Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-424/2023 07.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «qanunsuz aktın ləğv edilməsi və cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC əməkdaşları tərəfindən yazılmış 261489 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 650 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Lənkəran rayonu, Girdəni kəndində atasına məxsus evdə yaşayır. X1 rəhmətə getdikdən sonra həmin evdə o ailə üzvləriylə birlikdə yaşamaqla onun vərəsi kimi həmin əmlaka sahiblik etməklə və əmlakı idarə etməyə faktik başlamaqla ondan qalan miras əmlakı qəbul edildiyi şəksiz nümayiş etdirməklə bütün miras əmlakı qəbul etmişdir. Hazırda da həmin ev onun faktiki istifadəsindədir. 03 iyun 2021-ci ildə Azərişıq ASC-nin Lənkəran elektrik şəbəkəsinin əməkdaşları onların ünvanına gələrək evlərinə quraşdırılmış elektrik sayğacına baxış keçirərək çıxıb getmiş, günün 2-ci yarısı yenidən gələrək sayğacda qüsur olduğunu bildirmiş, barəsində akt tərtib edərək onu 650 manat cərimə etmişlər. Səbəbini soruşanda guya onun sayğaca müdaxilə etmək istədiyini demişlər. Aktda yazılmışdır ki, giriş faza sxemindən sayğacın çıxış faza xətti üzərində quraşdırılan avtomatın çıxışına xüsusi açar birləşdirərək sayğacı dövrədən kənarlaşdırılmışdır. O sayğaca heç bir müdaxilə etməmiş, nə də ki, bunu edə biləcək biridir və bacarığı, texniki təhsili və ya onların dediyi kimi xüsusi açarı da yoxdur. Digər tərəfdən də sayğac küçədə yerləşir. Hər dəfə də nəzarətçi gəlib küçədə sayğaca baxaraq çıxıb gedir. İndiyə qədər də heç vaxt belə nöqsan olmamışdır. O onladan hansı pozuntunun olmasını ona əyani göstərmələrini tələb etsə də, ona heç bir izah verə bilməmişlər. Həm də əgər onun sayğaca hər hansı müdaxilə etdiyini ona göstərə və ya izah edə bilsələr, o həmin cəriməni dərhal ödəməyə hazırdır. O sayğaca heç bir müdaxilə etmədiyi halda Azərişıq ASC-nin Lənkəran elektrik şəbəkəsinin əməkdaşları qanunsuz akt tərtib edərək onu 650 manat cərimələmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, qeyd olunan akt qanuni və əsaslı tərib edilmişdir. Buna görə də iddia əsassızdır və rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Cənub RETS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 261489 №-li Aktdan görünür ki, Fazil Süleymanovun yaşdığı Lənkəran rayonu, Girdəni kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, abonent elektrik sayğacının alt qapağının altından giriş faza sxemindən sayğacın çıxış faza xətti üzərində quraşdırılmış qoruyucu avtomatın çıxışına xüsusi açar vasitəsilə birləşdirilərək sayğac dövrədən kənarlaşdırılmışdır. Naqilin en kəsiyinin ölçüsü 2x10 mm aliminum damarlı naqildir. Sayğacdan kənar xətt ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli hesabat sənədindən görünür ki, R 261489 №-li Akt əsasında Fazil Süleymanova 648,99 manat cərimə hesablanmışdır. Lənkəran ŞİHB-nın Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Girdəni kənd sakini mərhum X2 vəfatından sonra (xx.xx.2009) oğlu İddiaçı təsərüfat başçısı olmuşdur ə həmin evdə yaşayır. AZ-İ № 347681 saylı ölüm haqqında olan şəhadətnamədən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 oktyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunan Qaydalardan görünür ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Hazırki iş üzrə tərtib edilmiş 03 iyun 2022-ci il tarixli Aktdan isə görünür ki, “Elektrik enerjisindən istifadə” Qaydalarının tələblərinə zidd olaraq tərtib edilmiş, akt istehlakçı İddiaçı iştirakı ilə tərtib edilməmiş, onun iştirakı ilə tərtib edilməsə belə, akta yol verilmiş pozuntu ilə əlaqədar texniki vasitələrdən (foto və ya videoçəkiliş əlavə edilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, R 261489 №-li “Elektrik enerjisindən istifadə” Qaydalarının tələblərinə uyğun şəkildə tərtib edilməsinin sübuta yetirilməsi vəzifəsi iddiaçının deyil, onu tərtib edən cavabdeh "xxxx" ASC-nin üzərinə düşdüyündən, cavabdeh tərəfindən isə bununla bağlı hər hansı sübut təqdim edilmədiyindən qeyd olunan aktın qanunveriliciyin tələblərinə uyğun tərtib edlmiş akt kimi tanınması istisna olunur. Buna görə də iddiaçı 650 manat manat cərimənin silinməsini tələb etsə də, xx.xx.2022-ci il tarixli, R 261489 №-li akt əsasında 648,99 manat cərimə yazıldığından iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akt etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 648,99 manat cərimə silinməlidir. Məhkəmə işüzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, R 261489 №-li Akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 648,99 manat cərimə silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-424/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-424/2023
07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver