Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3915/2024 09.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1580 manat əsas borc, dövlət rüsumu kimi ödənilmiş 35.80 manat - cəmi 1615.80 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X5 əvvəllər məişət avadanlıqlarının təmiri ilə məşğul olmuş, 2019-cu ildə Elmarın tanışları olan Əliabbas Rüstəmov və Raifə adlı şəxlər ona məişət avadanlıqlarını kreditlə satan bir firma açmağı və həmin firmanı Elmarın işlətməsini təklif etmişlər. Məişət avadanlıqları almaq üçün pulu Əliabbas və Raifə adlı şəxslər verməli olmuş, Elmar da onlarla razılaşmışdır. Bundan sonra Elmarın adına “RTA elektroniks” adlı firma yaratmışlar. Elmar “Sədərək” ticarət mərkəzindən məişət avadanlıqlarını nağd pulla satın alaraq Lənkəran rayonunda kreditlə ayrı-ayrı şəxlərə satmışdır. Belə ki, malları satarkən bəzən ilkin ödəniş almış, bəzən isə almamışdır. Elmardan məişət texnikası alan şəxslər əsasən X3, X6 və onların yaxınları olmuşdur. Həmin şəxlərdən bəziləri krediti vaxtlıvaxtında ödəsələr də, bir qismi aylıq ödənişləri gecikdirmişdir. Əri Elmar satdığı avadanlıqların pullarını Zamiq və Vəfadan geri ala bilməmiş və xx.xx.2023-cü il tarixdə işlədiyi mağazada özünü asaraq intihar etmişdir. Yas mərasimi bitdikdən sonra o, Zamiq və Vəfadan pulları tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək pulları verməkdən yayınmışlar. Belə ki, Zamiq və onun gətirdiyi adamların 50000 manat, Vəfa və onun gətirdiyi adamların isə 30000 manat ödənilməmiş borcu qalmışdır. Zamiq və Vəfa kreditlə məişət avadanlıqları almaq üçün ayrı-ayrı şəxsləri tapıb, mağazaya gətirmiş və Elmar həmin şəxslərlə razılıq əsasında məişət avadanlıqlarının dəyərini aylıq ödəmələrə bölüb bu barədə müqavilə bağlamışdır. Zamiq və Vəfa, həmçinin onların tapıb gətirdiyi şəxslər mərhum əri Elmara olan borclarını ödəmədikləri üçün o, Lənkəran ŞRPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun şikayəti araşdırılarkən hazırki iş üzrə Cavabdeh da kreditlə özü üçün Elmardan 1580 manat dəyərində məişət avadanlıqları götürdüyü və onun Elmara 1580 manat borcu olduğu müəyyən edilmişdir. O, pulu cavabdehdən tələb etsə də, cavabdeh borcu qaytarmaqdan yayınmışdır. Ona görə də cavabdehdən mərhum ərinə olan borcun ona ödənilməsi tələb edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, lakin, məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, o, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ona görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və X2 şahid qismində dindirilərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək, həmçinin, məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçının ona qarşı olan tələbini 786 manat hissədə qəbul edir. Belə ki, o, iddiaçının mərhum əri Elmar Ağayevdən ümumi dəyəri, təxminən, 3000 manata yaxın olan paltaryuyan maşın, televizor və telefon almışdır. Həmin avadanlıqları 4 ildən çoxdur almış və mərhumla aralarında olan razılığa əsasən borcunu 18 ay müddətinə qaytarmalı olmuşdur. Lakin maddi vəziyyəti ilə əlaqədar borcunu vaxtında qaytara bilməmiş və sonra Elmarla danışaraq razılığa gəlmişlər ki, qalan borcunu hər ay maddi imkanına uyğun ödəsin. O da hər ay əmək haqqı alan kimi ayda 70 manat olmaqla ödənişlər etmişdir. Hazırda isə borcu 786 manat təşkil edir və həmin borcu qaytarmaqdan imtina etmir. Maddi vəziyyəti ilə əlaqədar həmin borcu hissə-hissə ödəyə bilər. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, iddiaçının mərhum əri Elmar Ağayevlə şərik olmuş və “RTA elektroniks” adlı mağazanı birlikdə işlətmişlər. O, Cavabdeh X9dən 2836 manat dəyərində paltaryuyan maşın, televizor və telefon aldığını bilir. Cavabdeh iş yeri ilə onların işlətdiyi mağaza bir-birinə yaxın olduğu üçün onu tanıyır. Elmar Ağayev mağaza işlətdiyi vaxtlarda malları nisyə alqı-satqı üzrə satıb sonra da borcları yığa bilmədiyi üçün həmin mağazada intihar etmişdir. O, Cavabdeh mərhumdan ayrı-ayrılıqda hansı əşyanı nə vaxt və hansı dəyərdə aldığını bilmir. Bu barədə kompüterdə qeyd aparılmışdır və ancaq oradan məlumat əldə edə bilər. O, yalnız alınan əşyaların cəmi dəyərinin 2836 manat olduğunu bilir. Həmçinin, Mayis X1 borcundan nə vaxt və nə qədər qaytarmasından, hazırki borc qalığından dəqiq məlumatı yoxdur. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı, şahidin ifadəsi, həmçinin, iş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsi, fiziki şəxsin uçotu haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə, Lənkəran regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli 2074 nömrəli məktubu, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar və xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, X5 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi xx.xx.2022-ci il tarixdə müvafiq orqanda qeydiyyata alınmışdır. Elmar Ağayev xx.xx.2023-cü il tarixdə intihar edərək vəfat etmişdir. Hazırki iş üzrə İddiaçı X9in arvadı olmuş və onun vəfatından sonra vərəsə olaraq müvafiq orqanda qeydiyyata alınmışdır. Elmar Ağayev məişət avadanlıqlarının satışı ilə məşğul olduğu vaxtlarda cavabdehlə aralarında olan qarşılıqlı razılığa əsasən cavabdeh ondan müəyyən əşyaları nisyə olaraq (dəyəri sonradan ödənilmək şərti ilə) almışdır. İddiaçı mərhum ərinə ayrı-ayrı şəxslərin borclu qaldıqları, lakin borc məbləğlərini ödəmədikləri ilə bağlı polis şöbəsinə şikayət etmiş, onun müraciəti əsasında araşdırma aparılaraq cinayət faktı aşkar olunmadığına görə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı cavabdehin vaxtilə Elmar Ağayevdən nisyə olaraq aldığı əşyaların dəyərini tam şəkildə ödəmədiyini iddia edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 35.80 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehdən mərhum əri Elmar Ağayev tərəfindən ona nisyə olaraq satılmış malların dəyərinin ödənilməmiş hissəsi kimi 1580 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 35.80 manat - cəmi 1615.80 manat məbləği tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara və şahid X2 ifadəsinə istinad edir. Cavabdeh iddia tələbini qismən qəbul edir və X9dən nisyə olaraq aldığı əşyalara görə ona cəmi 786 manat miqdarında borcu qaldığını, həmin məbləği iddiaçıya ödəyəcəyini bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib cavabdehin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh X9dən nisyə olaraq satın aldığı əşyaların dəyərini tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin razılaşma üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir. X9 isə tərəflər arasında bağlanmış şifahi müqavilə(lər)dən irəli gələn öhdəliklərini icra etməklə, həmin müqavilə(lər)də nəzərdə tutulan əşyanı alıcının, yəni cavabdehin mülkiyyətinə vermişdir. Məhkəmə hazırki iddia tələbinin prosessual əsası ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı X9in vəfatından sonra onun qanun üzrə birinci növbədə vərəsəsi olaraq ondan qalan mirası (həm aktiv, həm də passiv) qəbul etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının X9dən qalan miras aktivləri ilə bağlı tələb irəli sürmək hüququ da yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırki iddia tələbinin maddi əsasları ilə bağlı qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, cavabdeh X9dən nisyə olaraq, yəni dəyəri sonradan ödənilmək şərti ilə məişət avadanlıqları almışdır. Cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında X9dən nisyə mal aldığını inkar etməmiş, aldığı malların ümumi dəyərinin, təxminən, 3000 manata yaxın olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Elşən Nağızadə də cavabdehin Elmar Ağayevdən nisyə olaraq aldığı əşyaların ümumi dəyərinin 2836 manat (yəni, cavabdehin etiraf etdiyi kimi, 3000 manata yaxın) olduğunu təsdiq etmişdir. Bu səbəbdən məhkəmə cavabdehin Elmar Ağayevdən nisyə olaraq aldığı əşyaların ümumi dəyərinin 2836 manat olması faktını qəbul edir. Məhkəmə cavabdehin Elmar Ağayevdən nisyə olaraq aldığı əşyaların ümumi dəyərinin hansı hissəsinin indiyədək ödənilməmiş qaldığı barədə tərəflərin dəlillərinə müqayisəli şəkildə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı həmin məbləğin 1580 manat olduğunu iddia etsə də, cavabdeh cəmi 786 manat borcu qaldığını bildirmişdir. İddiaçı qalıq borcun miqdarının cavabdehin qeyd etdiyindən daha artıq olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda cavabdehin Elmar Ağayevə 1580 manat borcu qalması barədə xüsusat yalnız iddiaçının özünün izahatında öz əksini tapmışdır ki, bu da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin müraciət əsasında araşdırma aparılarkən hazırki iş üzrə cavabdehin izahatı alınmamış, yalnız qeyd olunan qərarın əsaslandırıcı hissəsində ibtidai araşdırma orqanının gəldiyi nəticədə göstərilən 1580 manat cavabdehin X9ə olan borcunun qalıq miqdarı kimi deyil, cavabdehin X9dən nisyə olaraq aldığı məişət avadanlıqlarının dəyəri kimi göstərilmişdir. Bu səbəbdən həmin qərarda göstərilən 1580 manat cavabdehin X9ə olan borc qalığının bilavasitə və ya dolayı yolla sübuta yetirilmiş miqdarı kimi qəbul edilə bilməz. İddiaçının öz iddia tələbinin əsası olaraq digər sübut kimi istinad etdiyi, onun öz təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 isə məhkəmə iclasında verdiyi ifadəsində cavabdehin X9dən nisyə olaraq məişət avadanlıqları aldığını təsdiq etsə də, cavabdehin Elmar Ağayevə olan borcundan nə vaxt və nə qədər qaytarmasından, hazırki borc qalığından məlumatı olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə cavabdehin X9dən nisyə olaraq aldığı məişət avadanlıqlarına görə ödənilməmiş qalan borcun miqdarını cavabdehin özünün etiraf etdiyi həcmdə, yəni 786 manat miqdarında sübuta yetirilmiş hesab edir. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin nisyə satılmış əşyaların ödənilməmiş qalan dəyəri olaraq cavabdehdən 1580 manat pul tutulmasına dair hissəsi qismən təmin edilməli, cavabdehdən 786 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda məhkəməyə iddia ərizəsinin verilməsinə görə 30 manat miqdarında dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, cavabdehin iddiaçı tərəfindən ödənilmiş 35.80 manat dövlət rüsumunu ona ödəməyə etiraz etmədiyinə baxmayaraq ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 35.80 manat dövlət rüsumu məbləğinin 30 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənlməli, 5.80 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh nisyə satılmış əşyaların dəyəri olaraq 786 manat pul, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş məbləğin 30 manatdan ibarət hissəsi - cəmi 816 manat tutularaq İddiaçı ödənilsin. İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 35.80 manat dövlət rüsumu məbləğinin qalan 5.80 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-3915/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3915/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver