Məhkəmə qərarları › İş №2(049)-3936/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3936/2024

23.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3936/2024 23.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu, İddiaçı cavabdehlər Cavabdeh1nə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras qalmış əmlakın vərəsələr arasında bölünməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2013-cü il tarixli Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; mərhum X1 mülkiyyətində olmuş Lənkəran rayonu, Boladi kəndində 0.23 ha torpaq sahəsində yerləşən 305.8 kv.m ümumi sahəsi, 183.2 kv.m yaşayış sahəsi, 122.6 kv.m yardımçı sahəsi olan 6 otaqdan ibarət fərdi yaşayış evinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi; və mərhum X1 mülkiyyətində olmuş fərdi yaşayış evinə mərhum X2 vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilərək vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edimiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” və “miras qalmış əmlakın vərəsələr arasında bölünməsi” tələblərinə ayrı-ayrı icraatlarda baxılmalıdır. Eyni zamanda iddia tələbində iddiaçının və Cavabdeh2 eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN kod) göstərilməmişdir. “Elektron məhkəmə” informasiya sistemində edilən sorğu nəticəsində də Cavabdeh2 barəsində məlumat əldə edilə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir və 149.2-ci maddəyə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin məcəllənin 149.2.3 maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmçinin iddia ərizəsində “Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbi qeyd edilməsinə baxmayaraq mübahisələndirilən çıxarış barədə məlumatlar (reyestr nömrəsi, tarixi, qeydiyyat nömrəsi və s.) göstərilməmişdir. Mübahisələndirilən çıxarışın surəti də iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da iddia ərizəsində həmin hissədə cavabdehlərə qarşı yönələn tələb dəqiq formada göstərilməmişdir. Beləliklə də, iddia ərizəsinin forması və məzmununa dair tələblər pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunverciliyə görə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun icraatı mümkündür. Hazırkı iddia ərizəsinin qanunvericilik ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Buna görə də, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müarciət etməyə mane olmaması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152,263,264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras qalmış əmlakın vərəsələr arasında bölünməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar