Məhkəmə qərarları › İş №2(049)-4044/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4044/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4044/2024 16.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mərhum əri X3 olan 4464 manat borc və dövlət rüsumu olaraq ödədiyi 65 manat, cəmi 4529 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X4 əvvələr məişət avadanlıqlarının təmiri ilə məşğul olmuşdur. 2019-cu ildə Elmarın tanışları olan Əliabbas Rüstəmov və Raifə adlı şəxslər ona təklif etmişlər ki, məişət avadanlıqlarını kreditə satan bir firma açsınlar və həmin firmanı Elmarın çalışdırmasını istəmişlər. Lakin məişət avadanlılqları almaq üçün pulu Əliabbas və Raifə adlı şəxslər verməli idi. Elmar da onlarla razılaşmışdır. Elmarın adına “RTA elektroniks” adlı firma yaratmışlar. O, “Sədərək” ticarət mərkəzindən məişət avadanlıqlarını nağd pulla alaraq Lənkəran rayonunda kredit kimi ayrı-ayrı şəxslərə satmışdı. Belə ki malları satarkən bəzən ilkin ödəniş almış, bəzən isə almamışdır. Ondan məişət texnikası alan şəxslər əsasən X5, X7 və onların yaxınları olmuşdur. Həmin şəxslərdən bəziləri Elmarın dövründə krediti vaxtı-vaxtında ödəsələr də, bir qismi aylıq ödənişlərini gecikdirmişlər. Əri Zamiq və Vəfadan pullarını geri ala bilməmiş və 07 iyun 2023-cü il tarixdə işlətdiyi dükanda özünü asaraq intihar etmişdir. Hüzür mərasimi qurtardıqdan sonra o, Zamiq və Vəfadan pulları tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışlar. Belə ki, Zamiqin və onun gətirdiyi adamların 50000 manat, Vəfanın və onun gətirdiyi adamların 30000 manat borcu qalmışdır. Onlar kreditə məişət avadanlıqları almaq üçün adam tapıb, mağazaya gətirmişlər və Elmar həmin şəxslərə məişət avadanlıqlarını qiymətini aylıq ödəmələr bölüb, həmin şəxslərlə müqavilə bağlamışdır. Yuxarıda adları qeyd etdiyi şəxslər mərhum əri X3 olan borclarını ödəmədikləri üçün o, bununla bağlı Lənkəran ŞRPŞ-ya şikayət ərizəsi ilə müraciə etmişdir. Orada onu şikayətini cavabdeh lu özü verdiyi ifadəsində qeyd etmişdir ki, kreditə götürdüyü avadanlıqların pulunu tam olaraq verə bilməmişdir, çünki, o ərəfələrdə onun işləri yaxşı getmədiyi üçün Elmara olan borcunu təm ödəyə bilməmişdir və onun hazırki günə iddiaçının mərhum ərinə 4464 manat borcu vardır. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddiasını müdasfiə etdiyini bildirib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, şahid qismində X1 şahid qismində dindirməklə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, cavabdеh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Tədqiq olunmuş sübutlar: Lənkəran Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli səlahiyyətli orqanlara ünvanladığı cavabdan görünür ki, iddiaçı mərhum X2 vərəsəsidir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, cavabdeh Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqinə izahat verərək iddiaçının mərhum əri X3 4464 manat borclu qaldığını etiraf etmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 66 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı bir vərəsə olaraq mərhum ərinin öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını (miras aktivini) və vəzifələrin (miras passivini) əldə etmiş, bu səbədən də, onun hazırki iddai ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Mubahisəyə mahiyyəti üzrə qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4 -cü maddəsində göstərilmişdir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, iddiaçının mərhum əri X4 ilə cavabdeh arasında bağlanmış şifahi razılaşmaya əsasən, cavabdeh iddiaçının mərhum ərindən müxtəlif növ məişət avadanlıqlarını əldə edərək ayda 186 manat olmaqla 24 ay müddətinə hissə-hissə qaytaracağını öhdəsinə götürmüş, borcunun bir hissəsini ödəmiş, qalan 4464 manat məbləğində borcu ödəməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh iddiaya qarşı etiraz verməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya aldığı məişət avadanlıqlarına görə borclu olması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 4464 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu cavabdehə aid edilməli, lakin iddiaçı 66 manat dövlət rüsumu ödəsə də, dövlət rüsumu kimi 65 manat tələb etdiyindən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4464 manat borc və 65 manat dövlət rüsumu, cəmi 4529 (dörd min beş yüz iyirmi doqquz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar