yaşadıqları evə görə isə 25000 manat pul ödəməsini tələb etmişdir. Bundan əvvəl də qonşuları Yusif İbadov yoldaşını evinə çağıraraq Zəminənin pul istədiyini, əgər verməyəcəksə onun üçün problem yaradacağını bildirmişdir. 2016-cı ildə isə kənd icra nümayəndəsi də yoldaşını icra nümayəndəliyinə dəvət edərək Zəminənin evə və torpağa görə pul istədiyini dəfələrlə bildirmişdir. İddiaçının Zəminənin, Zəminənin oğlu Xəyyamın və yoldaşı Nümayəndə2 mülkiyyətində olan evindən bir qədər aralıda yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinin olduğuna görə yoldaşı Zəminənin Rusiya Federasiyasında yaşayan oğlu Xəyyama zəng edərək həmin 0.09 ha torpaq sahəsindən Valehin özünə düşən hissə istisna olmaqla həmin torpaq sahəsində ev tikməyi təklif etmiş, Xəyyam da dayısı ilə razılaşaraq anası Zəminə ilə məsləhətləşəndən sonra onunla danışacağını bildirmişdir. Xəyyam anası Zəminə ilə məsləhətləşəndən sonra nə onun, nə də dayısı Valehin telefon zənglərinə bir daha cavab verməmişdir. Sonra Zəminə onların yaşadıqları evin həyətinə 2023-cü ilin aprel ayının 22-si tarixində gələrək onların ünvanına nalayiq ifadələr işlətməklə onları təhqir etməyə və həyəti, evi əllərindən alacağı ilə hədələməyə başlamış, bu zaman yoldaşı Valeh əmisi Hacıağaya zəng edərək həyətə gəlməsini xahiş etmiş, Zəminənin həyətə daxil olması barədə icra nümayəndəliyinə telefon vasitəsilə məlumat vermişdir. Hacıağa həyətə gələn zaman Zəminə həyətdə olan kanalizasiya xəttinin üzərinə qoyulmuş dəmir listi götürüb onun üzərinə hücum çəkərkən Hacıağa həmin dəmir listi onun əlindən almış və Zəminəni həyətdən çıxarıb aparmışdır. Bundan bir neçə vaxt keçəndən sonra yoldaşının işlədiyi yerə Dövlət Reyestr idarəsindən adını bilmədikləri bir nəfəri gətirmiş, özü isə maşında oturaraq həmin şəxsi içəri göndərmişdir. İçəri gələn şəxs Sücabənin ona qarşı iddia qaldırdığını bildirmiş, həmin vaxt yoldaşı ilə həmin şəxs arasında mübahisə yaranmışdır. Yoldaşı da həmin şəxsə Zəminənin, onun oğlu Xəyyamın, Sücabənin və Valehin özünün adına olan torpaq sahəsinin bölgüsünə Valehin etirazının olmadığını bildirmiş, bunun üçün bələdiyyə, icra nümayəndəliyi, torpaq idarəsinin nümayəndələrinin də gələrək həmin torpaq sahəsinin bölgüsünün birdəfəlik qaydasına qoyulmasını bildirmişdir. Həmin torpaq sahəsi bölündükdən sonra ona düşən hissə istisna olmaqla qalan hissədə Zəminə və ya digər hər hansı şəxs tərəfindən ev tikintisinə etirazının olmadığını bildirmiş və yalnız bundan sonra həmin şəxs yoldaşının iş yerindən çıxıb getmişdir. Beləliklə, göründüyü kimi, hazırki iddia tələbinin qaldırılması iddiaçının öz iradəsi ilə deyil iddiaçının qızı Zəminənin təkidi ilə qaynanası tərəfindən qaldırılmışdır. Bütün bu aşağıda qeyd etdiyi şəxslər məhkəmə iclasında şahid qismində onun etirazda qeyd etdiklərini təsdiq edəcəklər. Məhkəmə iclasına gələcək şahidlərin siyahısı: X6, AZE 15341572, X17- AZE 17287837, X10 AZE-07048205, X11-AZE 06726417, X7-AZE 05859441, X4-AZE-04403221, X18 AZE-15612655, X15 AZE-05563555, X25-AZE- 13658004, X19-AA3088314, X8-AA1117557, X20-AA4041430, X21 AA4753821, X14- 4783866, X31-0781642. İddia tələbinin əsaslılığına gəldikdə iddia tələbi tamamilə əsassızdır. İddia tələbi heç bir sübuta əsaslanmadan sadəcə olaraq iddiaçı tərəfindən mülahizələr əsasında söz yığını formasında tərtib edilmişdir. Ona görə də iddia tələbi əsassız olduğundan məhkəmə tərəfindən rədd olunmalıdır. Məhkəmə iclasında Cavabdeh3 və onun nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib, təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib mübahisənin hüquqi əsaslandırılması ilə bağlı çıxış edərək göstərdi ki, iddiaçının hazırki mübahisəni irəli sürə bilməsi üçün subyektiv hüququ yoxdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı, cavabdehlər Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsi, Lənkəran şəhər İcra Hakimiyyəti, Cavabdeh2 və Lənkəran rayon Aşağı-Nüvədi Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə yuxarıda qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: AN-İ ******* №-li, xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” Lənkəran rayon X1 rayonu Küvənil kəndi ünvanında yerləşən 0.03 ha torpaq sahəsini “Alıcı” Cavabdeh3 mülkiyyətinə vermişdir. AR X12 filialının xx.xx.2023-cü il tarixli, 3-48DA-7F/1-H-4xx-xx/2023 saylı arxiv arayışından görünür ki, X30 filialında saxlanılan Aşağı Nüvədi qəsəbə ərazi vahidi nümayəndəliyinin Küvənil kəndi üzrə 1991-1995-ci illərə aid təsərrüfatıbaşına kitabları yoxlanıldı. Həmin kitabın 617 №-li şəxsi hesabında X3 təsərrüfatında evinin ümumi sahəsi 1991-1996-cı illərdə 89 km.v, o, cümlədən yaşayış sahəsi 44 kv.m, torpaq sahəsinin cəmi 1990-1996-cı illərdə 0,09 ha qeyd edilmişdir. AR X12 filialının xx.xx.2023-cü il tarixli, 3-48DA-7F/1H-437-1-39/2023 saylı arxiv arayışından görünür ki, X30 filialında saxlanılan Aşağı Nüvədi qəsəbə ərazi vahidi nümayəndəliyinin Küvənil kəndi üzrə 1996-2000-ci illərə aid təsərrüfatıbaşına kitabları yoxlanıldı. Həmin kitabın 116 №-li şəxsi hesabında X2 təsərrüfatının şəxsi mülkiyyətində olan evin tikildiyi tarix 1985-ci il, ümumi sahə 89 kv.m, o cümlədən yaşayış sahəsi 44 kv.m. Cəmi torpaq sahəsi 1996- 1999-cu illərdə 0.09 hektar, əkin sahəsinin cəmi 0.09 hektar, o cümlədən 0.09 hektar+p/b: 0.18 hektar qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 273 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107,4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-393/2024 saylı məktubundan görünür ki, Lənkəran rayonu, Küvənil kəndində 0,03 ha həyətyanı torpaq sahəsinə yerləşən, ümumi sahəsi 107,4 kv.m olan fərdi yaşayış evi, xx.xx.2023-cü il tarixli **********3 nömrəli həyətyanı torpaq sahəsinə aid çıxarışa, xx.xx.2020-ci il tarixli EL-181/2020 nömrəli Lisenziya layihəsinə və xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə əqdin etibarsızlığı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə tərəfindən mülki iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan 0,03 ha torpaq sahəsi Lənkəran rayon Aşağı-Nüvədi Bələdiyyəsinin mülkiyyətində olmuşdur. Qeyd edilən torpaq sahəsi alqı-satqı müqaviləsi bağlanmaqla Cavabdeh3 mülkiyyətinə keçmişdir. İddiaçı tərəfindən mübahisələndirdiyi 0,03 ha torpaq sahəsinə dair məhkəməyə hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi hər hansı pozuntuya yol verilmədən, qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. Göründüyü kimi, Cavabdeh2ndə AN-İ ******* №-li, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, bu səbəbdən qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Əqdin etibarlılığını isə şübhə altına alan hər hansı bir hal müəyyən edilməmişdir. Bu səbəbdən iddia ərizəsi “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində təmin edilə bilməz. İddia ərizəsinin “çıxarışın etibarsız hesab edilməsi” tələbi “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də, iddia tələbi “çıxarışın etibarsız hesab edilməsi” hissəsində də təmin edilməməlidir. Məhkəmə həmçinin hazırki mübahisənin düzgün qiymətləndirilməsi üçün məsələyə sübutetmə yükü və subyektiv hüquq nöqteyi-nəzərindən yanaşılmalı olduğunu zəruri hesab edərək qeyd edir ki, iddiaçı ilk növbədə mübahisə predmeti olan 0.03 ha torpaq sahəsinin bələdiyyə tərəfindən Cavabdeh3 satılmasına dair müqavilənin həqiqətən mübahisələndirildiyini və həmin qərarın hal-hazırda qüvvədə olmamasını sübut etmək vəzifəsi daşıyır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi irəli sürə bilməsi üçün subyektiv hüququnun olması da müəyyən edilmir. Məhkəmə subyektiv hüquqla bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Həmçinin həmin Qərarda qeyd olunur ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). «Məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı» Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Sübutetmə yükü ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normaya müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Hazırda baxılan iş üzrə iddia tələbini təsdiq edən halları sübut etmə yükü iddiaçının üzərindədir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Lakin hazırki mübahisə üzrə məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216, 220, 227, 230 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri PHŞnin 10 saylı Lənkəran Ərazi İdarəsi, Lənkəran şəhər İcra Hakimiyyəti, Cavabdeh2 və Lənkəran rayon Aşağı-Nüvədi Bələdiyyəsinə qarşı «alqı-satqı müqaviləsi və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-391/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-391/2024
02.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver