Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4119/2023 07.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri 07 noyabr 2023-cü il tarixdə nəzərdən keçirib , MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, imperativ norma olan, yəni mütləq tələblərinə riayyət olunmalı Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Lakin, İddiaçı bu normanın tələblərinə əməl etməyib cavabdehlərin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən FİN kodlarını göstərməmişdir. Bundan əlavə qeyd edirəm ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Belə ki, iddiaçı ya iddia ərizəsində məhkəməyə təqdim edəcəyi sübutlarının olmadığını göstərməli, ya da ki, iddia ərizəsinin əsaslandırıcı hissəsində göstərməlidir ki, “mən iddia tələbimi aşağıdakı sübutlarla sübuta yetirirəm: (məsələn)
1. Filan qəbzlə, filan şəhadətnamə ilə;
2. Filan aktla və s.
3. Məhkəməyə dəvət edəcəyim filan şahidlə və s.” Həmin sübutların siyahısının göstərilməsində məqsəd, cavabdehlər tərəfindən iddia etiraf edildiyi təqdirdə, qısa bir zaman kəsiyində iddiaya yekun vurmaqdır. Çünki, cavabdeh sübutların siyahını gördüyü halda, ona qarşı qoyulmuş suallara cavab olaraq iddiaya etiraz etməyib onu qəbul edə bilər. Bu hal öz əksini MPM-nin 154-cü maddəsində tapmışdır. Belə ki, MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2. İddiaya etirazda aşağıdakılar göstərilməlidir:... 154.2.3. iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə; 154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; 154.2.5. istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı. Onu da qeyd edim ki, İddiaçının iddia ərizəsində ona qoşulmalı olan sənədlərin siyahısı göstərmiş, lakin bu hal sübutların siyahısının iddia ərizəsinin özündə göstərdiyi anlamına gəlmir. Belə ki, həmin sənədlərin iddia ərizəsinə əlavə edilməsini tənzimləyən və mütləq icra olunmalı norma olan MPM-nin 149.2.5-ci maddəsi mövcuddur. MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-nin 149.2.5-ci maddəsindən fərqli olaraq MPM-nin 149.2.3-cü maddəsinin tələbi ondan ibarətdir ki, iddia ərizəsinin özündə (mətnində, əsaslandırılcı hissəsində) iddiaçının istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməlidir. İddia ərizəsinə bir sıra sənədlər əlavə edilə bilər. Lakin, iddiaçı öz iddia ərizəsində həmin sənədlərin hamısını deyil, konkret olaraq hansı sübutlarla özünü haqlı olduğunu göstərməlidir. Onu da qeyd edim ki, MPM-nin 149.2.3-cü maddəsi də imperativ normadır və həmin maddənin tələblərinin də tam icrası mütləqdir. Onu da qeyd edim ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərin çoxu kserosurət formasındadır və onların həqiqiliyi notarial qaydada təsdiq olunmamışdılr. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci və 89-cu maddələrinin birgə mənalarına görə, irəli sürülmüş tələbi təsdiq etmək üçün məhkəməyə sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunur. Həmin Məcəllənin 89.1.-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənədlər və materiallardır. Yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunur. Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən isə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Qeyd edim ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Yəni qeyd olunan maddənin məzmununa görə, yalnız qərardad iddiaçıya göndərilməli, iddia ərizəsi isə ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmədə qalmalı, qərardad qüvvəyə mindikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Əgər iddiaçı qərardaddan şikayət verərsə və onun şikayəti əsasında qərardad ləğv olunarsa, onda məhkəmə məhkəmədə saxladığı iddia ərizəsi üzrə sonrakı prosessual hərəkətləri davam etdirəcəkdir. Beləliklə, İddiaçının məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsində cavabsdeühlərin FİN kodlarının və öz tələbinin əsası kimi istinad etdiyini təsdiq edən sübutların siyahısını göstərməməsi, iddia ərizəsinə əlavə etdiyi sənədləri notarial qaydada təsdiq edilməməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM :
İddiaçının Cavabdeh2 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılsın. Ona izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.
X3