Məhkəmə qərarları › İş №2(049)-3935/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3935/2025

04.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3935/2025 04.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında yazılmış cərimənin silnməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X4 tərəfindən onun adına xx.xx.2024-cü il tarixli 000562 nömrəli akt əsasında abunə kodu **********20237 olan sayğaca yazılmış 1.846,9 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ASC-nin Lənkəran elektrik şəbəkəsinin **********20237 nömrəli abonentidir. Hər bir abonent kimi o, da sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə etmişdir və ödənişlər etmişdir. Heç vaxtı sayğaca müdaxilə etməmişdir və heç bir kənar xətdən istifadə etməmişdir. İstifadə etdiyi işığa görə də heç bir borcu qalmamışdır. 2024-cü ildə Lənkəran İşıq İdarəsinin işçiləri gəlib ətrafda olan hamı kimi onların sayğacı da yeni nəsil smart sayğacla əvəz edərək çıxıb getmişlər. Növbəti ay bildiriş gələndə ona 1.846,9 manat əlavə borc yazıldığını görmüşdür. Lənkəran elektrik şəbəkəsindən bunun səbəbini soruşduqda isə, heç nə bilmədiklərini, sadəcə Bakıdan gələn işçilərin ona cərimə yazdığını deyərək həmin cəriməni ödəməli olduğunu bildirmişlər. O, sayğaca müdaxilə etməmişdir. Möhürünə toxunmamışdır, heç bir kənar xətdən də istifadə etməmişdir. Bu səbəbə görə də həmin aktı qanunsuz hesab edərək **********20237 abonent koduna yazılmış cərimənin silinməsini xahiş edir. Cavabdeh tərəf barəsində akt tərtib etmiş, abonentin təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin akt tənzimləyici orqana verilmədən barəsində əsassız cərimə hesablamışdır. İddiaçı məhkəmə iclasında iştirak edib iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, o özü sahibkarlıq fəaliyyəti ilə məşğuldur və vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdadır. İddia tələbində qeyd ünvanda, yəni elektrik enerjisindən istifadə etdiyi ünvanda kənd təsərrüfat məhsullarının yetişdirilməsi və satışı ilə məşğul olur. Onun Cavabdeh ASC-yə qarşı heç bir borcu yoxdur və yazılmış cərimə əsassızdır. Tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixli 000562 №-li akta görə abonentə məxsus evə baxış keçirilərkən sayğacdan kənar elektrik xəttindən istifadə edilməsi faktı aşkar edilmişdir və bu barədə müvafiq akt tərtib edilmişdir. Göstərilən borc qanunauyğundur. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırkı mülki iş kommersiya məhkəməsinə aid olduğundan iş aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11 -ci bəndinə əsasən, MPMin 1 -ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri,) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Həmin Qərarın 13-cü bəndinə əsasən, Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş “vergi ödəyicisi barədə” məlumatdan görünür ki, hazırkı mülki iş üzrə İddiaçı vergi ödəyicisidir (VÖEN: 2********) (arpanın becərilməsi). O, vergi ödəyicisi kimi müvafiq qurumda xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İşin məhkəmə baxışı zamanı iş materiallarından və iddiaçının izahatından müəyyən edilmişdir ki, o, elektrik enerjisindən istifadəyə dair ona hesablanmış borcun silinməsini tələb edir və həmin borc qeyd edilən ünvanda onun sahibkarlıq fəaliyyəti (kənd təsərrüfat məhsullarının yetişdirilməsi və satışı) nəticəsində elektrik enerjisindən istifadəyə dair yaranmışdır. Bu səbəbdən həmin mübahisədən irəli gələn münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Hazırki mülki işin faktiki hallarından müəyyən edildi ki, iddia tələbi üzrə iddianının əsasını təşkil edən mübahisənin predmeti və hüquq münasibətləri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, mövcud mübahisə üzrə aidiyyət Şirvan Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiya xarakterli olduğundan hazırki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında yazılmış cərimənin silnməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar