Məhkəmə qərarları › İş №2(049)-4483/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4483/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4483/2025 26.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İddia tələbi və onu əsaslandıran hallar: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (bir min iki yüz) manat və ödənilmiş 50 (əlli) manat dövlət rüsumun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 iyul 2025-ci İİ tarixdə Astara şəhərində dəniz kənarı parkda həyətindən topladığı gavalı məhsulunun satırdı. Bu vaxt yanında 06 markalı avtomaşında oturmuş sonradan tanıdığı Cavabdeh onu yanına çağırdı və soruşdu ki, 2006-ci ilin buraxılış Niva markalı maşını var, 2500 manata satır, maşını istəyirsən?. Ona bildirmişdir ki, hazırda pulu yoxdur. Cavabdeh bildirdi ki, maşının pulunun birdəfəlik istəmir, hissə-hissə verər. O, onunla razılaşdı. Onun telefon nömrəsini aldı və dedi ki, zəng edəcək. Aradan 2 gün keçdi zəng etdi və ondan soruşdu ki, nə qərara gəldin. Bildirmişdir ki, pulu yoxdur. Yenə cavabdeh ona demişdir ki, zəng edər. Aradan 3 gün keçdi cavabdeh zəng etdi və dedi ki, maşın Prisibdə Poqran otraiyatdadır. Həmin yerdən ondan 1 ton dəmir metal istəyirlər. Bir ton dəmir top gətir versin ora, 1 həftə ərzində maşını oradan çıxarıb ona (iddiaçıya) verəcəkdir. O da ona inanmış və evə gəlib, evindən hamam kalonkasını söküb, 2-3 dənə dəmir peç, duxovka boruları, dəmir sveller nə var idisə, hamısını yığışdırıb idarə etdiyi maşına yükləmiş, cavabdehə zəng edib, harada olduğun soruşmuş, cavabdeh bildirmişdir ki, dəmirləri gətir Lerik yolundakı körpünün altına. xx.xx.2025-ci il tarixdə axşam saat 9 radələri olardı ki Lənkəran-Lerik yolunda olan körpünün altında Cavabdeh gətirdiyi 2 nəfərlə maşınında olan dəmirləri avtomaşına yüklədilər. Sonra cavabdeh ona bildirmişdir ki, maşını sür dalıyca gecə saat 10 olardı, bir yanında saxlatdırdı və dəmirləri boşaltdılar. Cavabdeh vəd verdi ki, 5 gündən sonra zəng edəcək və RQİ TBŞİ-də maşını adına sənədləşdirəcəkdir. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, telefon açmır. O zaman ona məlum oldu ki, onu aldatmışdır. Cavabdeh Prisibdə yaşadığını və adını isə Hacı İqbal olduğunu demişdir. O, məcbur olub Lənkəran Rayon Polis Şöbəsinə müraciət etmiş, orada məlum olmuşdur ki, onu aldadan Lənkəran rayonu Kərgəlan kəndində yaşayan xx.xx.1964-cü il təvəllüdlü Cavabdehdur. Beləliklə, Cavabdeh ondan 1200 (bir min iki yüz) manat dəyərində dəmir materialları almış əvəzində Niva markalı maşını verməli olduğu halda verməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun çıxış etmiş, əlavə olaraq sübut qismində CD diskdəki görüntüləri təqdim etmişdir. İddiaçı, iddia ərizəsinə uyğun olaraq iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etməməsi barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan iddia tələbinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında göstərmişdir ki, bir nəfərin dəmir istədiyini atası evə gəlib demiş, həmin şəxslə telefonla danışmışlar. Dəmirləri yığıb, Lənkəran rayonu Qurumba kəndinin ərazisində olan körpünün altına gətirib gözləmişlər. Həmin şəxsə zəng edib danışmışlar, iki nəfər gəlmişlər. Sonradan gələnlərdən birinin cavabdeh şəxs Cavabdeh olduğunu bilmişlər. Dəmiri aparıb Xəzailin həyətlərinə boşaltmışlar. Sonradan zəng edib pulu tələb etsələr də, cavabdeh şəxs bəhanələr gətirib, pulu qaytarmamışdır. İkinci dəfə əlavə bir də maşın tutub, dəmir gətirib, onun həyətində dəmirləri boşaldıb getmişlər. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Sübut qismində iddiaçı tərəfindən təqdim olunmuş 1 ədəd CD diskdəki videogörüntülərdən görünür ki, həyətyanı sahədə videogörüntüləri qeydə alan şəxs tərəfindən videogörüntülərdə görünən 44BA642 dövlət qeydiyyat nişanlı ağ rəngli VAZ2107 markalı avtomobilin kimə məxsus olduğu soruşulduqda, vizual olaraq Cavabdeh bənzəyən şəxs avtomobilin ona məxsus olduğunu bildirir. Davamında həmin şəxs bildirir ki, vizual olaraq bənzətməyə uyğun - İddiaçı 700 kiloqram çəkidə metallom, yəni dəmir almış, həmin dəmirləri alıb, əvəzində kağız əldə etmiş və o kağızları Cəlilabad rayonun Göytəpə qəsəbəsində “Prişib” adlı ərazidə adıçəkilməyən idarəyə vermişdir. O, yəni Cavabdeh aldığı metallom əvəzində İddiaçı Niva Markalı maşın verməli idi. Lakin səhhətində yaranan problemlərdən ötrü, maşını İddiaçı adına rəsmiləşdirə bilməmiş, bundan sonra Cavabdeh ilə İddiaçı arasında olan dialoqdan görünür ki, Cavabdeh İddiaçı maşını onun adına “polis idarəsində” rəsmiləşdirməyi bildirsə də, İddiaçı həftənin şənbə günü olduğundan, yəni rəsmi iş olmadığından yenə də, Cavabdeh tərəfindən aldadıldığını ehtimal edərək, onunla görüşməkdən imtina etmişdir. Həmçinin həmin CD diskdəki videogörüntülərdən məlum olur ki, Cavabdeh İddiaçı 5 gün ərzində pulu verəcəyi barədə videonu qeydə alan şəxsə ( tərəflərin dialoqlarından ehtimal olunur ki, həmin şəxs polis əməkdaşıdır) söz verilir. Bundan sonra videogörüntülərin sonunda İddiaçı ona 5 gün ərzində pulunun qaytarılacağı barədə təklifi qəbul edərək, həmin həyətyanı sahəni tərk edir. Qəbzdən görünür ki, məhkəməyə iddia ərizəsilə müraciət etmək üçün 50 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə, tərəfin iddia tələbində göstərdiklərini nəzərdən keçirib, şahid ifadəsini, habelə iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, EMİS (Elektron Məhkəmə İnformasiya Sistemi) üzərindən Cavabdeh məxsus şəxsiyyət məlumatlarına dair verilmiş sorğu zamanı sonuncunun vəsiqə foto-şəklindəki şəxslə yuxarıda göstərilən sübut qismində təqdim olunmuş 1 ədəd CD diskdəki videogörüntülərdə görünən şəxs eyni şəxslərdir, vizual olaraq bənzərdilər. Bundan sonra yuxarıda videogörüntülərdəki danışığların qeyd olunduğu üzrə də, həmin görüntülərdə görünən Cavabdeh tərəfində metallom alması və əvəzində maşın verməli olduğu, lakin videogörüntülərin qeydə alındığı zamanadək də hələ də maşının İddiaçı adına rəsmiləşdirilmədiyi və metallom, yəni alınmış dəmirlərin 5 gün ərzində pulunun qaytarılacağı barədə razılıq əldə olunur. Həmçinin çəkişmə prinsipinin mahiyyətinə uyğun olaraq qeyd edilməlidir ki, iddiaçı ilkin olaraq öz əsaslandığı halları sübut edəcək, 1 ədəd CD diskdəki videogörüntüləri, həmçinin öz tələbində göstərdiyi halları təsdiq edən şahidi məhkəmə iclasına təqdim etsə də, Cavabdeh isə Niva markalı avtomobilin İddiaçı adına rəsmiləşdirilməsi, pulun geri qaytarılmasıla bağlı, habelə, pulun alınmaması barədə, ümumiyyətlə, heç bir sübut yaxud da dəlil təqdim etməmişdir. Həm təqdim olunmuş CD diskdəki videogörüntülərdən, həm şahid ifadəsindən, həm də məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə məlumatlandırılmasına baxmayaraq, iddia tələbinə qarşı heç bir sübutlarını, dəlillərini, habelə mövqeyini bildirməyən Cavabdeh qarşı məhkəmə hesab edir ki, İddiaçı öz hüquqlarının məhkəmə qaydasında müdafiəsində haqlıdır və 1200 manat məbləğdə pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmalı olduğundan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat məbləğdə dövlət rüsumu cavabdehdən tutuluraq iddiaçıya verilməlidir. NƏTİCƏVİ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1200 manat və məhkəməyə iddia ərizəsilə müraciət etmək üçün ödənilmiş 50 manat məbləğdə pul vəsaitinin cəmi 1250 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddət keçdikdən sonra növbəti gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar