Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4105/2025 09.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3339 manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonunun Maşlıq kəndində yaşamaqla kənd təsərrüfatı ilə məşğul olur. Ailəsinin ərzaq təminatı və digər xərclərinin təmin edilməsi məqsədi ilə özünə məxsus olan torpaq sahələrində kartof məhsulu yetişdirir və həmin kartofun ailənin ərzaq təminatından artıq qalan hissəsi satışa çıxarılır. 2023-cü ilin yazında həmkəndlisi Vüsal Alşanov iki nəfər tanımadığı şəxslə onun yaşadığı evə gələrək həmin şəxslərin Lənkəran rayonundan olduqlarını və kənd sakinlərinin əkibbecərdikləri kartof məhsulunu almaq istədiklərini bildirmişdir. O, Lənkəran rayonundan olan iki nəfərlə də həmin vaxt tanış olmuş və bu şəxslərin Lənkəran rayonu Şağlaser kəndindən olan ata və oğul - Cavabdeh və onun oğlu Kazım Ağayev olduqları məlum olmuşdur. Beləliklə, Vüsalın tanışlığı ilə onlarla da tanış olmuş və digər kənd sakini kimi o da təsərrüfatında becərdiyi kartofları həmin şəxslərə satmağa başlamışdır. 2023-cü ilin may ayında Cavabdeh və Kazım Ağayev onun təsərrüfatda becərdiyi kartof məhsulunu ondan nisyə alıb sonradan bir neçə gün keçdikdən sonra gətirib pulunu ödəmiş, beləliklə də, onun etibarını qazanmışlar. 2023-cü ilin may ayında Cavabdeh və Kazım Ağayev həmkəndlisi Vüsalla birlikdə onun yaşadığı ünvana gələrək onda olan kartof məhsulunu onlara nisiyə verməsini xahiş etmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə 221 kisə, hər kisədə 34 kiloqram olmaqla, cəmi 7514 kiloqram, 5 faiz itki nəzərə alınmqla, təmiz çəki 7138 kiloqram, hər kiloqramı 0.50 manatdan olmaqla, ümumilikdə 3339 manat dəyərində kartof məhsulunu nisiyə alıb aparmışdır. Lakin cavabdeh hazırki vaxta qədər həmin kartof məhsulunun dəyəri olan 3339 manat pulu isə ödəməmişdir. Cavabdeh kartof məhsulunu pulu bir neçə günə ödəyəcəyi barədə vəd verməklə aparmış, sonradan isə onu aldadaraq heç bir əsas göstərmədən kartof məhsulunun dəyərini ödəməkdən imtina etmişdir. Həmin məbləği cavabdehdən və oğlundan tələb etmək istəsə də, cavabdeh onun pulunu ödəməməklə ona 3339 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdehin və onun oğlunun qanunsuz hərəkətləri və etdikləri dələduzluqla bağlı o, həmçinin, həmin şəxslərə kartof məhsulu satmış digər həmkəndliləri tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunmuş və həmin müraciət üzrə araşdırma tam və hərtərəfli aparıİmadığından təkrarən eyni məzmunlu şikayət ərizəsi ilə Baş Prokurorluğa yenidən müraciət olunmuşdir. Hər iki şikayət üzrə apaşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq Cəlilabad rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı İlkin İsmayılovun xx.xx.2023-cü il tarixli və həmin bölmənin təhqiqatçısı Rasim Hümmətovun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarları ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər tərəfindən onlara (ona və digər həmkəndlilərinə) ümumilikdə 85520 manat miqdarında ziyan vurulmuşdur. Lakin həmin məsələ aralarında olan nisiyə alqı-satqı müqaviləsi üzrə münasibətlərdən yaranan mübahisə olduğundan həmin mübahisə üzrə cinayət tərkibinin olmadığı qeyd edilməklə, ödənilməli olan pulun geri alınmasından ötrü mülki qaydada məhkəməyə müraciət etmək hüquqları onlara izah olunmuşdur. Həmin kartof məhsulunu Cavabdeh öz oğlu Kazım Ağayev ilə birlikdə gəlib götürsə də, Kazım Ağayev yetkinlik yaşına çatmadığından onu iddia ərizəsində cavabdeh kimi qeyd etməmişdir. Cavabdeh 3339 manat maddi ziyan məbləğini könüllü qaydada qaytarmadığı üçün həmin pulu ondan tələb etmək üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Əlavə olaraq qeyd edir ki, cavabdehi onun həyətinə gətirən həmyerlisi Vüsal Alşanov özünə, ona və digər kənd sakinlərinə ödənilməli olan pulun cavabdehdən alınması barədə qətnamə çıxarılması tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2528/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Vüsal Alşanov həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-249/2025 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi bilavasitə Vüsal Alşanovun özü tərəfindən satılan kartof məhsuluna görə ödənilməmiş qalan məbləğin və onun çəkdiyi xərclərin təmin olunmaması hissədə ləğv olunmuş və həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Hazırki iddia tələbində qeyd edilən hallar həmin qətnamənin təsviri və əsaslandırıcı hissələrində də öz təsdiqini tapmışdır. Hazırda o, cavabdehdən kartof məhsuluna görə ödənilməmiş qalan 3339 manat pulun və ödədiyi 54 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iclasında İddiaçı öz iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-249/2025 nömrəli qətnaməsindən müəyyən edilir ki, hazırki iş üzrə tərəfləri (iddiaçı ilə cavabdeh) tanış etmiş şəxs - Vüsal Alşanov cavabdehə nisyə məhsul satışına görə özünə, iddiaçıya və digər şəxslərə ödənilməli olan pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2528/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Vüsal Alşanov həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin həmin qətnaməsi bilavasitə Vüsal Alşanovun özü tərəfindən satılan kartof məhsuluna görə ödənilməmiş qalan məbləğin və onun çəkdiyi digər xərclərin təmin olunmaması hissədə ləğv olunmuş və həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-249/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh (yəni hazırki iş üzrə cavabdeh) kommersiya fəaliyyəti ilə məşqul olduğu zaman Rusiya Federasiyası və Ukrayna Respublikasına kartof məhsulunu göndərmək məqsədi ilə 2023-ci ilin aprel-may aylarında tanışı, Cəlilabad rayonu Maşlıq kənd sakini X1 vasitəsi ilə həmin kənd sakinləri İddiaçı və digərlərindən ümumilikdə 300-400 min manat dəyərində müxtəlif çəkilərdə kartof məhsullarını qəbul edərək məhsulun pulunun bir qismini nağd yolla X2 vasitəsi ilə həmin şəxslərə hissəvi şəkildə ödəmiş, lakin sonuncu dəfə alınan 104000 manat dəyərində kartof məhsulu ölkə hüdudlarından Rusiya Federasiyası və Ukrayna Respublikası ərazisinə ixrac edildiyi zaman tranzit yolda yararsız hala düşməsi nəticəsində kənd sakinlərinə yaranmış 85520 manat borcun ödənilməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən hallar həm Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2528/2024 nömrəli, həm də Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-249/2025 nömrəli qətnamələrinin təsviri və əsaslandırıcı hissələrində də öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, 2023-cü ilin may ayında tərəflər arasında olan qarşılıqlı razılığa əsasən iddiaçı ilə cavabdeh kartof məhsulunun nisyə olaraq alqı-satqısı barədə (iddiaçı satıcı qismində, cavabdeh isə alıcı qismində) razılaşmışlar. Cavabdeh ayrı-ayrı vaxtlarda iddiaçıdan aldığı məhsulun dəyərini qısa müddət sonra ödədiyindən onlar arasında məhsulun nisyə satışı ilə bağlı davamlı münasibətlər yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə nisyə olaraq satılmış məhsulun dəyəri isə sonradan ödənilmədiyindən iddiaçı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər etmiş, həmin müraciətlər əsasında Cəlilabad rayon Polis Şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırma aparılaraq xx.xx.2024-cü il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Eyni zamanda, tərəflər arasında olan mübahisə nisiyə alqı-satqı müqaviləsi üzrə münasibətlərdən yaranan mübahisə olduğundan bununla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları iddiaçıya izah olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 54 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehə nisyə olaraq satılmış kartof məhsulunun dəyərinin ödənilməmiş qalan hissəsi olaraq 3339 manat və dövlət rüsumu kimi ödənilmiş 54 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq cavabdehlə aralarında olan şifahi danışıq və razılaşmlara, həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə istinad edir. Cavabdeh isə iddia tələbinə etirazını göndərməyərək məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 547-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 571-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alqı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir. Həmin Məcəllənin 598.1-ci və 598.2-ci maddələrinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2023-cü ilin may aylarında tərəflər arasında (iddiaçı satıcı qismində, cavabdeh alıcı qismində) kartof məhsulunun nisyə alqı-satqısı ilə bağlı müəyyən razılaşma və sövdələşmələr olmuş, lakin sonradan məhsulun dəyərinin tam şəkildə ödənilməməsi ilə bağlı tərəflər arasında narazılıq yarandığından iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2528/2024 nömrəli qətnaməsində cavabdeh ayrı-ayrı vaxtlarda iddiaçı və digər şəxslərdən dəyərini sonradan qısa müddətə ödəmək şərti ilə nisyə kartof məhsulu aldığı, həmin qətnamədə adı çəkilən 28 nəfərin, o cümlədən, hazırki iş üzrə iddiaçının cavabdehlə aralarında olan nisyə alqı-satqı müqavilələrinə görə yaranmış borcu tələb etmək üçün subyektiv hüququnun olması qanuni qüvvəyə minmiş qətnamələri ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara bir-biri ilə əlaqəli şəkildə və məcmu halında qiymət verərək iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə nisyə satılmış kartof məhsulunun dəyərinin sonradan tam olaraq ödənilmədiyi, nisyə alınmış məhsullara görə ödənilməmiş qalan məbləğin 3339 manat miqdarında olduğu faktlarını sübuta yetirilmiş sayır və hesab edir ki, həmin məbləğə görə məhz cavabdeh maddi məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin kartof məhsulunun nisyə alqı-satqısına görə ödənilməmiş qalan 3339 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, nisyə alqı-satqı üzrə ödənilməmiş məbləğin cavabdehdən tutulmasına dair iddia tələbinin ödənildiyi nəzərə alınmaqla və həmin məbləğə mütənasib olaraq iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 54 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənlməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh kartof məhsulunun nisyə alqı-satqısına görə ödənilməmiş qalan 3339 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 54 manat dövlət rüsumu - cəmi 3393 manat pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-4105/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4105/2025
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver